Skip to main content


İstinca

Buxari (155) və başqaları İbn Məsud radiyallahu anhın belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm böyük su başına çıxdı və mənə üç dənə daş gətirməyimi əmr etdi”. 

Əbu Davud (40) və başqaları Aişə anamızdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Sizdən biriniz su başına çıxarkən özü ilə üç daş götürsün və onlarla istinca etsin. Bu ona kifayət edər.”.

İstinca üçün daş əvəzinə quru və təmiz şeylərdən istifadə etmək olar.

Əbu Davud (44), Tirmizi (3099) və İbn Məcə (357) Əbu Hüreyrə radiyallahu anhdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. (Tövbə 108) ayəsi Quba əhalisi üçün nazil olmuşdu. Onlar su ilə istinca edirdilər”.  

Bu məsələdə ən doğru olanı isə əvvəlcə daşla, daha sonra isə suyla təmizlənməkdir. Bunlardan sadəcə birilə də kifayətlənmək caizdir. Məsələn ya suyla kifayətlənmək ya da ki, üç daşla təmizlənmək olar. Təbii ki, ikisindən birilə kifayətlənəcəyin halda suyla təmizlənmək daha üstündür.

Səhrada (və ya açıq sahələrdə) su başına çıxıldığı zaman üzü və ya arxasıyla qibləyə yönəlməkdən çəkinmək lazımdır. Həmçinin durğun sularda, meyvə ağaclarının və kölgə təmin edən ağacların altında, su başına çıxmaq, öz ehtiyacını yerdəki dəliklərə (heyvan yuvası və s.) etmək qadağandır.

Buxari (386) və Müslim (264) Əbu Əyyub əl-Ənsari radiyallahu anhdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvaət etmişlər: “Su başın açıxarkən önünüz və arxanızla qibləyə yönəlməyin. Amma şərqə və ya qərbə yönələ bilərsiniz”. Bu hədisdə qeyd olunan əmr səhra və ya ona bənzər açıq məkanlara aiddir. Bunun dəlili Buxari (148), Müslim (266) və başqalarının İbn Ömər radiyallahu anhdan rəvayət etdikləri bu hədisdir: “Hafsa radiyallahu anhənin evinin üstünə çıxmışdım və Peyğəmbər salləllahu əleyhi və səlləmin arxası qibləyə, üzü Şama doğru su başına çıxdığını gördüm”.

Müslim (281) və başqaları Cabir ibn Abdullah radiyallahu anhdan Peyğəmbər salləllahu əleyhi və səlləmin durğun sularda su başına çıxmağı qadağan etdiyini rəvayət etmişlər. Əgər durğun sularda kiçik su başına çıxmaq qadağan olunmuşdursa böük su başına çıxmaq bu baxımdan daha əxlaqa zidd sayıla bilər. Buradakı qadağa kərahəti (durğun sularda ehtiyacını ödəməyin məkruh olduğuna) işarədir. İmam Nəvəvi isə bu işin haram olduğu görüşünə olmuşdur. (Müslimin şərhinə: 3\187 bax)

Müslim (269) və başqaları Əbu Hüreyrə radiyallahu anhdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişlər: “İki lənətdən qorxun” Dedilər ki, o iki lənət hansılardır? O buyurdu: “İnsanların yolunun üstündə və ya kölgələndikləri yerdə ehtiyacını ödəmək”.

Əbu Davud (29) və başqaları Abdullah ibn Sərcəs radiyallahu anhdan belə dediyini rəvayət etmişlər: “Allah Rəsulu salləllahu əleyhi və səlləm öz ehtiyacını yerdəki dəliklərə etməyi qadağan etmişdir”.

Bundan əlavə su başına çıxarkən danışmaq, günəşə və ya aya yönəlmək (ön və ya arxa tərəfilə) də caiz deyildir.

Müslim (370) və başqaları Abdullah ibn Ömər radiyallahu anhdan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləm su başında ikən bir nəfər ona salam verdi. O isə salamı almadı”.

Əbu Davud (15) və başqaları Əbu Səid əl-Xudri radiyallahu anhdan belə dediyini rəvayət etmişlər: “Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu eşitdim: “Sizdən iki nəfər su başına çıxdığı zaman övrət yerləri açıq halda danışmasın. Heç şübhəsiz ki, Allah təala buna qəzəblənər”.

Su başına çıxmazdan əvvəl və sonra Peyğəmbər salləllahu əleyhi və səlləmdən sabit olan dua və zikrləri etmək müstəhəbdir. Ayaqyoluna girməzdən əvvəl bu zikri etmək lazımdır:

بِسْمِ اللهِ، اللّهُمَّ إِنِّي أّعُوذُ بِكَ مِنَ الخُبُثِ وَ الخَبَائِثِ

“Bismilləh, Əllahummə inni əuzu bikə minə`l-xubusi və`l-xabəisi” (Buxari (142), Müslim (375), Tirmizi (606))

Ayaqyolundan çıxdıqdan sonra ediləcək zikr isə belədir:

غُفْرَانَكَ، الحَمْدُ للهِ الّذِي أَذْهَبَ عَنِّي الأَذَى وَ عَافَانِي، الحَمْدُ للهِ الّذِي أَذَاقَنِي لَذَّتَهُ وَ أَبْقَى فِيَّ قُوَّتَهُ وَ دَفَعَ عَنِّي أَذَاهُ

“Ğufranəkə, Əlhəmdululləhi`l-ləzi əzhəbə ənni`l-əzə və əfəni, əlhəmdulilləhi`l-ləzi əzəqani ləzzətəhu və əbqa fiyyə quvvətəhu və dəfəə ənni əzəhu” (Əbu Davud (30), Tirmizi (7), İbn Məcə (301), Tabərani)