Skip to main content


Dəyişir


Bir həqiqətdi ki, hər saniyə dövran dəyişir,
Dəyişildikcə bu dövranımız insan dəyişir.
Elə varlıqdı ki, insan deyilən bu məxluqat,
Gahi nöqsanlar edir, gahi tövbələr hər saat,
Təkcə şeytandı dəyişməz, dəyişsə də kainat,
Hiylənin növlərini sadəcə şeytan dəyişir.
Dəyişkən aləmə çox duyur nəfs gərəkləri,
Istəyir ki, dəyişə hər dəfə bərbəzəkləri,
Çoxsunun ürəklərdə qalır arzu, diləkləri,
Anidən bəzəkli dünyasını bir an dəyişir.
Çox çıxdı əhdə xilaf Adəm oğlu, xaindi,
Özü öz nəfsinə hey zülm elədi, miskindi,
Törədir fitnə fəsadlar, bu səbəbdən indi,
Yerin üstündə nizam, səliqə səhman dəyişir.
Nəfsimiz meyl elədikcə masiyət, günahlara,
Ləkələndi qəlbimiz həm üzümüz oldu qara,
Diqqət etsən dəyişibdir təbiət də bu ara,
İllərdi dəyişməyən səmtini ümman dəyişir.
 
Tülkülər giribdi şir cildinə aslanlıq edir,
Çaqqal da məcbur olub tülküyə dovşanlıq edir,
Canavarlar dəyişib yerişini ceyranlıq edir,
Yoxdu keçmişdən əlamət daha, orman dəyişir.
Mizanda günahlarmızın sayı çox basmış ağır,
Ol səbəbdən ümmətin başına hər an bəla yağır,
Boş durma, dua eylə, yardıma Allahı çağır,
Qadirdi hər şeyə O, istəsə her yan dəyişir.
Nəfsimiz xeyli günahlarda etsə də iştirak,
Bizə rəhm et uca Rəbbim, bizi Sən etmə həlak,
İslah et nəfsimizi, gələk Qiyamət günü pak,
Anbaan qəlbimizdə oynuyur iman dəyişir.
Muhəmməd Cureyc