Ateizm və Allah: həqiqət nədir? (analitik baxış)

     Bu gün ateistlərin etdiyi iş inananların tezislərini tənqid etməkdən və ya rədd etməkdən ibarətdir. Ateistlər sadəcə nəzəri baxımından Allah anlayışını əleyhinə çıxırlar. Ancaq bir şeyin nəzəri baxımdan əleyhdarı olmaq o şeyin praktikada elə ola biləcəyi mənasını verməz. Bütün insanların zehnində Tanrı anlayışı vardır. Allaha inanmadığını söyləyən insanlar zehinlərindəki bu anlayışa sadəcə Allah adını vermək istəmirlər. Onlar da kainatda hakim olan (ya da görünən nizamın arxasında iştirak edən) gizli bir gücün, səbəbin, enerjinin, olduğunu ifadə etmişlər, tanrılıq funksiyası görən bir qanunun, anlayışın axtarışı içərisində olmuşlar. Materyalistlər təbiətə sonsuzluq, sərhədsizlik, yaradıcılıq, əzəlilik kimi xüsusiyyətlər aid etmişlər. Deməli əslində beyinlərdində olan idarəedici gücü Allahdan təbiət üzərinə köçürmüşlər. Nəticədə əslində şüur altı olaraq üstün bir güc anlayışı yox olmadı, sadəcə başqasının üzərinə köçürüldü.

            Ateistlik iddiasında olanlar dünyanın böyük partlayış nəticəsində təsadüfən yarandığını deyir. Bu qədər həyat sistemini özündə cəmləşdirən dünya necə sadəcə partlayışla formalaşıb? O zaman həmin proses digər planetlərdə niyə baş verməyib?  Ateizm ağla, məntiqə, isbata deyil, bir fikir sadəcə “doğrudur” deyə qəbul edər. Məsələn, təkamülçülüyə inanan ateistlər "Dünyada ilk dəfə həyat necə meydana gəldi?" sualına "təsadüfən" deyərlər. "Bir tək hüceyrədən digər varlıqlar mutasiya yolu ilə təkamül keçirərək necə meydana gəldi?" Bu da "təsadüfən". Yaxşı, bu təsadüflərin bir isbatı var mı? Təbii ki yox. Təsadüf, adından da bilindiyi kimi qaydası, isbatı olmaz. Lakin buna baxmayaraq ateist yaşayanlar “Mən belə deyirəm və bu belədir” deyərək, məntiqsiz düşüncəylə yaşamağa davam edər.

           Gəlin bir misala baxaq:   Həyatında televizor görməmiş bir qism insana, pultlu bir televizor versək və televiziyanın elmi olaraq necə işlədiyini soruşaq, məsələyə səthi baxan: "Televiziya qutusunda gördüyümüz görünüşün səbəbi pultdur” deyəcək. Ancaq məsələni dərindən araşdıran şəxs televizorun görüntü verməsi üçün mürəkkəb sxemin və proqramı yayımlayan studiyanın lazım olduğunu öyrənəcək. Bir TV görüntüsü üçün bu qədər sxem, icad lazımdırsa, kainatdakı həqiqi görünüşlər öz-özünəmi yaranıb? Hətta ən səthi düşünək, deyək ki görüntüyə səbəb pultdur, bu halda belə görüntü olması üçün pultu gərək kimsə bassın. Ən səthi baxsaq belə, Yer kürəsinin yaranışına səbəb olan o böyük partlayışın “pultuna” gərək Kimsə bassın və məhz dünyada həyatın yaranması üçün xüsusi “sxem”i formalaşdırsın.

      Digər Misal: Fərz edək ki, başdan ayağa sirlərlə dolu və hələ heyrətlə öyrənilən insanın bədəni meymundan törəyibdir. Bildiyimiz kimi təbiət hadisələri təkrarlanandır, məsələn fəsillərin dəyişməsi, suyun buxarlanması və yenidən yağış halında torpağa düşməsi və s. Bəs onda meymundan insan əmələ gəlmə prosesi  min illərdir niyə təkrar baş vermir? Bu əgər təbiət hadisəsidirsə təkrarlanmalı deyildimi? Yenə canlı DNA'larındaki bənzərliklərin təkamülə dəlil olduğu iddia edilir. Halbuki bu, təkamülə dəlil deyil. Canlıların oksigen, su, yemək və s. kimi təməl ehtiyaclı bir dünyada bənzər quruluşda yaranması normal haldır. Nəticədə eyni mühiti paylaşan və demək olar eyni ehtiyaclara sahib varlıqlarda təməl yaşam üçün bənzər daxili bədən quruluşunun olması xeyli normaldır.

