Skip to main content


Ramazan orucunu qəsdən pozanın kəffarəsi

Əbu Hüreyrədən belə dediyi rəvayət olunmuşdur: “Biz Allah Rəsulu salləllahu əleyhi və səlləmin yanında oturmuşduq. Bir nəfər gələrək belə dedi: “Ey Allah`ın Rəsulu mən həlak oldum”. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Sənə nə olub?”. O dedi: “Mən oruclu ikən cima etmişəm”. (Bir başqa rəvayətdə deyilir: “Ramazanda cima etmişəm”) (Daha sonra aralarındakı dialoq belə davam etdi):

– “Sən bir kölə azad edə bilərsənmi?” 

– “Xeyr”

– “İki ay ard-arda oruc tuta bilərsənmi?”

– “Xeyr”

– “Altmış kasıbı doydura bilərsənmi?”

– “Xeyr”

Peyğəmbər salləllahu əleyhi və səlləm  bir müddət heç nə demədi.  Biz elə bu vəziyyətdə oturmuşkən Peyğəmbər salləllahu əleyhi və səlləmin  yanına içində xurma olan bir zənbil gətirdilər. O buyurdu: “Sual verən haradadır?”.  Həmin şəxs cavab verdi. Peyğəmbər salləllahu əleyhi və səlləm  (zənbili ona göstərərək) “götür bunu apar  sədəqə ver” deyə buyurdu.  O dedi: “Ey Allah`ın Rəsulu! Məndən daha kasıb olan varmı ki, ona verim? Allah`a and olsun ki, mənim yaşadığım yerdə ailəmdən daha kasıb bir ailə yoxdur”. Peyğəmbər salləllahu əleyhi və səlləm  bərk güldü və buyurdu: “Onda ailənə yedizdir”. (Buxari 1936, Müslim 1111)

Kəffarə sözü kəfəra felindən yaranmış bir söz olub ört-basdır etmək, üstünü örtmək mənasında istifadə olunur. Termin olaraq isə kəffarə sözü edilən günahı silmək, o günahı meydana gətirən səbəbi ortadan qaldırmaq deməkdir.

Orucun qəsdən yemək və ya içməklə pozulması məsələsində alimlər iki müxtəlif görüş irəli sürmüşlər.

Birinci görüşə görə Ramazan ayında yemək və ya içməklə pozulan oruc üçün kəffarə lazımdır. Hənəfilər və malikilər bu görüşü dəstəkləmişlər. Bundan başqa tanınmış alimlərdən Əta, Həsən əl-Bəsri, İmam Zühri, Sufyən əs-Səvri, Əvzai, İshaq ibn Rahaveyh və Əbu Səvr də bu görüşdə olmuşlar.

Bu görüşdə olan alimlər “əl-Muvatta” kitabında Əbu Hüreyrədən rəvayət olunan hədisi dəlil gətirmişlər. Hədisdə deyilir ki, bir nəfər Ramazan ayında orucunu pozdu. Peyğəmbər salləllahu əleyhi və səlləm ona bir kölə azad etməyi, gücü çatmayacağı təqdirdə iki ay dalbadal oruc tutmağı, ona da gücü çatmayacağı təqdirdə altmış kasıbı yedizdirməyi əmr etdi.

Amma orucu yemək və ya içməklə pozan şəxsə kəffarə lazım olmadığını deyən alimlər bu hədisin Buxari və Müslimdə nəql olunan rəvayətində sözü gedən şəxsin orucunu cima ilə pozduğunun  bildirildiyini söyləmişlər.

Birinci görüşdə olan alimlərin fikrincə belə şəxslər orucu pozduqları hər gün üçün bir gün qəza orucu tutmalı və bir kölə azad etməlidirlər. Kölə azad etməyə gücü çatmayanlar kəffarə olaraq ya altmış gün dayanmadan oruc tutmalı, ya da altmış yoxsulu yedizdirməlidirlər.

Məsələylə bağlı ikinci görüşə görə isə Ramazan orucunu cima xaricində yemək və ya içməklə pozan şəxs həmin günün qəzasını tutar, kəffarə isə həmin şəxsə lazım olmaz. Şafii və hənbəlilər bu görüşü götürmüşlər. Tanınmış alimlərdən isə Səid ibn Cübeyr, Nəxai, İbn Sirin və Davud ət-Tai kimi məşhur şəxslər bu görüşü dəstəkləmişlər.

Bu fikirdə olan alimlər deyirlər ki, yemək və ya içməklə qəsdən orucu pozan şəxsə kəffarə gərəkdiyi haqda heç bir dəlil yoxdur. Mövcud olan dəlillər sadəcə orucu cima ilə pozanlar üçündür ki, bu da Ramazan ayına böyük hörmətsizlik sayıldığı üçündür.

Bu görüşdə olan alimlərin dəlillərindən biri də Tirmizinin, Əbu Davudun və İbn Məcənin Əbu Hüreyrədən rəvayət etdikləri bu hədisdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm demişdir: “Kim qəsdən (yediklərini) qaytararsa (orucunun) qəzasını tutsun”. Bunlara Peyğəmbər salləllahu əleyhi və səlləm qəsdən qaytaran şəxsin həmin orucun qəzasını tutmasını əmr etmiş, həmin şəxs üçün kəffarə olduğunu deməmişdir.  

Cumhur üləmanın fikrincə kəffarə qismində yerinə yetiriləcək olan əməllərin ardıcıllığı pozulmamalıdır. Orucu cima ilə pozan şəxs bacardığı qədər kölə azad etməli, gücü çatmayacağı təqdirdə iki ay dayanmadan oruc tutmalı, buna da gücü çatmayacağı təqdirdə altmış nəfər kasıbı yedizdirməlidir.

Amma malikilərə görə isə orucu pozan şəxs bu deyilənlərdən istədiyi birini seçmək hüququna malikdir.

Bu iki görüş arasında ən doğru olanı isə cima xaricində orucu qəsdən pozan şəxsə kəffarənin vacib olmamasıdır. Çünki kəffarənin tələb olunması ilə bağlı dəlil təkdə cima üçün mövcuddur. Orucun bu yolla pozulması digər yollarla pozulmasından daha pis hörmətsizlikdir.

Allah ən doğrusunu biləndir.