Şübhə 1: İslam çoxarvadlılığı təbliğ edir

1. İslam təkarvadlılığın hökm sürdüyü dünyaya çoxarvadlılığı təqdim etməyib. Əksinə, tarixin hər bir dövründə mövcud olan limitsiz çoxarvadlılığı maksimum dörd arvada icazə verməklə məhdudlaşdırmaqla kifayətlənməyib, həm də çoxarvadlı kişilərin öhdəlik və məsuliyyətini də artırıb.

2. Qədim Yunan və Roma mədəniyyətlərindən miras qalan Qərb monoqamiyasında kişinin eyni anda birdən çox qadınla evlənmək hüququ olmasa da, əsasən kölə olan əhalidən dilədikləri qədər məşuqə əldə edə bilərdilər. Müasir Qərbdə əksər evli kişilər məşuqə, qız dostları və fahişələrlə nikahdankənar münasibətdə olurlar. Xülasə, qərblilərin təkarvadlılıq iddiası yalandan başqa bir şey deyil.

3. Təkarvadlılıq məntiqə ziddir. Bir kişi qayğısına qalacağı, uşaqları onun soyadını daşıyacağı, uşaqlarının maddi və mənəvi ehtiyaclarını qarşılayacağı ikinci qadınla evlənmək istəsə, həmin kişi cinayətkar, əxlaqsız hesab edilər və hətta illərlə azadlıqdan məhrum da edilə bilər. Lakin həmin kişinin çoxlu sayda məşuqəsi və nikahdankənar uşaqları olarsa, o, tam qanun çərçivəsində iş görmüş sayılar.

4. Kişilər insan cəmiyyətində mövcud olan ehtiyacdan dolayı çoxarvadlılığa meylli olaraq yaradılıblar. Əksər cəmiyyətlərdə qadınlar adətən sayca üstünlük təşkil edirlər. Bu üstünlük kişilərin müharibələrdə, qəzalarda və s. daha çox ölmələri və qadınların kişilərdən daha uzunömürlü olmalarına görədir. Dövrümüzdə homoseksuallığın artan sürətlə inkişaf etməsi də kişilərin sayının azalmasına az töhvə vermir. Hökumətlər çoxluq olan qadınların ehtiyaclarını təmin etmək üçün bir tədbir görməsələr, bu hal cəmiyyətdə pozğunluğun daha da artmasına səbəb olacaq. Misal üçün 2-ci Dünya Müharibəsindən sonra Almaniyada çoxarvadlılığın qanuniləşdirilməsi təklifi kilsə tərəfindən rədd olunur. Bunun nəticəsi olaraq bugün Almaniyada fahişəlik qanuniləşib. Almaniyada fahişəlik digər peşələr kimi bir peşə hesab olunur. Onlar bütün digər vətəndaşlar kimi tibbi sığorta xidməti ilə təmin olunublar və “qazanc”larından dövlətə vergi ödəyirlər. Bundan əlavə, cəmiyyət ailə institutuna barmaqarası baxdıqca demoqrafik böhran get-gedə dərinləşir.

5. Çoxarvadlılıq sifilis və QİÇS kimi öldürücü və yoluxucu xəstəliklərin yayılmasının qarşısını alır. Bu cür zöhrəvi xəstəliklər nikahdan kənar münasibətlərin tüğyan etdiyi nizamsız cəmiyyətlərdə yayılır.

6. Çoxarvadlılıq cəmiyyətdə qadın və uşaqların maraqlarını qoruyur. Belə ki, çoxarvadlılığın qadağan olunması ən çox kişilərə sərf edir, çünki bu qanun onları qadınlar və onlardan törəyən uşaqların qarşısında məsuliyyətdən azad edir. Leqal çoxarvadlılıq kişilərdən 2, 3 və 4-cü həyat yoldaşları və onlardan olan uşaqlar üçün maddi və mənəvi qayğı tələb edir. Təkarvadlılıq isə kişilərə heç bir məsuliyyət tələb etməyən nikahdankənar münasibətlərlə könül əyləndirməyə imkan verir.

