Sual 16- Lə iləhə illəllah demək kifayətdirmi?

      Allah təalanın bu açarın dişlərini açıqlayan bir çox ayəsi, Rəsulu salləllahu əleyhi və səlləmin isə bir çox hədisləri vardır. Belə ki,    “Kim ixlasla, səmimi olaraq Lə iləhə illəllah deyərsə …”, “Kim qəlbi ilə qəti olaraq, yəqinliklə “Lə iləhə illəllah” deyərsə …”,  “Qəlbi ilə sidq ilə istəyərsə…”.

Bu və buna bənzər digər hədislər Cənnətə girməyə can atan hər bir kəsi bu kəlmələrin mənasını bilməyə, ölənə qədər onlar üzərində sabit qalmağa, əməl etməyə bağlamışdır. İslam alimləri kəlmeyi-şəhadətin Cənnətin açarı ola bilməsi və sahibinə fayda verəməsi üçün maneələrin olmaması ilə bərabər lazım olan şərtləri ortaya qoymuşlar. Bu şərtlər açarın dişləridir.

Elm

Müsəlman elm ilə bu kəlməni deməlidir. Yəni “Lə iləhə İlləllah” sözünün mənasını tam anlamalıdır. Çünki mənasını bilmədən bu sözü söyləmək fayda verməz. Bunun mənası isə Allah`dan başqasının ilah olduğunu rədd etmək və yalnız Onun ilah olduğunu qəbul etməkdir. Yəni “Allah`dan başqa haqq məbud yoxdur” deməkdir. Uca Allah buyurur:

 “Bil ki, Allah`dan başqa heç bir ilah yoxdur. (Muhəmməd 19)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Kimə Allah`dan başqa haqq ilah olmadığını bildiyi halda ölüm gələrsə Cənnətə girər”. Hədisi Müslim rəvayət etmişdir.

Yəqinliklə inanmaq

        Yəqinlik kəliməsinin mənası şübhəni aradan qaldırmaqdır. Bu o deməkdir ki, “Lə iləhə İlləllah” kəlməsinə tam əminliklə inanmalıyıq. Çünki İman şübhə və tərəddüd qəbul etməz. Quranda bu haqda buyurulur:

“Möminlər ancaq Allah`a və Onun Rəsuluna iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır”. (Hucurat 15)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Allah`dan başqa ilah olmadığına və Allah`ın peyğəmbəri olduğuma şahidlik edirəm. Bu kəlmələrə qəti olaraq inanaraq Allah`a qovuşan bir qul mütləq Cənnətə girər”. (Müslim/İman 10)

İxlas (səmimiyyət)

İxlaş şirki ərdd etməkdir. Allah təala buyurur: “Xalis din ancaq Allah`ındır”. (Zümər 3) İxlas həmçinin bu sözləri söyləyərkən insanın sadəcə Allah`ın razılığına ümid etməsidir. Digər bir ayədə isə buyurulur:

“Halbuki onlara, dini məhz Allah`a məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!”. (Beyyinə 5)

Allah Rasulullah salləllahu əleyhi və səlləm buyurur: “Qiyamət günü insanlar arasında mənim şəfaətim nəsib olan ən xoşbəxt şəxs, qəlbindən ixlaslı bir şəkildə “Lə iləhə illəllah” deyəndir”. (Buxari/Elm 33, Riqaq 51, İmam Əhməd 1/173-174)

Məhəbbət

Mömin bu kəlmələri sevdiyi kimi bu kəlmələrlə əməl etməyi və əməl edənləri də sevər. Qulun Rəbbini sevməsinin əlaməti nəfsinə xoş gəlməsə də Allah`ın sevdiyi şeyləri etməsi, Allah və Rəsulunun dost etdiyi kimsələri dost seçməsi, onun düşmən etdiklərinə düşmən olması, Peyğəmbərinə tabe olması, onun yolu ilə getməsi və rəhbərliyini qəbul etməsidir. Allah təala buyurur: “Onlardan bəziləri Allah`dan başqasını Allah`a şərik qoşurlar və onları Allah`ı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allah`a sevgisi isə daha güclüdür”. (Bəqərə 165)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur: “Üç xislət vardır ki, kimdə olarsa imanın dadını almışdır: Allah`ı və Onun Rəsulunu hər kəsdən daha çox sevmək, sevdiyi bir şəxsi Allah üçün sevmək, Allah onu küfrdən qurtardıqdan sonra təkrar küfrə dönməkdən cəhənnəm oduna atılacaqmış kimi qorxmaq”. (Buxari/İman 8, 13, Müslim/İman 67, Tirmizi/İman 10; Nəsai/Faith 3)

Sidq (sadiq olmaq)

Sidq qəlbdəki nifaqın qarşısını alar. Çünki münafiq (iki üzlü) olan kəs dili ilə dediyini qəlbiylə təsdiqləmir. Yəni müsəlman bu kəlməni deyərkən sidq ürəkdən doğrulayaraq söyləməlidir.

        “Biz onlardan əvvəlkiləri (keçmiş ümmətləri) də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da (həqiqi iman sahiblərini də), yalançıları da çox gözəl tanıyar!” (Ənkəbut 3) “Haqqı gətirən və onu təsdiq edənlərə gəldikdə, (məhz) onlar sadiqlərdır”. (Zümər 33)

Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurur: “Kim Allah`dan başqa ibadətə layiq ilah olmadığı və Muhammədin Allah`ın Rəsulu olduğuna qəlbi ilə təsdiq edərək ölərsə, Cənnətə girər”. (Əhməd ibn Hənbəl, Müsned)

Bu kəlmənin gətirdiyi vaciblərə əməl etmək

Bunlar Allah`ın rızasını qazanmaq məqsədi ilə edilən əməllərdir. Yəni Allah`ın əmr etdiyi şeyləri etmək və qadağan etdiyi şeylərdən çəkinməkdir. Bu davranış tam təslimiyyətin tələbidir. Bu, həm də tövhidə tam olaraq bağlanmaq deməkdir. Bu, imanın əsl ölçüsü və əməl göstəricisidir. Belə ki, Allah təala buyurur:

“Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən şəxs ən möhkəm qulpdan yapışmış olar. Bütün işlərin sonu Allah`a qayıdır”. (Loğman 22)

Dinin gətirdiyi hər bir şeyi qəbul etmək

İstər qəzəbdən, istərsə də inadla kim tövhid çağırışını qəbul etməz rədd edərsə bu şəxs kafir olar. Allah təala bu kəlməni rədd edənlər haqda belə buyurmuşdur:

“Çünki onlara: “Allah`dan başqa ilah yoxdur!”– deyildikdə təkəbbür göstərirdilər”. (Saffat 35)

Əziz insanlar! Unutmayaq ki, bütün bü şərtlərlə bərabər ölənə qədər bu kəlmələr üzərində sabit qalmaq gərəkdir!

 

 

 Faydalı dərslər-3: Əməllərin boşa çıxması

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.