Skip to main content


“Əməl imanın bir hissəsidir” deyən alimlər

Başqa bir ifadə ilə əməlin tərk edilməsinin insanı imandan çıxardıb-çıxartmaması məsələsi aralarında ixtilaf mövzusu olmuşdur. Bu baxımdan yuxarıdakı görüşlərə görə bu qisimdə olan alimləri iki qrupa bölüb, görüşlərini qeyd edecəyik:

1-“Əməli tərk etmək insanı imandan çıxartmaz” deyən alimlər:

Bunlar əməli imanın bir hissəsi, onu qüvvətləndirən və onu artıran bir ünsürü olduğunu demişlər. Bunlara görə əməl imanın bir parçasıdır, ancaq əməli tərk etmək qulu dindən çıxartmaz, onu günahkar edər. Belə bir qulun vəziyyəti Allah`a qalmışdır. Allah istəyərsə onu bağışlayar, istəyərsə ona əzab verər və əgər qəlbində zərrə miqdarında belə iman varsa, sonunda onu Cənnətə qoyar. Belə ki, şəri mətinlər bunları ifadə etməkdədir.

İmam Malik, İmam Şafii, Əhməd ibn Hənbəl və bunların yolunu izləyən alimlər bu görüşdədirlər. Görüldüyü kimi, bu qrupdan olan alimlər, bunlardan öncə qeyd edilən və əməli imanın bir hissəsi saymayan alimlərlə, əməli tərk edənin hökmü xüsusunda eyni nəticəyə gəlmişdirlər. Bu səbəblə mühəqqiq alimlər bu iki qrup arasındakı ixtilafin köklü bir ixtilaf olmadığını, sadəcə ifadə etmədə ixtilaf olduğunu qeyd etmişdirlər.

Burada bunu qeyd etməyimiz lazımdır; əməli imanın bir hissəsi sayan və bu qrupa mənsub olan Əhməd ibn Hənbəl və sələfi etiqadına mənsub olan alimlərin bir çoxu “əməli tərk etmək qulu imandan etməz” hökmü ilə əlaqədar bir istisna gətirmişdirlər. Əhməd ibn Hənbəl mövzu ilə əlaqədar hədisləri dəlil gətirərək namazın vacibliyini inkar etməsə belə, bu fərzi yerinə yetirməyən insanın da  imanının yox sayılacağına və dindən çıxmış sayılacağına hökm vermişdir. Bu mövzu irəlidə açıqlanacaq.

“Əməl imanın bir parçasıdır” deyən alimlərin dəlilləri aşağıdakılardır:

1-Əbu Hüreyrə deyir ki, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “İman yetmiş və onun üzərində və ya altımış və onun üzərində şöbədən ibarətdir. Bunların ən üstünü “Allah`dan başqa ibadətə layiq haqq məbud yoxdur” demək, ən aşağısı isə yoldan insanlara əziyyət verən şeyləri təmizləməkdir. Həya da imanın bir şöbəsidir”.

İbn Əbu`l-İzz bu hədisin izahında belə demişdir: “Madam ki, imanın bir çox şöbəsi vardır, o halda namaz, zəkat, oruc və həcc də imandandır. Gözlə görülməyən təvəkkül etmək, Allah`dan qorxmaq və Allah`a yönəlmə kimi batini əməllər də imandandır. Ancaq imanın şöbələrindən bəziləri vardır ki, onların olmaması imanında olmamasına səbəb olur. İki şəhadəti demək bu növdəndir. Digər bəzi şöbələrin olmaması isə imanın yox olmasına səbəb olmaz. Yoldan əziyyət verən bir şeyi götürmək bunlardandır. Əgər bir qul bunu etməzsə, imanı yox olmaz. Bu iki şöbə arasında bir-birilərindən olduqca fərqli şöbələr vardır. Bunlardan bəziləri şəhadət şöbəsinə, bəziləri isə yoldan əziyyətverici şeyləri götürmə şöbəsinə yaxındır.

2-Əbu Hüreyrə peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Əxlaqı ən gözəl olan möminlər, imanı ən mükəmməl olan möminlərdir”.

Görüldüyü kimi Peyğəmbər salləllahu əleyhi və səlləm əxlaqı imandan saymışdır.

3-Əbu Səid əl-Xudri peyğəmbərin salləllahu leyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Sizdən biriniz pis bir şey görərsə, onu əli ilə dəyişdirsin. Buna gücü çatmazsa, dili ilə dəyişdirsin. Buna da gücü çatmazsa, o zaman qəlbi ilə ona nifrət etsin. Bu, imanın ən zəifidir”. Peyğəmbər salləllahu əleyhi və səlləm bu hədisində pisliyi dəyişdirməyin imandan olduğunu bəyan etmişdir.

4-Ənəs ibn Malik rəvayət edir ki, peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Sizdən heç biriniz mən ona özündən, atasından, uşaqlarından və bütün insanlardan sevimli olmadığım müddət ərzində iman etmiş olmaz”.

5-Ənəs ibn Malik rəvayət edir ki, peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Sizdən heç biriniz özü üçün sevdiyini qardaşı üçün də sevmədiyi müddət ərzində iman etmiş olmaz”.

Peyğəmbər salləllahu əleyhi və səlləm bu son iki hədisində də özünü sevməyi və möminin mömini sevməsini imandan saymışdır. Bu da əməlin imandan bir hissə olduğunu göstərir.