Skip to main content


İman və İslam eynidirmi yoxsa fərqlidirmi?

1. Bu mövzuda Əbu Hənifə əl-Fiqhu`l-Əkbər adlı əsərində belə deyir: “İman qəlb və dil ilə təsdiq etməkdir. İslam isə təslim olmaq və Allah`ın əmrlərinə boyun əyməkdir. Dilçilikdə bu iki şey aralarında fərq vardır. Ancaq imansız İslam və İslamsız iman olmaz. Bu ikisi bel ilə qarın kimidir”. (əl-Fiqhu`l-Əkbər 4)

2. Ömər ən-Nəsəfi demişdir: “İmanla İslam eyni şeydir”.

3. Taftazani Nəsəfinin “Əqidə” kitabını şərh edərkən belə demişdir: “İslam tam bir şəkildə boyun əymək və təsim olmaq deməkdir. Yəni şəri hökümləri qəbul edib boyun əyməkdir. Qəlblə təsdiqinin həqiqi mənası da budur. Mənaların eyni olmasında məqsədimiz budur: Hər hansı bir şəxsin mömin olub müsəlman olmadığına hökm verə bilmərik. İman, İslamdan ayrılmaz. Bunların dilçilikdə mənaları fərqli də olsa bunlar bir-birindən ayrı şeylər deyildir. Çünki bir sıra alimlər, bunların dilçilikdə ayrı-ayrı mənalara gəldiyini demişdirlər. Onlara görə iman, Allah`ın bildirdiyi əmr və qadağaları təsdiq etmək, İslam isə Allah`ın uluhiyyətinə boyun əyməkdir. Bu belə olsa da bunların şəriətdə termin mənaları eynidir. Əgər bir şəxs imanın İslamdan başqa bir şey olduğunu iddia edərsə, ona bu sual verilər: “Sənə görə iman edib müsəlman olmayanın və ya müsəlman olub iman etməyinin hökmü nədir?“ Əgər bunlardan birinə, digərində olmayan bir hökmü isbat etməyə çalışarsa sözünün batil olduğu ortaya çıxar.” (Təftəzani, Nəsəfi əqidəsinin şərhi, iman fəsli)

Bu görüşdə olan alimlərin dəlilləri aşağıdakılardır:

1. Allah təala bir ayədə belə buyurur: “Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!” (Əli İmran 85)

Digər bir ayədə isə belə buyrulur: “Allah yanında (haqq olan) din, əlbəttə İslamdır!” (Əli İmran 19) 

Görüldüyü kimi bu ayələrdə dinin İslam olduğu, onun xaricində hər hansı bir dinin qəbul edilməyəcəyi bəyan edilir. İmanın din olduğu şübhəsizdir. Əgər iman İslamdan başqa bir şey olsaydı o da qəbul edilməzdi. Halbuki belə deyildir.

2. Allah təala bir başqa ayədə belə buyurur: “Nəhayət, orada (Sədumda) olan mö’minləri çıxartdıq. Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman  tapmadıq”. (Zariyat 35-36) 

Bu ayələrdə Lut əleyhissalamın ailəsi əvvəlcə mömin olmaqla, daha sonar isə müsəlmanlıqla vəsfləndirilirlər. Bu iki sifətdəndə eyni şey qəsd edilir.

3. İmanla İslam bir-birindən ayrı şeylər olsaydı, birinin olduğu yerdə digərinin olmamasının da mümkün olduğu düşünülə bilərdi. Mömin olmayan bir müsəlman və ya müsəlman olmayan bir mömin fərz edilə bilərdi ki, bu da mümkün deyildir.

4. İmanla İslamın mənaları nəticə etibarı ilə eynidir. Belə ki, imanın mənası, Allah`ı təsdiq etməkdir. İslam isə ya “bir şeyi təslim etmək” kökündən alınmışdır ki, bunun mənası “qulun özünü Allah`a təslim etməsidir”. Yaxud da “birinə təslim olmaq” kökündən gəlmişdir ki, bunun da mənası “boyun əymək” deməkdir. Hər iki ehtimal da, İslamın mənası qəlb ilə təsdiq mənasının eynisini ifadə edər.