Skip to main content


Fitrə sədəqəsi və onun şərtləri

Fitrə sədəqəsi bədənin zəkatıdır. İnsanı bəlalardan mühafizə edər. Zəkat vermək malı qoruyub bərəkətləndirdiyi kimi fitrə vermək də bədəni qoruyub bərəkətləndirər. Özünün və ailəsinin fitrəsini verən bir müsəlman Allah`ın himayəsinə daxil olar.  Fitrə vermək oruc tutanın günahlarını təmizləyər. Oruc tutanın kiçik günahlarına kəffarə olar. Danışılan pis sözlərin və edilən günah əməllərin bağışlanmasına səbəb olar. Bu barədə Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur: “Fitrə sədəqəsi oruc tutanın pis sözlərindən təmizlənməsidir”. (Əbu Davud, İbn Məcə)

Fitrə zəkatını çıxarmağın hökmü vacibdir. Yəni fərzdir. Çünki əgər kimsə Ramazan ayında fitrə zəkatı çıxarmasa o mütləq bunun qəzasını yerinə yetirməlidir. Bunu Peyğəmbər salləllahu əleyhi və səlləm fərz etmişdir. Abdullah ibn Ömər radiyallahu anhu demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm fitrə zəkatını 2,5 kq xurma və ya buğda(dan verilməsini) fərz etmişdir”. (Buxari: 1433, Müslim: 984) Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Ana bətnində olan uşaq üçün fitrə verilməsi isə vacib deyil lakin müstəhəb əməldir. 

Fitrə zəkatı 3 şərtlə vacib olur:

1. Müsəlman olmaqla

2. Şəxsin həm özünə, həm də ailəsinə bayram günü və gecəsində yetəcək qədər yemək olmasıyla.

3. Ramazanın son günündə günəşin batmasıyla.

Bu şərtə əsasən Ramazanın son günü günəş batdıqdan sonra ölən bir şəxsə də fitrə zəkatı vacib olur. İstər fitrə zəkatını verməyə şərait olsun, istərsə də imkan etmədən ölsün fərq etməz. Lakin günəş batdıqdan sonra doğulan uşaq üçün fitrə zəkatı vacib olmaz, əks haıda vacib olar.  Ramazanın son günü günəş batmadan öncə ölən şəxsa də vacib olmaz.

Müsəlmanın fitrə zəkatını verməklə məsul olduğu şəxslər

Yuxarıdakı 3 şərt tamamlanan hər bir şəxsin özü və himayəsində olan atası, anası, nənə və babası, uşağı və həyat yoldaşı üçün fitrə zəkatı verməsi vacibdir. Lakin həmin şəxsin həddi büluğa çatan və işləməyə gücü olan uşağı varsa, onun üçün fitrə zəkatı verməsi vacib deyildir (övladı özü verə bilər).   Himayəsində olmayan qohumları üçün fitrə zəkatı verməsi ona vacib deyildir. Bir şəxsin malı, himayəsində olan kəslərin hamısının sədəqəsini verməyə yetəcək qədər deyilsə, gücü çatdığı qədər şəxs üçün fitrə çıxarmalıdır. Belə olarsa imkana görə ardıcıllıq belə olmalıdır: öncə özünün, sonra həyat yoldaşının, sonra kiçik övladının, sonra atasının, sonra anasının, sonra işləməkdən aciz olan böyük oğlunun fitrə zəkatını verməlidir.  (Mutafa əl-Xin, Mustafa əl-Buğə “Böyük Şafii Fiqhi” 1/250)

Fitrə zəkatının cinsi və miqdarı

Fitrə zəkatı ən çox yeyilən qidalardan verilməldir. Misal üçün buğda, arpa, qənd, düyü, un, çay bir sözlə gündəlik təlabat olan bütün ərzaq növləri ilə fitrə sədəqəsini vermək olar. Fitrə hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər salləllahu əleyhi və səlləm bunu təyin etməmişdir. (İbn Baz) Fitrə miqdarı isə yuxarıdakı hədisdə də bildirildiyi kimi 2.5 kq-dır. Müasir şafii alimləri bu gün bu məsələdə Əbu Hənifənin görüşünü götürməyi də mümkün sayırlar. Belə ki, hənəfi məzhəbi fitrə zəkatını qida əvəzinə pulla verməyin daha asan olduğunu bildirir. Beləcə fitrə zəkatını alan şəxs öz ehtiyacına uyğun olaraq bazarlıq edəcək və Ramazan bayramını qeyd edə biləcəkdir. Günümüz hesablamasıyla bu təxmini adam başına 5-7 AZN edir. (Mutafa əl-Xin, Mustafa əl-Buğə “Böyük Şafii Fiqhi” 1/250)

Fitrə zəkatının vaxtı

Fitrə zəkatını çıxarmağın icazəli olduğu vaxt Ramazanın başından başlayıb bayramın birinci günü günəş batmasıyla bitər. Lakin vacib olma vaxtı isə Ramazanın son günü günəşin batmasıyla başlayar. Kim bayram namazına qədər fitrə zəkatını çıxarsa o fitrə zəkatı çıxarmış kimi savab qazanır, kim bayram namazından sonra çıxarsa artıq o fitrə zəkatı olmaq hökmündən çıxır və sədəqə hesab olunur. Fitrə zəkatını çıxarmağın ən fəzilətli vaxtı Ramazanın son günü məğrib namazından sonra bayram namazına qədərdir. Bunun dəlili Peyğəmbər salləllahu əleyhi və səlləmin İbn Ömərdən rəvayət olunan bu hədisidir: “Xalq Bayram namazına çıxmadan öncə fitrə sədəqəsini verin”. (Buxari: 1432) İmam Şafii fitrə zəkatının bayram gününün sonuna təxir edilməsinin məkruh olduğunu bildirir. Əgər bayram günü verilməzsə o şəxs günahkar olar və qəza etməlidir.