Nəsihət – islah, yoxsa ifsad?

Bəs nəsihət özlüyündə nə deməkdir?

Dilçilik nöqteyi-nəzərindən baxıldıqda “Nəsihət” pak olan bir şey deməkdir. Yəni pozğun və çirkin olan hər bir şeydən paklanma. Adətən bu söz “səmimiyyət” və ya “səmimi məsləhət” mənasında tərcümə olunsa da, əslində hər növ yaxşılığı əhatə edir. 

Hər birimizin özünə xas olan pis xüsusiyyətlərə qarşı apardığı mübarizə hər gün və hətta hər saat gedən bir döyüşdür. Elə bir döyüş ki, orada təkbaşına qalib gəlmək mümkün deyil. Xeyir və Şər arasında gedən amansız mübarizədə qələbəni təmin etmək üçün Allah Öz sonsuz rəhmətindən möminlərə ən güclü silahı vermişdir – qardaş nəsihəti. Nəsihət effektli bir silah olsa da, əksər silahlar kimi düzgün istifadə edilmədikdə xeyirdən çox zərər gətirər.

Yuxarıdakı hədisdə qeyd edildiyi kimi nəsihət ilk öncə Allah`la başlayır ki, bu da Ona və Onun ad və sifətlərinə iman gətirərək ibadət etməkdir. 

İkinci olaraq Allah`ın kitabına nəsihət gəlir. Bu isə Quranın Allah`ın kəlamı olduğuna iman gətirməkdir. Qurana iman gətirmək isə anlaşmazlıqları həll etmək üçün mənbə olaraq ona müraciət etmək, onun içində yazılanlara sarılmaq və orada əmr olunanları yerinə yetirməklə yanaşı qadağan edilənlərdən uzaq durmaq deməkdir. 

Üçüncü olaraq Allah`ın Elçisi salləllahu aleyhi və səlləmə nəsihət isə onun son peyğəmbər olduğuna inanmaq və bu inancı onu sevərək və göstərdiyi yol ilə gedərək təsdiqləməkdən ibarətdir. Onun göstərdiyi yol ilə getmək isə yalnız onun sünnətinə sarılmaq və ona vəhy olunanlara zidd olan və sonradan uydurulanları (bidətləri) tərk etməklə mümkündür.

Daha sonra xalqın işlərini idarə etməklə vəzifəli olan müsəlman rəhbərlərə nəsihət gəlir. Bu isə onları dinləmək və yaxşı işlərdə onlara itaət edərək onlara qarşı qiyam qaldırmamaqla yerinə yetirilir.

Bəs sıradan müsəlmanlara nəsihət necə edilir?
Nəsihət – islah, yoxsa ifsad?

 

 

Onları dünya və axirətdə fayda verəcək istiqamətə yönəltməklə;

  • Zərəri onlardan dəf edib, onlara fayda verməklə;
  • Onlara özü üçün istədiyini başqaları üçün də istəməyi və özü üçün istəmədiyini başqaları üçün də istəməməyi öyrətməklə;
  • Onlara fayda verəcək şeyləri öyrətməklə;
  • Nəzakətli və səmimi bir şəkildə onlara yaxşılığı əmr etmək və pislikdən çəkindirməklə;
  • Onlara qarşı yumşaq olmaq, böyüklərə hörmət etmək, kiçiklərə qarşı isə rəhmət və şəfqətlə yanaşmaqla;
  • Onlara qarşı həsəd və kindən uzaq durmaqla;
  • Onların namusunu, şərəfini və malını qorumaqla.

 

Bu xüsusda Allah Quranda belə buyurur:

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ

Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri qadağan edər, namaz qılıb zəkat verər, Allah`a və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Tövbə surəsi 71)

Ona görə də yaxşılığı əmr edib, pisliklərdən çəkindirmək nəsihətdir. Bəs necə edək ki, nəsihətimiz müsbət şəkildə hədəfinə çatsın (nəsihət edilən tərəfindən qəbul olunsun) və bunu etməklə Allahın qəzəbini yox, rizasını qazanmış olaq?

Nəsihət etməyin ədəbləri

  1. a) Niyyətini düzgün tut

Nəsihət edən şəxsin niyyətində Allah`ın razılığının olması şərtdir. Yalnız  xalis niyyətlə yerinə yetirilən əməl Allah tərəfindən qəbul olunmağa və savaba layiq ola bilər. İçində ixlas olmayan niyyət Allah`ın qəzəbinə, insanların nifrətinə, nəsihətin isə rədd edilməsinə səbəb olur. 

