Skip to main content


Orucu pozan və pozmayan hallar

Ramazan 11 ayın sultanı və Allaha yaxınlaşmaq üçün ən böyük fürsətdir. Allah Təalə bu ay haqqında Qurani Kərimdə belə buyurur:

"İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Qur´an) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) tə´zim və şükür edəsiniz. (Bəqərə 185)

Allah Rəsulu-sallalahu aleyhi və səlləm-Ramazan haqqında belə buyurur:
"Əgər qullar, Ramazanın fəzilətlərini bilsəydilər, bütün ilin Ramazan olmasını arzu edərdilər ..." (Heysəmi, III, 141)
Kim fəzilətinə inanaraq və qarşılığını Allahdan umaraq Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman: 28, Savm: 6)
Ramazan ayının başlaması ilə bir çoxları orucu pozan və pozmayan amillər baxımından problemlər yaşayır. İnsanlar bəzən bilmədikləri üçün orucu pozan və pozmayan amillərdə yanılırlar. Bu problemləri bacardığımız qədər aradan qaldırmaq məqsədilə qısa şəkildə sizlərə mövzunu təqdim etmək qərarına gəldik. İlk öncə orucu pozmayan hallara baxacağıq.

Aşağıdakı hallar orucu pozmaz:

1. Gözlərə sürmə çəkmək 

2. Göz damcılarından istifadə etmək

3. Qulaq damcılarından istifadə etmək 

4. Astma və oksigen inglyatorlardan istifadə etmək

5. Diabet xəstələri üçün insulin inyeksiyaları

6. Dişlərin təmizlənməsi və plomblanması, diş anesteziya inyeksiyalar 

7. Qeyri ixtiyari, özündən asılı olmadan qusmaq 

8. Ətirlərdən istifadə etmək və ətri nəfəsə çəkmək

9. Boğazdan gələn bəlğəmi udmaq 

10. Oruclu ikən unudaraq və bilmədən yemək və ya su içmək 

11. İhtilam (yuxuda qeyri-iradi boşalma) 

12. Dodaq boyasından (udmamaq, dodaqları yalamamaq şərtilə) istifadə etmək . 

13. Makiyajdan istifadə 

14. Diş pastasından (Mədəyə düşməməsi şərtilə) istifadə etmək. 

15. Burun damcılarından (mədəyə düşməməsi şərtiylə) istifadə etmək. 

16. (əgər ehtiyac varsa) Udmadan qidanın dadına baxmaq 

17. Müalicə üçün boğazı yaxalamaq  

18. Ümumi analiz vermək 

19. Misvakdan (ətirli maddələrin əlavəsi olmadan) istifadə etmək

20. Baxışı təkrarlamadan məzi (kiçik həcmdə yapışqan maye) gəlməsi 

21. Hacamat (bədəndə xəstəliklərə səbəb olan qanın vakumlanaraq çıxarılması)

22. Qeyri-ixtiyari şəkildə və sonra (başqa bir hərəkət etmədən) boşaldıqda ya da sidik yoluna (dərman və s.,) damlatdıqda

23. (qidalandırıcı tərkibi olmayan) Əzələdaxili, venadaxili və dərialtı inyeksiyalar  

24. Udmamaq şərtilə burundan qan axma və qanaxmayla dişin çəkilməsi.

25. Pensilin inyeksiyaları. 

26. Ağıza yığılan tüpürcəyi udmaq 

27. (mədəyə su getməsini önləmək şərtiylə) Duş qəbul etmək, üzgüçülük və s orucu pozmaz .

 

Aşağıdakı hallar isə orucu pozar:

1. Qidalandırıcı iynələr

2. Qəsdən qusmaq

3. Baxışı təkrarlayıb bunun nəticəsində inzal vaqe olsa (yəni məni gələrsə)

4. İstimna (masturbasiya) 

5. Qəsdən büxurun (ətirli tüstü) tüstüsüylə nəfəs almaq

6. (Şəhvət səbəbiylə) öpər yaxud toxunar və bunun nəticəsi olaraq məni boşaldıqda 

7. Siqarət çəkmək 

8. Saqqız çeynəmək və s orucu pozar (dadsız və şirəsiz saqqızlar orucu pozmasa da ehtiyat baxımından çeynəməmək daha yaxşıdır).