      Arılaramı yoxsa arı balını araşdırıb xeyli xəstəliklərə çarə olduğunu (mövcud olanı) sadəcə ortaya çıxaran elm adamlarınamı Nobel Mükafatı verək?- Elm kəşf etmədən öncə də bal möcüzəvi olaraq mövcud idi. O zaman “mükafat” onu Yaradana aid deyilmi?  Elmdə bu qədər irəliyə gedən alimlər texnologiya vasitəsilə heç bir təbii mənbə istifadə etmədən sıfırdan buğda düzəldib onu torpaqda cücərdə bilərmi?” –cavab məlumdur, xeyr. Çünki o buğda dənəsindəki həyat sirri Birisinə aiddir. Elm yalnız mövcud olanı kopyalamaqla nəsə ortaya çıxara bilir. Bu gun elm sübut edir ki, canlı varlığın yaranması üçün təməl olan amin turşuları öz-özünə birləşərək zülal yarada bilmir, və bunun üçün mütləq canlı hüceyrələr lazımdır. Yəni elm kor-təbii olaraq həyat molekullarının yarana biləcəyi fikrini qəti şəkildə inkar edir.[1]

        Hər şeyin başlanğıcı varsa dolaysıyla Allahın da bir başlanğıcı olmalıdır deyə ateistlər fikir ortaya atır. Lakin Yaradan yaratdigi sistemə tabe olmalıdır deyə bir şey yoxdur. Misal üçün insan həm elektriklə, həm də benzinlə işləyən avtomobil icad edib. Ateist düşüncəli insanların sualı xəyalən avtomobillərin bir-birinə verdiyi bu suala bənziyir: Görəsən bizi icad edən adam elektriklə işləyir ya benzinlə?- Əlbəttə ki, sual gülməlidir çünki, insan öz ixtira etdiyi sistemdən asılı deyil ki onunla işləsin. Allah da yaşama, ölmə, sonradan varolma kimi sistemi məhz yaratdığı məxluqatı üçün qurmuşdur, özü öz yaratdığı sistemdən asılı deyildir.

         Ağıl insanı hər mövzuda düşünməyə sövq edir. Xüsusilə həyat və kainat üzərində dərin fikirlərə getməsinə gətirib çıxarır. İnsan həqiqətən düşünərsə, Allaha olan inancı güclənər əminlik artar. Ətrafımıza baxaq-dəniz yer, göy, bitki heyvanat aləmi-insan bunların hamısından yaşam və digər məqsədləri üçün istifadə edir. Müxtəlif funksiyaları yerinə yetirən aləm nızamının da var olmasının səbəbi insanın bundan faydalanmasıdır. Deməli hər şeyin yaranma səbəbi olduğu halda necə olur ki insan boş boşuna yaranıb? Əgər boş-boşuna və “təsadüfən” yaranmışıqsa o zaman 60-70 il ömrün nə mənası var? Onsuz da öləcəyiksə, ailə qurub, işləyib, ev eşik sahibi olmağın nə mənası var? Fərz edək ki, həyat ancaq bu dünyadan ibarətdir, bu qədər qısa həyat üçün yaranmağımızın özü bir ədalətsizlik olmazmı?

