Skip to main content


İslami zövq və estetika anlayışı

İndi sizə axsadığımız bir məsələdən yazıram. Bu məsələ uşaqlarımıza İslami zövq, estetika anlayışı verməkdir. 
Baxıram, xüsusi ilə qız övladı olan müsəlmanlar bu məsələdə ciddi axsayırlar. Onlar övladlarını hicaba psixoloji və mədəni zövq əsasında hazırlamırlar. Hətta bəzən ifrata gedən bir övladla rastlaşırsan ki, onu nəinki hicab, normal iffətli geyim tərzində belə geyindirilmirlər.  İffətin önəmi haqqında övladları ilə danışan valideynlərə də az rast gəlirik. Övladları, onlara hələ fərz olmayan ibadətlər ilə yükləyən müsəlman valideynlər övladlarına ilk öncə İslami zövqü aşılamalıdırlar. Hərdən paylaşılan şəkillərdə müsəlman balaların duruş tərzləri məni ağladır: Amerikansayağı duruşlar, cahiliyyə açıq saçıqlığı və s.

Müasir dalğalar, feminizm, ifrat liberalizm, radikal iffətsizliyə qarşı tolerant yanaşma bucağından dini yozmayaq. Din həyatı ayarlamaq üçündür, həyat dini ayarlaya bilməz. Baxırsan, həyatda dost, yoldaş ola bilməyənlər, “dost olaraq Allah yetər” ifadəsini öz nəfsinə uyğun şərh edir. Sanki adamdan dost olmaz. Axı bu belə deyildir.  Əli bərk olanlar qənaətin, lüks sevənlər Süleyman əleyhissalamın, şəhvətpərəstlər çoxevliliyin, çoxevlilikdən qaçanlar ədalətli olmağın arxasına sığınır. 

Dəyərli dostlarım, övladlarınızın zövqlərini şəriətlə tərbiyə edin ki, sonra onların zövqləri din anlayışınızı dəyişməsin. Çoxları övladlarını cahiliyyə adətlərindən qorumamaqlarına, onların hələ həddi-buluğa çatmamaqları və bu səbəbdən İslami hökmlərin onlar üçün hələ vacib olmaması ilə haqq qazandırmağa çalışır. Halbuki, mükəlləf olmaq başqa, İslami tərbiyə isə tamam başqa şeydir. İslami tərbiyə ən başda doğru ana seçimi ilə başlayır. Yəni torpağın münbitliyi ən vacib məsələdir. Əlbəttə ki, uşaqlara İslamı rituallardan, içində ruh olmayan ayinlərdən və ya əzbərçilikdən ibarət bir din kimi  təqdim etmək də çox təhlükəlidir. Bu səbəbdən “İslami estetika" formalaşdırmaq labüddür. Uşaq dinin yalnız cəsədini (ayinlər və əzbərlər) yox, onun ruhunu (əqidə, əxlaq və sevgi) hiss etməlidir. Gerisi özü gələcək, Allah`ın izni ilə.