  1. b) Nəsihət gizli şəkildə verilməlidir

Nəsihət yalnız gizli şəkildə edildikdə öz barını verir. Çünki belə olduqda nəsihət edilən şəxs başqalarının fikirlərindən daha az təsirlənmiş olur həm də bəzən başqalarının içində bir növ qarşı tərəfin qüsuru ortaya çıxmış olur ki, bu zaman nəsihət olunan şəxs nəsihəti təqhir kimi qəbul edə bilər. Səmimi məsləhətçi öz qardaşına camaatın qarşısında irad tutaraq şeytana yardım etməz və şeytanın bu nəsihəti rədd etdirməsinə izn verməz. Bu cür edilən nəsihət xeyirin qapılarını bağlayır və nəsihətin qəbul edilmə şanslarını azaldır.  

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ

Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizi pis ləqəblərlə (ey kafir, ey fasiq, ey münafiq və s.) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır! (Özlərinə zülm edənlərdir!)” [Hucurat surəsi, 11]

  1. c) Nəsihəti yumşaq şəkildə, nəzakətlə etmək

Nəsihətdən arzuolunan nəticənin hasil olması üçün gözəl bir üslubda və ədəbə riayət edilərək yerinə yetirilməsi vacibdir. Nəsihət edən anlamalıdır ki, nəsihətin qəbul edilməsi qapının açılmasına bənzəyir. Doğru açardan istifadə etmədiyin müddətcə onun açılması mümkün deyil. Nəsihət edilən kəsin qəlbində də qapalı qıfıla bənzər bir şey var. Belə ki, o, ya Allah`ın ondan tələb etdiyi bir şeyi tərk etmiş, ya da Onun qadağan etdiyi bir əməli icra etmişdir. Məsləhət verərkən nəzakət, təşviq edərkən incəlik və danışarkən yumşaqlıq qədər qəlbə yol tapan üsul yoxdur. Peyğəmbərimiz salləllahu aleyhi və səlləmin dediyi kimi: “Elə bir şey yoxdur ki, ona nəzakət əlavə edildikdə gözəlləşməsin və elə bir şey yoxdur ki, ondan nəzakəti çəkib aldıqda naqis qalmasın”. (Müslim)

  1. d) Qarşı tərəfi nəsihətinizə əməl etməyə məcbur etməyin

Hər hansı bir şəxsə ixlasla nəsihət etmək sıravi bir müsəlmanın üzərinə bəzən vacib olsa belə onun qarşı tərəfi öz nəsihətinə əməl etməyə məcbur etməyə heç bir haqqı yoxdur. Buna yalnız istisna hallarda müsəlmanların rəhbərinin və ya hər hansı bir hökmün icrası üçün qazının (məhkəmə hakiminin) haqqı çatır. Səmimi məsləhətçi xeyirə gedən yolu göstərər, lakin kiminsə boynuna yük qoymaz. Əks təqdirdə bu, nəsihət yox, qarşı tərəfi istismar etmək, ondan itaətkarlıq tələb etmək və onun idarəsini öz əlinə almaq demək olar.  

  1. e) Nəsihət etmək üçün düzgün vaxt seçmək

Nəsihət edən kəs bunun üçün uyğun vaxt seçməlidir. Belə ki, qarşı tərəf nəsihəti qəbul etmək üçün hazır olmaya bilər. Həmin an qarşı tərəf nəyəsə görə qəzəblənmiş, istədiyi şeyi əldə edə bilmədiyinə görə məyus olmuş, itirdiyi bir şeyə görə kədərlənmiş və s. halda ola bilər ki, bu da onun nəsihəti qəbul etməyinə mane olar.  

Bu xüsusda Abdullah ibn Məsud radiyallau anhu demişdir: “Qəlb bəzən (xeyrə) can atar və ayıq olar. Bəzən isə qəflətə düşər və itaətsizlik edər. Odur ki, o (qəlb) can atan və ayıq olan vaxt ondan (istədiyini) götür, qəflət və itaətsizlik içərisində olarkən isə ondan əl çək”. 

  1. f) Nəsihət Quran və Sünnətdən dəlillərlə birgə verilməlidir

Elm və fiqh (şəriəti anlama qabiliyyəti) olmayan yerdə saleh əməldən söhbət belə gedə bilməz. Ömər ibn əl-Xəttabın nəvəsi və saleh xəlifələrdən olan Ömər ibn Abdu`l-Əzizin dediyi kimi: “Allah`a elmsiz şəkildə ibadət edən kəs islahdan çox ifsad edər”.

Maksimum xeyirə nail olmaq üçün xeyiri əmr etmə və pisliklərdən çəkindirmə doğru yol (Sirat-əl-Müstaqim) üzrə icra edilməlidir. Sirat-əl-Müstəqim tələb olunan hədəfə çatmağın ən qısa yoludur.  

Nəsihət Allah`ın bizə olan əmridir. Allah Rəsulu salləllahu aleyhi və səlləm də bunu bizə əmr edib. Bu, islah etməyin formalarından biridir. Lakin yuxarıda qeyd eilən ədəbə uyğun olmayan bir tərzdə edildikdə fəsada yol açar.  Ən doğrusunu bilən isə, əlbəttə ki, Allah`dır.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.