Harama baxmağın fəsadları

Açıqlama:

İnsan bədəninin başdan ayağa hər hüceyrəsinə hakim olan Allah təala hər orqanımıza sərhədsiz azadlıq verməmişdir. Məsələn, eşitməyimiz üçün qulaq verib, o qulaqdan beynimizə qeybət səslərinin çatdırılmasını isə qadağan etmişdir. Bir mədə verib, o mədəyə haram tikə girməsini qadağan etmişdir. O haram tikə zəm-zəm suyu da olsa, Mədinə xurması da olsa, haram olduğu üçün icazə verməmişdir. Oruclu ikən sahur-iftar arası halal tikənin belə mədəyə girməsinə icazə verməmişdir. Namaz qılan və ya qılmayan hər hansı bir oruclu insanı inandıra bilməzsiniz. Onun iftardan qabaq bir şey yeməsi mümkün deyil. Mədəmizə hakim olan Allah təala gözlərimizə də hakimdir. Gözlərimizə görmə qabiliyyəti verən Allah bizə böyük lütf bəxş etmişdir.

Əks halda gözəllikləri görə bilməzdik. Hər orqanımızı halal dairəsində işlətmək hüququmuz var. Bu sərhədləri mülk sahibi müəyyən edir.Biz bu orqanlarımızı işlədərək ya savab ya da günah qazanırıq. Gözəl yaradılan bir çiçəyə baxaraq Allahın yaratdığını görür və dilimizlə təşəkkürlərimizi bildirir, savab qazanırıq. Həmin gözlərimizlə harama baxdıqda isə günah qazanmış oluruq.

Baxılması haram olan bir şeyə baxıb “kimə nə zərəri var ki?” demək Allahın hökmünü bəyənməmək və Allah`ı yersiz bir əmr verməklə günahlandırmaq olur (Allah bizi qorusun). Allah bir şeyə hökm veribsə, baxaq görək o hökmə necə davranmağımızı istəyir;

Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər. Allah`a və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür.(Əhzab 36)

Onlar cahiliyyə (dövrünün) hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allah`dan daha yaxşı hökm verən kim ola bilər? (Maidə 50)

Bəli! Allah təala hökm verənlərin ən gözəlidir. İndi isə harama baxmağın qəlbə olan təsirlərinə baxaq. Qəlb həkimi İbn Qayyim əl-Cövziyyə demişdir: “Allah təala gözü qəlbin aynası adlandırmışdır. Göz baxışına hakim olduqda qəlb də istəklərinə və arzularına hakim olar. Göz baxışını sərbəst buraxdıqda qəlb də istəklərini sərbəst buraxar. Baxış insanın başına gələn bütün hadisələrin qaynağıdır. Çünki bir baxış bir şeyin ağlına gəlməsinə səbəb olur. Ağıla gəliş düşüncəni, düşüncə arzu və istəkləri, arzu və istəklər də iradəni hərəkətə gətirir. Bu isə can atmağa çevrilir və sonunda fel gerçəkləşir. Bir əngəl çıxmadıqca bu nəticə qaçınılmazdır”.

Şair belə demişdir: “Hər pis şeyin qaynağı bir baxışdır. Atəşi böyüdən bir qığılcım kimi. Elə baxışlar vardır ki, qəlbə batar və sahibinin yaysız bir oxudur sanki. Gözü xoşbəxt edər, amma ruha zərər verər”.

İmam İbn Cövzi demişdir: “Bilinməlidir ki, göz qəlbə xəbərləri verən, rəsmləri ona naxış edən bir xəbərçidir. Beləcə, insanı axirətlə əlaqəli xeyirli və faydalı mövzularda düşünməkdən uzaqlaşdıran fikirlər məşğul etməyə başlayar”.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz

Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.