         Allah, mahiyyəti etibarilə dünyəvi bir varlıq deyil. Allah, kainatda mahiyyətcə deyil, xüsusiyyətləriylə, qanunları, gücü, dəyərlər, yaradıcılığıyla mövcuddur. Din "Tanrı vardır" deyərkən onun dünyamızın bir küncündəki, hər hansı bir varlıq kimi olduğunu iddia etməmişdir. Bu gün Allahı tanımaq üçün məntiq şərtini ortaya atanlar bu şərti pozmaqdan çəkinmirlər. Əgər məntiq gördüyünə inanmağı tələb edirsə o zaman başı ağrıyan insan bu ağrını göstərə bilmirsə deməli yalanmı danışır? Kimisə tanımaq üçün mütləq olaraq onu görmək şərt deyildir. Bir Misala baxaq:

        Fərz edin ki, məni tanımırsınız. Sizinlə üz-üzə görüşüb söz və hərəkətlərimlə özümü izah etmək yerinə, başqa iki yolla da özümü sizə tanıda bilərəm. Birincisi, sizə birisi vasitəsiylə, bir məktub göndərərək özümdən bəhs edə bilərəm. İkincisi, heç kimsənin təqlid edə bilməyəcəyi əsərlərimi sizə göstərərək özümü tanıda bilərəm. Sizlər də əsərlərimi baxaraq nə cür məharət sahibi biri olduğumu öyrənə bilərsiniz. Ateist inancına görə gərək biz dünyaca məşhur əsərləriylə özlərini tanıdığımız N.Gəncəvi, Fizuli kimi yazıçılarımızı inkar edək, çünki onları gözümüzlə görməmişik. Eynilə bu misaldakı kimi, Rəbbimiz də, həm peyğəmbərlər vasitəsilə göndərmiş olduğu mesajlarla (ilahi kitablarla) həm də kainatda hər an cərəyan edən proseslərlə Özünü bizə tanıdır. Hz. Məhəmmədin şəxsində bütün insanlığa göndərilən ilk əmrin "oxu" olması və ətrafına baxmaqla düşünməsinin istənməsi buna görədir.

      Niyə Allaha ibadət etməli mövzusuna gəldikdə isə bunu gəlin misalla anlayaq.  Fərz edək ki, valideynin səni durmadan hətta sən istəmədən yedizdirir içizdirir, həyatda şəxsiyyət kimi formalaşman üçün hər dəstəyi edir. Və sən onlara bir dəfə də olsun təşəkkür etmirsən, hər şeyə özün nail olduğunu iddia edirsən, hətta onlarla görüşmürsən, yenə də səni sevdiklərindən dolayı səni görmək üçün müxtəlif vasitələr axtarırlar, ama məhəl qoymursan, bu hal nankorluq deyildirmi? Allaha ibadət kimdənsə məcburən asılı olmaq deyil, əksinə sənə durmadan bəxş edənə təşəkkür etməkdir, əgər ateist təşəkkür etməyi qüruruna sığışdırmırsa, o zaman vicdanı və öz ədalətliliyi sual altındadır. Çünki Allah bəndəsini sevidiyi üçün elçilər yoluyla bəndəsinin Onunla görüşməsini, Onu tanımasını istəyir.

Əlbəttə insanın seçim haqqı vardır, istəsə təşəkkür edər, istəsə etməz. Burası da məlumdur ki, ateistlər bir yandan hər bir insanın müstəqil iradəsinin, seçim haqqının olduğunu dəstəkləyirlər. Lakin digər yandan tamahına uyub “günahkar çıxma” qorxusuyla Allahın seçim haqqı verməsini qınayırlar yəni bu yolla Allah olsaydı hamımız ibadət etməliydik deyirlər və özləri ədalət anlayışını çeynəyirlər. Aydındır ki, inkar edilməsi mümkün olmayan bir  Gücü inkar etməyə çalışdıqda bu cür gülməli və əks fikirli bəhanələr ortaya çıxacaq.

       Bu gün Quranda onlarla elmi sübutlar, yüzlərlə möcüzələr olsa da bəs nəyə görə ateistlər bunu görə bilmir və ya “dərk edə bilmir”? Səbəb- ateist inancına sarılanlar Quranı, Qurandan oxumaq yerinə bir neçə ateist yazarların şərhlərindən oxuyarlar. Quran Kərimin ayələrini tam olaraq anlamaq, möcüzələri görmək üçün bu ayələrin nazil olma vaxtı, məkanı və  səbəbini də  bilmək lazımdır. Digər önəmli məsələ isə ayələrin tam mənasını ərəbcə bilən insandan soruşmaqdır. Nəzərə alsaq ki, ərəb dili lüğətində milyondan çox söz var, Azərbaycan dili lüğəti isə sadəcə 110 mindir[2]. Deməli ərəbcə fərqli hadisəyə, və prosesə verilən ad azəricə qarşılığı olmayanda ortaq ad verilərək tərcümə olunur və nəticədə məna dəqiqliyi azalır. İnsanların da tərcümə Quranı istismar edərək özlərinə sərf edən kimi məna ortaya qoyması ədalətsizlikdir. Bəzən ayənin bir qismi qəsdən kəsilir ki, istənilən cümlə yaransın, halbuki ayə tam olduqda və yanındakı ayələrlə birlikdə oxunduqda daha düzgün məna çıxır. İlahi din dəyərlərdir, simvollar və bənzətmələr deyil.

