Skip to main content


İmanın tərifinə dair üçüncü görüş

Məsələnin aydınlanması üçün bu görüşlərin hər birini ayrı-ayrılıqda nəql etməkdə fayda olacağını düşünürük.

1-İmam Malik, imam Şafii və imam Əhmədin görüşü:

Bu imamlara görə, əməli tərk etmək imanı yox etməz ancaq əksildər. Çünki bunlar əməllərin edilib-edilməməsinə görə imanın artacağı və ya azalacağı görüşünü əsas almışdırlar. Görüldüyü kimi, üç məzhəb imamı əməli imanın bir parçası saymamış, onu sanki imanı kamilləşdirən bir parça olaraq qəbul etmişdirlər. Buna görə də, əməli tərk edənin kafir olmayacağını ancaq imanının azalacağını demişdirlər. Bu da göstərir ki, əməlin imandan bir parça olmadığını deyən Əbu Hənifə və əshabı ilə “əməl, kamil imanın bir parçasıdır” deyən Malik, Şafii və Əhməd ibn Hənbəl arasındakı ixtilaf təməldə olan bir ixtilaf deyildir. Beləki, hər iki qrup da, əməli tərk etməyin insanı küfrə salmayacağı görüşündə ittifaq etmişdirlər. Birinci qrupa görə, əməl imanı qüvvətləndirir, onu tərk etdikdə isə zəiflədir. İkinci qrupa görə isə, əməl imanı artırır, onu tərk etdikdə isə zəiflədər, ancaq təmamilə yox etməz. Nəticə etibarı ilə aralarında köklü bir fərq yoxdur.

İmam Şafii əməlin imandan bir parça olduğu xüsusunda öz risaləsində bunları qeyd etməkdədir: “Bil ki, iman qəlblə bilmək, dil ilə təsdiq etmək və əzalarla əməl etməkdir. İman iki qisimdir: Əsli iman, fəri iman. Bir qul əsli imanı tərk etdiyi zaman küfrə girər. Bu Allah`ı bilmək və Ona iman etmək kimi məsələlərdir. Fəri imanın tərk edilməsi isə, qulu küfrə salmaz lakin onu günahkar edər. Bunlar fərz olan namazı və digər fərzləri tərk etmək kimi məsələlərdir”.

“Günahkar olan mömin tövbə etmədən ölərsə, onun işi Allah`a qalmışdır. Allah əgər istəyərsə ona əzab verər, istəyərsə bağışlayar. Əgər verərsə Cəhənnəm odunda əbədi olaraq qalmaz, çünki günah etmək qulu imandan çıxartmaz. Allah belə buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allah`a şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur”. (Nisa 48)

İmam Şafii sözlərinə davam edərək belə deyir: “Bir insanda imanla üsyanın bir yerdə olması mümkündür. Beləki, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Lə iləhə illəllah deyib, qəlbində zərrə miqdarında xeyir olan şəxs Cəhənnəmdən cıxacaqdır”. (Buxari, İman kitabı-33, Müslim, İman kitabı-325) Sələf alimləri mömin bir şəxsin günah etməsi ilə kafir olmayacağında ittifaq etmişdirlər. Çünki Allah, adam öldürənin, zina edənin, oğurluq edənin hökümlərini açıqlamış və onları mömin olaraq adlandırmışdır. Onlar haqqında belə buyurur: “Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxs üçün sizə qisas almaq hökmü vacib edildi”. (Bəqərə 178)