 Əgər, axşam olduğunu zənn edərək yeyər və daha sonra gündüz olduğu ortaya çıxarsa, o günün orucunu qəza edər. Əgər Fəcrin (sübh) başlanğıc zamanı barəsində şübhəli (olaraq) yeyərsə orucuna xələl gəlməmişdir. Ancaq günəşin batdığı zaman şübhəli bir şəkildə yeyərsə, (orucu) qəza edər. 

Aşağıdakı şeylərdən oruclu şəxs çəkinməlidir:
1. Tüstüsü daxilə gedəcək qədər isti yeməyi qoxulamaq və ya vacib olmadan dadına baxmaq  
2. Söz gəzdirmək və qeybət etmək 
3. Yalan danışmaq
4. Zinaya baxmaq, naməhrəmlə görüşmək, xoşagəlməz səhnəli kino və seriallar izləmək
5. Söymək, bağıraraq mübahisə etmək

Sadaladığımız məsələlərlə bağlı Peyğəmbər s.a.s bir hədisində belə buyurur: "Oruc tutan qeybət etmədikcə, başqasına əziyyət vermədikcə ibadətdədir." (Deyləmi, İbn Adiy)
Yenə başqa bir hədisdə buyurulur: “Oruc bir qalxandır. Sizdən biriniz oruclu olduğu gün çirkin söz danışmasın, pis iş görməsin, cahillik etməsin. Əgər kimsə ona söysə “mən orucluyam” desin.” (Buxari, Müslim)
3.cü hədisdə isə belə deyilir“Hər kim yalan söz danışmağı və yalanla əməl etməyi tərk eləməsə, onun yeyib-içməsini tərk etməsinə Allahın heç bir ehtiyacı yoxdur.” (Buxari)

Oruc tutmağa mane olan hər hansı səbəb, xəstəlik varsa, o şəxs orucu tutmaya bilər. Heyz halında olan, uşağa zərər gəlməsindən qorxan hamilə və ya süd verən qadınlar buraxdıqları gün sayı qədər Ramazandan sonra digər Ramazana qədər orucun qəzasını tutmalıdır, əgər mümkün olmasa normal hala qayıtdıqdan sonra tutmalıdırlar. Əgər səbəb xəstəlikdirsə və bu sonradan sağalan bir xəstəlikdirsə, həmin şəxs sağaldığı zaman orucunu tutmalıdır. Əgər sağalmayan xəstəlikdirsə, o zaman buraxılan hər gün üçün bir kasıbı doyurmalıdır. Məs, Ramazan 29 gün davam edibsə, ayrı-ayrı günlərdə kasıbı doyura bilər və ya bir gündə 29 kasıbı doyura bilər.  

Orucu cinsi əlaqəyə girərək pozan şəxs Ramazandan sonra həm orucun qəzasını tutmalı, həm də kəffarə verməlidir. Kəffarə olaraq bir şəxsi əsirlikdən xilas etməli, bunu bacarmasa 60 gün dalbadal oruc tutmalıdır. Əgər səhhətiylə əlaqədar oruc tuta bilmirsə 60 nəfər şəxsi doyurmalıdır. Əgər heç cür bu üç şeydən birini edə bilməsə o zaman səmimi şəkildə tövbə edib yaxşı əməllər etməyə çalışmalı və Allahdan bağışlanmağı diləməlidir.
Əgər bir şəxs orucunu cinsi əlaqədən başqa hər hansı bir şeylə, məs qəsdən yemək yeyərək vəya birdən səhhəti pisləşdiyi üçün dərman içərək pozubsa Ramazandan sonra sadəcə həmin günün qəzasını tutmalıdır.
Hər kəsə Ramazan orucunu başdan sonuna qədər ən gözəl şəkildə tutmağa səy göstərməyi tövsiyə edirik.
Allah tutulan orucları, edilən ibadətləri qəbul etsin!