Skip to main content


Dəvətçilər arasında alimlərə münasibət

Bir zamanlar müsəlmanlar arasında alimləri bir az kiçik görmək kimi bir dərd hakim idi. İndi isə bu problem yenisi ilə əvəz olunub, başqa bir dərd yenə baş qaldırıb. “Alim sözləri” ilə atışmaq, bəzi hallarda onlara Quran və sünnətdən daha çox önəm vermək. Mən bunu bir “sələfiyyəçilik” baxışı ilə demirəm. Bir çoxları bəlkə də, bunu nəfsində hiss edib. Ayət və ya hədislərin şüuraltı olaraq alim sözlərindən daha az nəfslərə təsir etməsi də bir dərddir.

Belə olan halda alimlərin sözlərindən və fikirlərindən dəvətçilərin hansı ortamda və necə istifadə edə biləcəkləri metodoloji olaraq bilinməlidir. Bir vaxt bir qardaşla yüngülcə yazışanda ona dedim ki, qardaş bu uzun-uzadı iqtibas edilən alim qövllərini “facebook” auditoriyası nə təhqiq edəcək, nə də yoxlaya biləcək. Ona görə şəriətin dəlilləri mərtəbələrinin ardıcıllığına əməl etmək pis olmaz. Əks halda dalana dirənəcəyik. Dəvətimiz müsəlmanlara xeyir deyil, fəsad gətirəcəkdir.

Bu övzuda bilinməli olan məsələlər bunlardır:

1. Alimlərdən istifadənin birinci əsası istifadə edilən şəxslərdə təqvanın, Allah qorxusu və xaşyətin məruf, yəni bilinən olmasıdır. Yəni filan möhtərəm Allah qorxusu ilə məşhur birisidir. Təbii ki, zahirə görə. Qəlb isə Allah`a aidir.

Allah`dan Öz bəndələri içərisində ancaq alimlər qorxar. (Fatir 28)

2. Bilinməyən və əksər insanların bilinməsində çətinlik çəkdiyi məsələlərdə aydınlaşdırıcı olmaları.

(Ya Rəsulum!) Biz səndən əvvəl də özlərinə vəhy etdiyimiz ancaq kişilər göndərmişdik. Əgər (bunu) bilmirsinizsə, zikr əhlindən soruşun! (Nəhl 43)

3. Sadəcə sözlərinin deyil, isnad etdikləri dəlillərin onların sözlərinə qüvvət verməsi, fikirlərinin də mütləq olmaması.

Yoxsa (müşriklər özləri üçün) Ondan başqa ilahlar qəbul etdilər? (Ya Rəsulum!) De: “(Etdiyiniz əməlin düzgünlüyünü sübut edən) dəlilinizi gətirin. Bu mənimlə onların Kitabı (Quran), bu da məndən əvvəlkilərin kitabı! Xeyr, onların əksəriyyəti haqqı bilməz və buna görə də (ondan) üz döndərər!” (Ənbiya 24)

4. Alimlər Allah Rəsulu salləllahu əleyhi və səlləmin varisi, qoyduğu mirasa elm, yaşantı, dəvət və cihada da mrasçı olmalıdır.

إِنَّ الْعُلَمَاءَ وَرَثَةُالأَنْبِيَاءِ

Alimlər peyğəmbərlərin varisləridir.

5. Alimlərin ilahlaşdırılmasından qaçmaq və onların sözlərini mütləqləşdirməmək, onları müzakirə edib fikir bildirib, ƏDƏBİ GÖZLƏYƏN şəxsləri qınamamaq.

(Ya Rəsulum!) Söylə: “Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allah`ı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: “İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq!” (Əli İmran 64)

6. Yüklü eşşək misalı ilə məruf, ümmətin düşmənlərinin safında yer almış, elmi ilə əməli uzaq olan alimlərdən qaçmaq, ən azı ictimai məsələlərdə.

Tövrata əməl etməyə mükəlləf olduqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. Allah`ın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalım qövmü doğru yola yönəltməz! (Cümə 5)

Yenə də ən doğrusunu Allah bilir.