Skip to main content


Qurandakı “Günəşin palçıqlı suda batması” ifadəsi elmə ziddirmi?

Ateistlərin iddiası: Quranda Kəhf surəsinin 86-cı ayəsində Günəşin palçıqlı suda batdığı yerdən bəhs edilir. Bu da elmə ziddir.

Cavab: Kəhf surəsi 86-cı ayədə deyilir: “Nəhayət, Günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. O, çeşmənin yanında (Allah`ı tanımayan, kafir) bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara (imana gəlməsələr) əzab da verə bilərsən, (haqq yola dəvət edib) onlarla yaxşı rəftar da edə bilərsən!”

Əvvəla, diqqət etsək bu ayədə “Günəş palçıqlı suda batır” deyə qəti bir ifadə, hökm və ya iddia yoxdur. Ayədəki dəqiq ifadə “Zülqərneyn günəşi palçıqlı suda batarkən gördü” kimidir. Yəni ki, burada Günəşin batışı Zülqərneynin gözləri ilə bədii şəkildə təsvir olunur. Bundan başqa ərəb dilində suda batmaq (ğarq) və Günəşin batması (ğarb) fərqli sözlərlə ifadə edilir. Əgər ateistlərin iddia etdikləri kimi, ayədə Günəşin bir palçıqlı suda batdığı nəzərdə tutulmuş olsaydı, onda ayədə “ğarq” sözü işlədilməli idi. Halbuki, Günəşin batması üçün “ğarb” feli istifadə edilmişdir (Kəhf 86). Bu da nəzərdə tutulan mənanın nə olduğunu açıqlayır. 
     Buradan anlaşıldığı kimi həmin ayədə Günəşin palçıqlı suda batdığı deyilmir. Sadəcə olaraq Günəşin batışı anı Zülqərneynin gözü ilə bədii formada ifadə edilir. Əslində bu “vizual təsvir” şəklində istifadə edilən bir termindir. Hətta indinin özündə belə elmi məqalələrdə meteoroloqlar da “Günəşin doğması və ya batması” kimi bədii ifadələr işlədirlər. 

Quranda “ğarb” sözü istifadə edilib və “Günəşin batdığı yer” deyilməsi insanların müşahidələrinə istinadən zikr edilmişdir. Quranda suda batmaqdan bəhs edildiyi zaman isə Fironun suda boğulması (Bəqərə 50) nümunəsində olduğu kimi “ğarq” sözü istifadə edilir.

Əslində bu cür ifadələrdən başqa dillərdə də istifadə olunur. Məsələn, ərəb dilində olduğu kimi ingilis dilində də suda batmaq və Günəşin batmasını ifadə edərkən fərqli fellərdən istifadə edilir. Belə ki, ingiliscə suda batmaq üçün “drown” yaxud “sink” feilləri işlədildiyi halda Günəşin batması üçün “set” feilindən istifadə olunur. Eyni qayda rus dilində də var. Rus dilində sudabatmağı təsvir edərkən “тонуть” feilindən, Günəşin batmasını təsvir edərkən isə “заходить” feilindən istifadə olunur.

Bu kimi ayələrdən ərəbcə məlumatı olmayan kütləni aldadıb sosial şəbəkələrdə reytinq yığmaq üçün istifadə edənlər bilsin ki, yalanın ömrü az olar. Gec ya tez həqiqət üzə çıxdıqda əlbəttə insanlar doğrunu görəcək və necə aldadılıb inancları ilə oyun oynanıldığını biləcəklər. Allahın olmadığını iddia etsə də, daim Quranı Kərimi müzakirə mövzusuna çevirməklə ateistlər əslində Allahın var olma fikrindən tamamilə qurtula bilmədiklərini etiraf etmiş olurlar.