Skip to main content


Sevirik

E'tiraf eyləməsək də, səni dünya, sevirik,

Bəsləyib könüllərdə gizlicə sevda, sevirik.

 

Gidi dünya, ağuşunda xeyli insan yaşayıb,

Hərə bir yolla sənin yükvü əzabnan daşıyıb,

Bir zamanlar səni ərlər üç talaqnan boşuyub,

Biz isə əksinəyik, şövq ilə ə'la sevirik.

 

Bu hədisdir ki, əgər fani dünyanın dəyəri,

Olsaydı ağcaqanadlarda qanad tək qədəri,

Su verilməzdi içə, kafir adamnan ötəri,

Bilirik biz bu reallıqları amma, sevirik.

 

Şahiddir insan özü nəfsinin acgözlüyünə,

Bu bir ibrətdi Adəm oğlunun acizliyinə,

Bu qədər həddi aşan sevginin caizliyinə,

Hansı alim veribdi bizlərə fətva, sevirik?

 

Nəfsə xoş gələn, ləzzət edən həyatda hər nə var,

Misal üçün telefon, pul para, həm bilgisayar,

İnci, mirvari, maşın, dəbdəbəli yurd-yuvalar,

Fanilik rəmzi olan bir sürü əşya sevirik.

 

Bülbül eşqiylə yanan ətirli güllər kimiyik,

Sevgimiz coşub- daşır, aşiqə bənzər kimiyik,

Dəli Məcnun ilə nisbətdə bərabər kimiyik,

O, bu aləmdə sevibdir necə Leyla, sevirik.

 

Dünyanı itirdikdə sanki sətəlcəm tuturuq,

Ağlayıb uşaq kimi, hər gecə matəm tuturuq,

Məhz onunçün səni həm qucaqlayıb, həm tuturuq,

Biz sənə eyləmərik xəyanət əsla,sevirik.

 

Yaş çoxaldıqca hər insanda artır arzu-dilək,

Bu gözəllikləri görsün, necə sevməsin ürək?

Fürsət olsaydı, ölənnən sonra,bir xatirə tək,

Yazardıq hər daşa, hər torpağa imza: SEVIRIK.

 

Muhəmməd Cureyc