Skip to main content


İman edilməsi lazım olan təməl əsaslar

1-Ayələr

Allah təala buyurur: “Peyğəmbər öz Rəbb`indən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allah`a, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): “Biz Onun elçiləri arasında fərq qoymuruq!” Onlar dedilər: “Eşitdik və itaət etdik! Ey Rəbb`imiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!”. (Bəqərə 285)

Digər bir ayədə belə buyurur: “Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allah`a, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbr edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır”. (Bəqərə 177)

Bir digər ayədə belə buyurur: “Ey iman gətirənlər! Allah`a, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allah`ı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür”. (Nisa 136)

2-Hədislər:

Əbu Hüreyrə radiyallahu anhu belə deyir: “Bir gün Peyğəmbər salləllahu əleyhi və səlləm insanların görəcəyi bir yerdə otururdu. Birdən bir kişi yeriyərək onun yanına gəldi və “Ey Allah`ın elçisi, iman nədir?” deyərək soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “İman Allah`a, mələklərinə, peyğəmbərlərinə və Allah`ın hüzuruna çıxacaqına və öldükdən sonra diriləcəyinə inanmaqdır”. ( Buxari, Müslim)

Abdullah ibn Ömər radiyallahu anhu deyir ki, mənə atam Ömər ibn Xəttab belə rəvayət etmişdir: “Bir gün Allah Rəsulunun yanında idik. Bizim yanımıza tünd ağ paltarlı, tünd qara saçlı, üzərində səfər əlaməti olmayan və bizdən heç kimin onu tanımadığı bir nəfər gəldi. O, Peyğəmbər salləllahu əleyhi və səlləmin qarşısında oturub dizlərini onun dizlərinə söykəyib əllərini onun dizləri üzərinə qoydu və dedi: “Ey Muhəmməd mənə İslamın nə olduğu haqqında xəbər ver”. Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “İslam Allah`dan başqa ilah olmadığına, Muhəmmədin onun elçisi olduğuna şahidlik etməyin, namaz qılmağın, zəkat verməyin, ramazan orucunu tutmağın və gücün çatarsa həcc ziyarətini yerinə yetirməyindir.”

O, dedi: “Doğru dedin.” Biz ona təəccübləndik ki, həm sual verir hə də doğrulayır. (Həmin şəxs) dedi: “Mənə imanın nə olduğunu xəbər ver!” (Peyğəmbər salləllahu əleyhi və səlləm) buyurdu: “İman Allah`a, mələklərinə, kitablarına, rəsullarına, qiyamət gününə və qədərin xeyrinə və şərrinə iman gətirməyindir”.

(Həmin şəxs) dedi: “Mənə ehsanın (gözəl əməl işləməyin) nə olduğunu xəbər ver”. (Peyğəmbər salləllahu əleyhi və səlləm) buyurdu: “Ehsan Allah`a Onu görürmüş kimi ibadət etməyindir, əgər sən Onu görməsən belə şübhəsiz ki, O səni görür”.

(Həmin şəxs) dedi: “Mənə qiyamətdən xəbər ver.” (Peyğəmbər salləllahu əleyhi və səlləm) buyurdu: “Bu haqda sual olunan sual verəndən daha çox elm sahibi deyil”.

(Həmin şəxs) dedi: “O zaman mənə qiyamətin əlamətləri barədə xəbər ver!” (Peyğəmbər salləllahu əleyhi və səlləm) buyurdu: “Qulluqçunun ağasını dünyaya gətirməsi, ayaqyalın, lüt və kasıb çobanların bina tikməkdə yarışmaqlarını görməyin (qiyamətin əla-mətlərindəndir)”.

O çıxıb getdi. Mən bir neçə gün susdum və daha sonra (Peyğəmbər salləllahu əleyhi və səlləm) mənə dedi: “Ey Ömər, sual verənin kim olduğunu bilirsənmi?” Mən dedim: “Allah və Rəsulu daha yaxşı bilər”. (Peyğəmbər salləllahu əleyhi və səlləm) buyurdu: “O Cəbrail idi! Sizə dininizi öyrətmək üçün gəlmişdi. (Müslim)

Yuxarıdakı hədisin ravilərindən Yəhya ibn Yəmar belə deyir: “Bəsrədə qədər haqqında ilk danışan (yəni onu inkar edən) Məbəd ibn əl-Cühəni idi. Mən və Həmid ibn Abdu`r-Rahmən əl-Himyəri həcc və ya ümrə etmək üçün yola çıxdıq. Allah Rəsulunun səhabələrindən birini görsəydik bunların qədər haqqında dedikləri məsələlər barəsində ondan soruşardıq deyə düşünürdük. Məscidə girərkən Abdullah ibn Ömər ibn Xattabı görməyə nail olduq. Mən və yoldaşım birimiz sağdan birimiz isə soldan onu əhatəyə aldıq. Yoldaşımın sözü mənə həvalə edəcəyini zənn edərək dedim: “Ey Əbu Abdu`r-Rahmən! Bizim tərəflərdə bir qrup insan peyda olub ki, onlar Quran oxuyur, elm öyrənirlər” Mən İbn Ömərə onlar haqqında, onların “qədər yoxdur”, “görülən işlər özü-özünə meydana gəlir” demələrini zikr etdim.

(Abdullah ibn Ömər) dedi: “Əgər onları görsən onlara xəbər ver ki, mən onlardan, onlar da məndən uzaqdırlar. Allah`a and olsun ki, onlardan birinin Uhud dağı qədər qızılı olsa və onu sədəqə versə Allah bunu ondan qədərə iman gətirincəyə qədər qəbul etməz”. Daha sonrda isə dedi: “Atam Ömər ibn Xattab mənə danışdı və dedi ki, bir gün biz Allah Rəsulunun yanında oturmuşduq.......” hədisi sonuna qədər nəql etdi.

Əli ibn Əbu Talib belə rəvayət edir: “Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Bir şəxs bu dörd şeyə iman etmədiyi müddət ərzində iman etmiş olmaz; 1-Allah`dan başqa ibadətə layiq heç bir ilah olmadığına, 2-Mənim Allah`ın elçisi olduğuma və məni haqq ilə göndərdiyinə, 3-Ölümə və ölümdən sonraki dirilməyə, 4-Qədərə”. (Tirmizi, İbn Macə)