Skip to main content


Qəlb ağlıyar gözdən qabaq.

Ev, qırqızıl, pul, imarət

Dünya aldanışdır, fəqət,

Məzlum var ki, tapmır yağ, ət,

Cah-cəlaldan xeyli uzaq,

Hərgah yanına getsən qonaq,

Qəlb ağlıyar gözdən qabaq.

 

Gözəldir Cənnət bağları,

Hurilərnən çardağları,

Daş-qaşdandır torpağları,

Axır baldan, süddən bulaq.

Cəhənnəmdən versəm soraq,

Qəlb ağlıyar gözdən qabaq.

 

Ey dünənki, aciz körpə,

Bugün vaxtdır, eylə tövbə,

Yoxsa sabah gələr növbə,

Haqlar səni anidən haqq,

Söz tapmaz desin dil dodaq,

Qəlb ağlıyar gözdən qabaq.

 

Qiyamətin dəhşətindən,

Heç kim qurtulmaz çətindən,

Övladını ana bətnindən,

Hətta salar düşmən sayaq,

Bir yad kimi verməz maraq,

Qəlb ağlıyar gözdən qabaq.

 

Qurular bir gün məhkəmə,

Edilməz yardım heç kimə,

Hər kəsi bürüyər vahimə,

Istər böyük, istər uşaq,

Hətta olar saç ağappaq,

Qəlb ağlıyar gözdən qabaq.

 

Muhəmməd Cureyc