Skip to main content


Qərb və İslam düşüncəsində Qadın

Biz müsəlmanıq. Ona görə də istənilən ictimai problemin nizamlanmasını Quran və səhih sünnət baxımından dəyərəndirə bilməliyik. Dövrümüzün ən qlobal problemlərindən biri qadın hüquqları məsələsi və eləcə də feminizmin həyatımıza ciddi təsiridir. Azərbaycan insanı olaraq biz, Şərqin və İslam ümmətinin tarixi inkişafının tərkib hissəsiyik. Ona görə bizim üçün önəmlidir ki, qadın problemini belə dəyərləndirək. Onlarda, yəni dünyada hakim olmağa çalışan sekulyar Qərb düşüncəsində qadın və bizdə, yəni İslamın hələ izlərini itirmədiyi milli düşüncəmizdə qadın.

Bizdə qadın ilk öncə ciddi şəkildə duyğuları ilə övladına bağlı olan anadır. Hərçənd ki, SSRİ dövründə qadınların istehsalat posesinə cəlb edilməsi ciddi şəkildə buna zərbə vurmuş, ancaq analıq müəssisəsini sarsıda bilməmişdi. Çünki bizdə qadınların məskəni daha çox övladları ilə birgə olduğu ev olmuşdur. Hətta istehsal müəssisəsində çalışan qadınlar belə işlərindən sonra evlərinə üz tutmuşlar.

Burada bir məqamı da qeyd edək ki, sovet quruluşunda ictimai əxlaqsızlığa səbəb olan əyləncə sənayesinin olmaması da məsələlərə təsirini göstərmişdir.
Evlərinizdə qərar tutun! İlk cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. namaz qılın, zəkat verin, Allah`a və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. (Əhzab 33)

Onlarda, yəni hakim edilməyə çalışan ifrat sekulyar Qərb dünya görüşündə isə qadının analıq hissi tamamilə fərqlidir. Müasir Qərbli pedoqoq və psixoloqlar bu gün, uşaq ağladığı zaman onu qucağa almamağı təlqin edir. Bu isə öz növbəsində şüuraltından analığın qətlidir. Bəs uşaq ağlayanda ana uşağı qucağına almırsa onun analığı nəyə lazımdır ki?

Kapitalist istehsal sisteminə ciddi şəkildə inteqrasiya edilən qadının duyğularında analıq hissinin getdikcə azalması təbiidir. Çünki kapitalizmin bir meyyarı vardır ki, o da mənfəətdir. Uşaq mənfəətə uyğun deyil, əlavə xərcdir, zaman itkisidir. Hətta bir sıra hallarda ev heyvanı saxlamaq ondan daha sərfəlidir.
Analıq evlilikdir, bir kişi ilə qarşılıqlı öhdəlikdir, zaman ayırmaqdır, yorulmaqdır. Ona görə analıq hissinin qətl edilməsi post modern kapitalizm kabusunun əsas hədəflərindəndir. Bizim ənənəmizdə isə ana xüsusi bir dəyərdir. Analığın surroqatlaşdırılması üçün qlobal dərin dövlət durmadan çalışmaqdadır. Sperm banklarından doğulan qarşılıqlı məhəbbətin deyil, kapitalizm baronlarının mənfəətinin doğurduğu klonlaşan nəsillər.
Duyğusuz robotların insan cildində istehsalının ilkin addımı, qadının Allah tərəfindən yaradılan təbiətinin qətl edilməsidir.
Bizim ənənəmizdə lazım oldyuqda döyüşə belə gedən qadınlar olmuşdur.

Zalımların üzünə zülmünü deyən qadınlar olmuşdur. Bunların bir nümunəsi Zeynəb anamızdır. Lakin müsəlman qadın ehtiras mənşəli tələblərlə ortaya çıxan bir anarxist deyildir. Kapitalizm sistemi gəlir və mənfəətə qul olan qadını ailə dəyərlərinə qarşı anarxist bir inqilabçı görmək istəyir. Bizim mənəvi dünyamızda qadın “get qazan mənə də gətir”, yaxud da “səninki sənə mənimki mənə” prinsipinin qurbanı deyildir. Bütün dəyəri ancaq seksual aspektlərlə bağlanan birisi də deyildir.

Bizim üçün qadın iffət sərhədləri daxilində azaddır, mülkiyyətə və sözə sahib ola bilər. Ona Quranın ən böyük surələrindən biri həsr edilmişdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm vəsiyyətində ona qarşı ədalətli və nəvazişli olmağı kişilərə xüsusilə tənbeh etmişdir. Sizə bir ayəni yeni reallıqlarda idrak etmək üçün təqdim edirəm.
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. (O vaxt) onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. (Bəqərə 49)

Fironi kapitalist maddiyyatçı nizamlar kişiləri öldürür, qadınları isə feminizm ideyaları, heyvaniləşən dəb tərzləri, ailə bağları və məsuliyyətinin dağıdılması ilə dirildir. Çünki modern cahiliyyənin nizamı olan kapitalizmə ölü və qeyrətsiz kişilər, diri qadınlar lazımdır.