Skip to main content


Təyəmmüm və onun şərtləri

Təyəmmümün şərtləri beşdir:

1. Xəstəlik və ya səfər kimi üzrlü halların olması.

Allah təala buyurur:

وَإِنْ كُنْتُمْ مَرْضَىٰ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا

Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin. (Maidə 6)

Buxari (341) və Müslim (682) İmran ibn Husayn radiyallahu anhumadan belə dediyini rəvayət etmişdir: “(Bir dəfə) Allah Rəsulu salləllahu əleyhi və səlləmlə səfərdə idik. O camaata namaz qıldırdı və bir nəfərin kənarda durduğunu gördü. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Səni (bizimlə) namaz qılmaqdan çəkindirən şey nədir?” O dedi: “Cünub olmuşam. Su isə yoxdur”. Peyğəmbər salləllahu əleyhi və səlləm buyurdu: “Torpaqla (təmizlən) o sənə bəs edər”.

2. Namaz vaxtının girməsi.

Buxari (328) Cabir radiyallahu anhdan Peyğəmbər salləllahu əleyhi və səlləmin belə buyurduğunu rəvayət etmişdir: “Yer (üzü) mənim üçün məscid (namazgah) və təmiz buyrulmuşdur. Ümmətimdən hər hər bir kəs namazın vaxtı ona çatan kimi namazını qılsın”. İmam Əhmədin (2\222) rəvayətində isə belə dyilir: “Namazın vaxtı harada mənə yetişərsə məsh edib namazımı qılıram”.

Bu rəvayətlər onu göstərir ki, namazın vaxtı girdiyi zaman su tapılmazsa təyəmmüm alıb namazı qılmaq lazımdır.

3. Suyun olmaması və ya istifadəyə yararsız olması. (Suyun istifadəyə yararsız olması dedikdə buna misal olaraq suya hər hansı bir natəmiz şeyin qarışmasını göstərmək olar. )

4. Su olduğu halda istifadəsinin zərərli olması təhlükəsi. (Su olduğu halda onu isitmək mümkün olaması və ya qüsl alındığı zaman xəstələnmək təhlükəsilə üz-üzə qalındığı hallar.)

5. Tozu olan təmiz torpağın olması. Əgər torpağa gips və ya qum qarışsa onunla təyəmmüm etmək caiz deyildir.