Skip to main content


Arafa günü və Qurban bayramı

Allah`ın salavatı və salamı Onun elçisi Muhammədə, onun səhabələrinə və onlara gözəl bir şəkildə tabe olanların üzərinə olsun.

Zilhiccə ayının doqquzuncu günü hacıların Ərafat dağında toplanmaları səbəbi ilə bu günə “Ərafa günü” deyilmişdir. Arafat dağında vəqfəyə dayanmaq Həccin rükunlarındandır və Peyğəmbərimiz salləllahu əleyhi və səlləm bir hədisində də belə buyurur: “Həcc Ərafadır!” Bu gün də Həcc ibadəti sona çatır və Zilhiccə ayının onuncu günü qurbanlar kəsilir və bayram edilir.

İslam alimlərinə görə Arafa günü, günlərdən ən fəzilətlisi sayılır və bu günü Qədr gecəsi ilə müqayisə edirlər. Aralarındakı fərq ondan ibarətdir ki, Qədr gecəsinin dəqiq günü bilinmir, ancaq Ərafa gününün hansı gün olduğunu bilirik.

Ərafa günündə daha çox dua etmək gərəkdir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurub: “Günlərin ən fəzilətlisi Ərafa günü, duaların ən fəzilətlisi də bu gündə edilən duadır. Mənim və məndən əvvəlki peyğəmbərlərin söylədiyinin ən üstün olanı “Lə iləhə illəllah. Vəhdəhu lə şərikə ləh. Ləhu`l-mulku və ləhu`l-həmdu və huvə alə kulli şey in qadir” sözləridir.”

Ərafa günü oruc tutmaq müəkəd sünnətlərdəndir. Hafsa və Ummu Sələmə radiyallahu anhumə rəvayət etmişdirlər ki, “Allah Rəsulu sallallahu əleyhi və səlləmin Zilhiccənin ilk doqquz günü, Aşura (Məhərrəmin onuncu) günü və hər (hicri) ayın ilk bazar ertəsi günü ilə sonrakı iki Cümə axşamı günləri olmaq üzrə 3 gün oruc tutardı”. (Əbu Davud, Əhməd, Albani. Hədis səhihdir). İmam Nəvəvi rahiməhullah belə demişdir: “Zilhiccə ayının ilk on günü tutulan oruc, çox müstəhəbdir”.

Həmçinin digər bir hədisdə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurur: “Bu günün orucu keçmiş və gələcək bir ilin günahlarının bağışlanmasına səbəb olar”.

Qurban bayramı və fəziləti

Qurban kəsmək ibadəti İslamdan da əvvəl mövcud olmuşdur və bizim dinimizdə hicrətin ikinci ilində əmr edilmişdir. Demək olar ki, bütün ilahi dinlərdə qurban ibadətinin olduğu Qurani Kərimin bir çox ayəsində qeyd edilib. Üç səmavi dinin- yəhudilik, nəsranilik və İslam dinində müxtəlif formada qurbanlıq mövcuddur. Lakin İslamda bu ibadət xüsusi bir əhəmiyyət kəsb edir. Onun əsasında Allah`a sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur.

Qurban, ibadət niyyəti ilə Qurban bayramı günlərində qoyun, keçi, sığır, dəvə və camış cinsindən olan bir heyvanı, Allah`ın razılığını qazanmaq məqsədi ilə kəsməkdir. Qurban kəsmək Allah`a bir təşəkkür borcudur və sünnət olan bir ibadətdir. Bu ibadətin əsası insanı Allah`a yaxınlaşdıran maddi fədakarlıq və Onun əmrinə bağlılıqdır. Allah belə buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allah`a çatmaz. Allah`a çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir)”. (Həcc 37)

Qurban bayramı hicri təqvimi ilə Zülhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün yəni bayramın dördüncü gününün əsr namazına qədər davam edir. Qurban kəsməyin vaxtı, bayram namazından sonra bayramın ilk üç günüdür. Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlıların imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın.

Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allah`ın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır.

Peyğəmbər salləllahu əleyhi və səlləmin mövzu ilə əlaqəli hədislərindən birində belə ifadə edilir:

“Adəmoğlu qurban bayramı günü Allah qatında qurban kəsməkdən daha sevimli bir iş etməz. Şübhəsiz ki, kəsilən qurban qiyamət günü buynuzları, tükləri və dırnaqları ilə gələr. Heç bir şübhə yoxdur ki, kəsilən qurbanın qanı yerə axmamışdan əvvəl Allah`ın yanında qəbul edilir. Elə isə könüllərinizi qurbanla xoş eləyin.”

Bu hədisdən və başqa hədislərdən də, başa düşdüyümüz kimi, Qurban kəsən adam kəsdiyi heyvanın hər tükünə görə savab qazanır, hər savab isə on qatına qədər artırılır və Qurbanın ilk damla qanı axanda onu kəsənin günahı bağışlanır.

Allah bu ibadətlə bizə bir neçə hikməti öyrətmişdir və bunları aşağıdakı kimi sıralaya bilərik:

1-Allah`a yaxınlaşmaq.

2-Oğlu İsmaili Allah üçün qurban deyən əcdadımız İbrahimin sünnəsini diriltmək.

3-Bayram günü ailə üçün rahatlıq, kasıb və fəqirlərə mərhəmət və müsəlmanların bir – birinə yardımı.

4-Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allah`a həmd etmək.