Bu mövzu ilə əlaqədar olaraq Molla Əli əl-Qari “Qasidətu`l-Əməli” kitabının şərhində 32-ci səhifədə bunları qeyd etməkdədir: “İmam Malik, Şafii və Əvzainin məzhəblərinə və kəlamçıların əksəriyyətinə görə əməllər imana daxildir və onun bir parçasıdır. Şərhu`l-Məqasid kitabında hədis alimlərinin hamısının, Şərhu Əqidəti`s-Sələfiyyə kitabında isə hədis alimlərinin əksəriyyətinin bu görüşdə olduğu nəql edilməkdədir”. Əli əl-Qari sözlərinə davam edərək deyir: “Bir qisim həqiqəti araşdıran alimlərin dediyi kimi, “Əməl imana daxildir” deyən alimlərin məqsədi, “Əməllər kamil imana daxildir” deməkdir. Yoxsa Mötəzilənin və Xaricilərin iddia etdiyi kimi “Əməl olmazsa iman olmaz” demək deyildir. Bu halda “əməl imana daxil deyildir” deyən Əhli Sünnə alimləri ilə “əməl imana daxildir” deyən alimlər arasındakı ixtilaf, həqiqi bir ixtilaf deyil, məqsədi ifadə edilən ləfzlərdə ixtilafdır”.

Bu mövzuda buna diqqət etməyimiz lazımdır: “Əməl imanın bir parçasıdır, ancaq onu tərk etmək qulu imandan çıxardıb kafir etməz” deyən alimlərdən biri olan imam Əhməd və onun kimi düşünən bəzi alimlər, namaz qılmağı digər əməllərdən fərqli saymışdırlar. Bu mövzuya daha sonra yazacağımız “Böyük günahların edilməsi” məqaləsində daha ətraflı yer verəcəyik.

2-Hədis alimləri.

Bunlarda əməllərin imanın bir parçası olduğunda ittifaq etmişdirlər, ancaq məsələnin izahında fərqli açıqlamalar vermişdirlər.

a) Bunlardan bəziləri “İmanın əsli və kamil olması qəlbən bilməkdir, bunu bildikdən sonra hər bir itaət öz başına imandır. Qəlbən inkar etmək isə küfürdür. Bundan sonrakı hər üsyanda öz başına bir küfürdür” demişdirlər. Onlar Qəlblə bilmək və dillə təsdiq olmadığı müddət ərzində hər hansı bir günahı da küfr saymamışdırlar. Çünki itaətlərin əsli iman, günahların əsli isə inkardır. Əsas olmadan bölümüdə olmaz.

b) Hədis alimlərindən bəziləri isə belə demişdirlər: “İman fərz və ya nafilə olsun bütün itaətlərin adıdır. Bunların hamısı tək bir imanı təşkil edir. Ancaq kim fərzlərdən birini tərk edərsə imanını pozmuş olar, nafilələri tərk edərsə pozmuş olmaz”.

c) Bəziləri də “İman yalnız fərzlərin adıdır, nafilələrin deyildir” demişdirlər.

3-Sələfi alimlər.

İbni Teymiyyə, İbni Qayyim, Muhamməd ibni Abdu`l-Vəhhab və zamanımızda bunların yolunu davam etdirən, Hicazda və digər ölkələrdə olan və özlərinin sələfi adlandıran alimlərə görə iman qəlb ilə təsdiq etmək, dil ilə demək və orqanlarla əməl etməkdir. Bunlara görə, əməlin bir qismini deyil, tamamını tərk edən və bunda israr edən şəxs dindən çıxmış sayılır. İrəlidəki məqalələrdə bu mövzuya daha geniş girəcəyik.

4-Mötəzilə firqəsi.

Bu qrupa görə əməli tərk edən dindən çıxar ancaq küfrə girməz, ikisinin arasında qalar və “fasiq” adını alar. Ancaq axirətdə əbədi olaraq Cəhənnəmdə qalar. Lakin belə bir şəxsin Cəhənnəmdəki yeri əsil küfr əhlindən daha fərqlidir.

5-Xaricilər.

Bu firqəyə görə, də əməl imanın ayrılmaz bir parçası olduğuna görə əməlin bir qismini tərk edən dindən çıxar və küfrə girər. Bunun axirətdəki vəziyyəti digər küfr əhli kimidir və aralarında heç bir fərq yoxdur.