Skip to main content


Əliqanlı tərbiyəçilər

Sosial mediaya nəzər salıb əhalinin baş verənlərə münasibətini öyrənəndə isə insan təəccüblənməyə bilmir. Məgər bizim xalq nə qədər anlayışlı, nə qədər qayğıkeş, nə qədər sadəlövh imiş. Amma əlbəttə ki, özlərinə sərf edən məqamlarda. Gərəksiz məqamlarda isə nə olduğundan çoxlarımızın xəbərsiz olmasına baxmayaraq dilimizdən düşməyən mentalitet, namus, qeyrət dərdi çəkirik.  Təbii ki, fikirlər müxtəlifdir və hər bir kəsin öz fikrini sərbəst şəkildə ifadə etmək azadlığı var. Həmçinin bu hüquqa və həmin hüquq sahiblərinin səsləndirdikləri fikirlərə hörmətlə yanaşmaq bizim borcumuzdur. Amma bu fikirləri tirajlayan zaman dərin-dərin düşünüb, onun yol aça biləcəyi fəsadları hesablamaq da bir jurnalist olaraq bizim cəmiyyət qarşısında götürdüyümüz öhdəliklərdəndir. Cəmiyyətdə öz yerini tapa bilməyən hansısa bir şəxsi ictimai fiqur kimi efirə çıxarıb əlinə mikrofon verərək baş verənlər barədə öz romantik düşüncələrini israrla insanların altşüuruna yeritməsinə rəvac verən bir media orqanı qərəzsiz fəaliyyət göstərə bilməz. Günün günorta çağı dəhşətli kriminal xəbərləri adi xəbərlərin ortasında efirə verən televiziya kanalları adamda ucuz xəbərlər ardınca qaçan, savadsız, qeyri-peşəkar, reytinq naminə nə  desən eləyən cılız jurnalistcik təəssüratı yaradır. Gün ərzində, hətta bəzən bütöv bir həftə ərzində bu xəbərləri geniş müzakirələrə çıxarıb uzun-uzadı proqramlar hazırlayırlar. Məqsəd Yəni doğrudan düşünürsünüz ki, burada məqsəd bu tipli hadisələrin baş verməsinin qarşısını almaqdır Əlbəttə, avam camaatı deyə bilmərəm amma bu yazını oxuyanların ən azı 90 faizi belə bir cəfəngiyyata inanmırlar. Gəlin bir neçə  il bundan öncəki dövrə nəzər salaq. O zaman da bu tipli hadisələr baş verirdi əlbəttə. Amma bu qədər çox sayıda yox. Niyə Çünki, o zamanlar televiziya, daha doğrusu media həyatımıza bu qədər sızmamışdı. Çünki, həmin dövrdə beyinlərimiz media vasitəsi ilə idarə olunmurdu. Bir az da açıqlasaq, həmin dövrdə bu tipli xəbərlər bu qədər sürətlə və geniş, bu qədər təfərrüatlı şəkildə yayılmırdı.

 Adət etmişik ki, kriminal xəbərləri gecə saat on ikidən sonra eşidək, amma indi ANS günün günorta çağı, özü də bazar günü bir saata yaxın həftəlik kriminal xəbərlərin xülasəsini təqdim edir. Bu yetmirmiş kimi sözügedən kanal gündəlik efir zamanı gün ərzində bir neçə dəfə məhz kriminal xəbərlər barədə ayrıca proqram verir. Demirəm ki, baş verənlərin əsas günahkarı məhz ANS-dir. Mən onsuzda bu kanaldan əllərimi də  üzmüşəm, ayaqlarımı da, hətta gözlərimi də. Bu quruma Cənub küləkləri hakim olandan bəri. Amma gəlin bir düşünək, xəbərlərin bu qədər yağlı-duzlu, zamansız və aramsız təqdim olunması insanların gözündə baş verən olayları adiləşdirmirmi! Artıq bizim gözümüzdə oğulun ananı, atanı öldürməsi, ananın öz övladını küçəyə atması, ərli, uşaqlı qadının başqasını  əriylə qoşulub qaçması, qardaşın-qardaşı qətlə yetirməsi daha nə bilim nə kimi dəhşətli hallar adi hala çevrilib. Demək olar ki, hər gün bir neçə bu tipli xəbərlər eşidirik. Hər kəs səbəb axtarır. Artıq insanları təəccübləndirmək üçün bir oğulun bir ananı qətlə yetirməsi yox, bir kürəkənin bir ailənin yeddi üzvünü birdən qətlə yetirməsi gərəkir. Yəqin ki, bir neçə il sonra bütöv bir nəsil yer üzündən silinən zaman təəccüblənərik ancaq. Hər halda belə davam edərsə sonumuz buna doğru gedir. Xeyirlisi!

Rəbiyyə SÜLEYMAN