7. Müsəlman cəmiyyətində yalnız az qism kişilər çoxarvadlılığı həyata keçirə bilir. Müsəlman ölkələrində çoxarvadlılıq qanuni olsa da, həmin ölkələrdə evli kişilərin cəmi 10-15%-i çoxarvadlıdır. Əksər kişilərin birdən çox qadınla evli olmağı üstün tutmalarına rəğmən onların birdən çox ailəni təmin etməyə maddi imkanları yoxdur. Birdən çox ailəni maddi yöndən təmin etməyə qadir olan kişilər isə sırf psixoloji gərginlik yaşamamaq üçün birdən çox qadınla evli olmaqdan çəkinirlər. Çünki çoxarvadlı ailələrdə məişət problemləri də çox olur.

8. Bir çox müsəlman ölkələrdə çoxarvadlılığa İslamda olmayan bəzi şərtlər daxil edilib. Məsələn, Misirdə ikinci qadınla evlənmədən öncə kişi birincisindən icazə almalıdır. Bu və buna bənzər şərtlər həmin ölkələrdə vaxtilə qərb müstəmləkəçilik hakimiyyətinin beyinləri bulandırdığından xəbər verir. İslamı şüurlu şəkildə tam qavramış qadınlar istisna olmaqla, heç bir qadın ərinin ikincisi ilə evlənməsinə izn verməz. Bu cür şərtlər irəli sürmək Allahın Quranda icazə verdiyinə ikrahla yanaşmaqdan irəli gəlir. Həmçinin qeyd etməliyik ki, ikinci qadınla evlənməyə niyyət etmədən öncə birinci həyat yoldaşından icazə almaq şərt olmasa da, onu buna psixoloji yöndən hazırlamaq mütləqdir. Çünki ikincini qazanmaq naminə birincini itirmək böyük problemlərə səbəb ola bilər. Bu cür vəziyyətlərdə ümumən sosial psixologiya, xüsusən isə kişinin mənsub olduğu ailənin mədəni kimliyi və altyapısı nəzərə alınmalıdır. Bu məsələ təfsilat tələb etdiyinə görə məqaləni lüzumsuz yerə uzatmaq istəmirəm.

9. Bəziləri isə çoxarvadlılığı şəhvət niyyətli olmaması şərti ilə qəbul edirlər. Yəni əgər birinci qadın xəstə və ya sonsuzdursa, yaxud kişinin cinsi ehtiyacını ödəmək iqtidarında deyilsə, kişi ikinci qadınla evlənə bilər. Bu kimi halların xaricində ər ikinci qadınla evlənsə, öz şəhvətinə görə bunu etmiş olar və bu əməl caiz olmaz. Bu, çox qeyri-real və qeyri-islami bir yanaşmadır. Belə ki, kişi birinci yoldaşı ilə evlənərkən də işin içində şəhvət var idi. Nəyə görə birinci evlilikdə bu məqbul hesab edildiyi halda ikincidə qəbuledilməz olur? Yuxarıda da qeyd edildiyi kimi kişilər fitrətən poliqamdırlar (çoxarvadlılığa meyllidirlər). Bu fitrəti dəyişməyə cəhd etmək cəmiyyətdə yalnız fəsada yol açacaq.

10. Kişilərin sözügedən hüququna feministlər qadınların da eyni hüquqa sahib olmalı olduqlarını iddia etməklə qarşı çıxa bilərlər. Halbuki, dörd kişi ilə eyni anda evli olan qadın bununla yalnız yuxarıda qeyd etdiyimiz qadınlarla kişilərin say nisbəti ilə bağlı olan problemi daha da dərinləşdirəcək. Bundan da betəri, uşaqların hansı kişidən olduğu bəlli olmayacaq və hansı sülaləyə məxsus olduğu məlum olmayan, xaos içərisində olan bir kütlə formalaşacaq.

11.Sual verirlər ki, “Əgər Allah yaxşılığı əmr edirsə və qulları üçün də yalnız xeyir arzulayırsa, nəyə görə qadınlar üçün zərərli olan bir qanun ortaya çıxardır?” Əvvəla onu deyim ki, çoxarvadlılığın qadın üçün heç də zərərli olmadığını yuxarıda qeyd etmişik (4, 5 və 6-cı maddələrə bax). Bundan əlavə, ilahi qanun fərdlərin ayrı-ayrılıqda nümayiş etdirdikləri kaprizləri yox, cəmiyyətin ümumi mənafeyini nəzərə alır. Müəyyən bir qanun cəmiyyətin əksəriyyəti üçün faydalı olduğu halda, az bir qismin emosiyalarına zidd olsa belə, cəmiyyətin ümumi rifahı daha üstün tutulur.

Ardı var...

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.