       Deməli cəmiyyətimizdə ateizm heç də düşünmə və təfəkkür sayəsində yayılmır, başqasınıın əsərini oxumaqla onun fikirlərini mənimsəmək və təqlid etməklə yayılır. Çünki həqiqətən düşünən insan reallığı-Allahın varlığı üçün yaratdığı bu qədər sübutu dərk edə bilir. Əks halda insanın şüursuz varlıqdan nə fərqi olar ki? Bir qrup ateist yazar da müstəqil düşünüb analiz etmə qabiliyyətindən istifadə etməyən insanları  istədiyi istiqamətə yönəldir.      

        Mütləq inancsızlığın qeyri-mümkün olmasını, D. Hume (1711-1776), İ. Kant (1724-1804) və Volter (1694-1778) kimi filosoflar da etiraf etmişlər.

     David Hume: "Kainatdakı məqsəd və nizam bizi fərqinə varmadan ilk yaradıcının varlığının qəbuluna aparmaqdadır"[3]

  1. Səna: “Tanrı'sız bir ruh bütün həyat dayaqlarını və mənəvi varlığının şüurunu itirmiş bir robotdur”[4]

          Bütün insanlar daxili instinkt və  zehni baxımdan Tanrı inancına doğuşdan uyğundurlar.[5]

          “Bir çox cəhdlərə baxmayaraq, mən həyat mənbəyinin sadəcə bioloji nöqteyi-nəzərdən izah oluna biləcəyinə inanmıram.”[6]    Amerikalı Professor Patrik Glin, (Harvard ve Cambridge məzunu, ABŞ Prezidenti Reagan dönəmində siyasi danışmanlıq etmiş) uzun illər bir ateist olaraq yaşamasına baxmayaraq elmi dəlilləri yenidən incələdiyində Allahın varlığını qəbul etmişdir. "Tanrının Dəlilləri: post- Sekulyar Bir Dünyada Din və Elmin Uzlaşması" adlı kiyab yazmışdır.

          Son olaraq bunu demək istərdim: Ateistlər Allaha inancın məntiqlə uyğunlaşmadığını iddia edir. Halbuki, Fəlsəfi bir məktəb olaraq məntiq eliminin mütəfəkkirləri Dekart, Spinoza və Leibnitz kimi filosoflar belə,  Allahın varlığını sübut etmək üçün səy göstərmişlər.[7] Ateist yaşayanlar üzdə öz eqo və qürurlarından dolayı, daxildə isə “səhv çıxma” qorxusundan dolayı fikirlərinin müzakirəsini və sorğu-suala tutulmasını qətiliklə qəbul etməmişlər. Bütün lampaları söndürüb "Niyə ortalıq qaranlıqdır?" deməklə ətraf işıqlanmayacaq, gərək insan özü o işığı yandırsın.

QAYNAQLAR

 

 

[1] (George B. Johnson, Peter H. Raven, Biology, Principles & Explorations, Holt, Rinhehart and Winston, 1996 p. 235)

[2] (Azərbaycan dilinin orfoqrafiya lüğəti. Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 840 səh)

[3] (D. Hume, dialogues Concerning Natural Religion, s. 77)

[4] (“Tanrı anlayışı”, s. 586-609).

[5] (Paul Edwards,” Common consent arguments for the existence of God”, I / 154,")

[6] (A. Flew “İnterview”  November 1, 2007 DLH, İntelligent Design)

[7] (John Cottingham, The Rationalists, s.175-185). 

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar