Skip to main content


İslama necə dəvət etməli? – 3-cü mərhələ

Birinci halda dəvətçi ilə dəvət olunacaq şəxs arasında öncədən  isti münasibətin mövcud olmasıdır. Yaxın münasibətlər, sıx əlaqələrin olması, xüsusilə dəvətçinin dəvət olunacaq şəxs üzərində təsirinin olması, onun sözünə qarşı tərəfdən dəyər verilməsi dəvət prosesini asanlaşdırır.

Buna ən gözəl misal Əbu Bəkr radiyallahu anhunun Allah Rəsulu salləllahu əleyhi və səlləmdən İslama çağırışı dinlədiyi anda tərəddüt etmədən qəbul etməsi və öz dostunu təsdiqləməsidir. Bu barədə  Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Əbu Bəkrdən başqa imana dəvət etdiyim hər kəs bir dayanma, bir tərəddüt, bir çaşqınlıq keçirdi. Ancaq o, ona İslamı anlatdığım zaman nə dayandı və nə də tərəddüt etdi”. (İbn HişamSira 1/269, İbn ƏsirUsdu'l-Ğabə 3/206)

Bəzən insan dəyərli hesab etdiyi, amma hələ aralarında bir-birinin sözünü qəbul edəcək dərəcədə səmimiyyətin formalaşmadığı birisini dəvət etmək istəyir. Bu isə ikinci haldır.  Mühüm olan bu ikinci halda uğur əldə etməkdir.  Bəs bunu necə edək?

Əgər dəvət etmək istədiyimiz şəxslə yaxın münasibətimiz yoxdursa, sadəcə bir neçə dəfə görüşüb hal-əhval tutmuşuqsa, həmin şəxs hətta düşüncəli, fikirlərə dəyər verən birisi olsa da onu dəvət etməyə tələsməmək lazımdır.

Çünki unutmaq olmaz ki, bu gün cəmiyyətdə “mənim işlərimə kiminsə müdaxiləsini xoşlamıram”, “hər kəs qarşı tərəfin fikrinə hörmət etməlidir”  kimi fikirləri tez tez eşidirik. Bu dünyəvi inancı dünyaya yayan Avropa mədəniyyətinin insanlar üzərindəki təsiridir. Təəssüf ki, bu təsir bu gün bir çox halda dəvətə mane olur, qarşı tərəfin Quran ayətlərinə, Allah Rəsulu salləllahu əleyhi və səlləmin sözlərinə qarşı qulaqlarını bağlamasına haqq qazandırır.

Ancaq səmimi dostlar arasında bu fikirlər öz təsirini itirir, belə şəxslər bir-birini dinləyir, dərhal eşitdiyini təsdiqləməsə belə, İslam çağırışına qarşı qulaqlarını bağlamır, və müəyyən qədər dəvətçinin sözlərini götür-qoy edir.

Dəvət olunacaq şəxslə necə yaxın münasibət quraq?

Bunun üçün dəvət edəcəyiniz şəxslə tez-tez görüşmək üçün bəhanə və vəsilə tapmaq lazımdır. Xüsusilə o şəxs ortalarda görünməyincə harada olduğunu soruşmaq, tez-tez hər hansı mövzuda köməyini təklif etmək, bir məsələdə yardım istədiyi zaman sənin hər kəsdən daha çox ona dəstək olduğunu göstərmək olar.

Bu kimi davranışlar dəvət edəcəyin şəxsə çox önəm verdiyini göstərir. Eyni zamanda davamlı onu göstərdiyin qayğı nəticəsində qarşı tərəfdə sənə qarşı inam və güvən yaranır. Bütün bu proseslər hələ hər hansı bir dəvət mövzusu olmadan edilən bir hazırlıqdır. 

Əgər ikinci mərhələni uğurla həyata keçirmişiksə  deməli qarşı tərəfin könlü fəth edilmiş, ona faydalı bir şey söyləyincə artıq qəbul edəcək duruma gəlmişdir. Bu artıq elə bir mərhələdi ki, asan və köklü bir dəvətə başlaya bilərsən, artıq əminsən ki, çağrılan kəs də dəvətə “hə” deməyə hazırdır. Unutmayaq ki, bu mərhələ tamamlanmadan öncə, hər söz qarşı tərəfdə sərt reaksiyaya, əngəl olma kimi proseslərə gətirib çıxarar və ən nəhayət, bu mərhələni başa vurmaq həftələrcə zaman ala bilər

davamı növbəti mərhələdə...  İslama necə dəvət etməli – 4-cü mərhələ

öncəki mərhələ üçün baxın- İslama necə dəvət etməli? – 2-ci mərhələ