Skip to main content


Düşüncə tərzini dəyişmək

Həqiqətən də, insanlar nəfslərində olanı dəyişmədikcə, Allah da onlarda olanı dəyişməz. (Rad 11)

Sadə və səthi düşünən bir şəxs isə özünü dəyişə bilməz. O namaz qıla bilər, fərdi ibadətləri yerinə yetirə bilər. Amma o özünü dəyişə bilməz. Özünü dəyişməsi üçün dərin düşünməsi də fayda verməz. Belə ki, hansı isə bir hal və hadisəyə dəqiq baxar. Elə bilər ki, bununla bitdi. Onu ətraf aləmlə əlaqələndirməz. Əgər ətraf aləmlə əlaqələndirsə aydın bir düşüncə, fikir əldə edə bilər və anlayar ki, Rəbb`im ondan dəyişməyini istəyir. Qəlb imanın yeridir. Qəlb ilə inqilab eyni kökdəndir. Əgər Allah`ın istədiyi bir mömin olmaq istəyirsənsə həyatında inqilab elə....

Dəvət etdiyin şəxsin düşüncə tərzini dəyişmək, həyatında inqilab edə bilmək üçün o şəxsə əvvəlcə “özünü tanıma” fikrini aşılamaq lazımdır. Çünki özünü tanımayan, zəif və üstün xüsusiyyətlərini, nəfsinin ona nəyi vəsvəsə etdiyini anlamayan şəxs, qürurunu bir kənara qoyub özünü düzgün şəkildə yetişdirə bilməz, hətta qürurlanıb ona edilən nəsihəti təhqir kimi qəbul edər.

Düşüncə tərzini dəyişmək üçün labüd olan digər məsələ isə dəvət olunan şəxsin ətrafda baş verənlərə Quran və İslam işığında baxmasını təmin etməkdir. Əgər bir şəxs namaz qıldığı halda “məcburam” deyib faizə girirsə, yoldaşının vəya qızlarının başı açıq olmasından narahat olmursa, müsəlmanları qərbin aşıladığı kimi “geridə qalmış” hesab edirsə, siqareti, qəlyanı normal həyat tərzi görürsə, gözəl həyatı sadəcə namaz qılıb, işə gedib boş vaxtı da istirahət mərkəzlərində keçirmək olduğunu düşünürsə deməli hələ o şəxsin düşüncə tərzi islam üzərinə deyildir.  İslami düşüncənin formalaşması üçün sahabələrin etdiyi kimi Quranı teoriya deyil praktiki  həyat kitabı, ətrafdakı hadisələri anlama vəsiləsi, düzgün qərar vermə vasitəsi etməliyik.

 Düşüncə tərzini dəyişmək üçün kapitalist həyatını dərk etməlidir. Bu sistemin yorucu işlərlə insanin enerjisini sorduğunu, bu sistemin kinolar, seriallar, hər cür fitnənin cəmləşdiyi internet, medya, boş vaxtı sovuran oyunlar, əyləncə klubları vasitəsilə müsəlmanın fitrətini pozduğunu anlamalıdır. Nəticədə gerçək ibadət, təqva ruhunun sönməsinə xidmət etdiyini bilməlidir. Bütün bunları göz önünə gətirərək islami düşüncə tərzi formalaşdırmalıdır.  

 Bir şeyi də unutmamalıyıq ki, Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur:

“Mömin eyni dəlikdən iki dəfə sancılmaz” (Buxari, Ədəb: 83;Müslim, Zühd: 63)

Amma biz eyni yerdən hey dişlənirik. Çünki sadə və səthi düşünürük.