Xoşbəxt bir həyatı necə əldə edə bilərik?

Bəzi uşaqlar bütün gecəni kompüterdə və ya “PlayStation” – deyə, adlandırdığımız oyun kompüterində oyunlar oynayır və bundan sonra onların başı ağrıyır. Ancaq oyunu bitirdikdən sonra, özlərini “xoşbəxt” hiss edirlər. İş sahibi olan bir kəsə işdən zəng vurub deyirlər ki, “Bu gün qar yağdığı üçün, işə gəlməyə bilərsən”. Nəticədə nə olar? Həmin insan “xoşbəxt” olar. Və ya bəzi insanlar hər hansı bir filmi izləyər, həmçinin “kafelərdə, barlarda, diskotekalarda”– vaxtlarını, “gülərək, əylənərək” – keçirər və özlərini “xoşbəxt” hesab edərlər. Göründüyü kimi, bu kimi kiçik məsələlərdə insanların özlərini “xoşbəxt” hesab etməsi, çox asan bir şeydir. Bu cür yanaşdığımız zaman “xoşbəxt” olmağın çox asan bir şey olduğunu görərik. Ancaq bu “xoşbəxtlik” gələr və sonra isə, çıxıb gedər... O cür insanlar bundan sonra – sıxılar, hüzn içərisində olar və yenidən “xoşbəxt” olmaq istəyərlər. Hər zaman keçici olan və heç bir zaman onlarla birlikdə olmayacaq (dırnaqarası) “xoşbəxtliyin” daim arxasınca gedərlər. Bəs bunun sübutu nədir? O cür insanların bu cür əyləndikləri şeylərlə yox, onları sıxıntıya sala biləcək şeylərlə qarşı-qarşıya qaldıqları zaman onların nə cür davranmalarıdır. Əlbəttə, o cür insanların daim depressiya içərisində olacağını demirik. Ancaq xəstələndikləri zaman, imtahanlara hazırlaşdıqları zaman, “iki saatlıq, üç saatlıq bir imtahanda olduqları zaman”, idmanla məşğul olub bunun istədikləri kimi nəticəsini görmədikləri zaman, tərləyib ətrafa pis qoxu yaydıqları zaman, ölüm ayağında olduqları zaman – o cür insanların “xoşbəxt” olmadıqlarını görmək olar.

“Həqiqi xoşbəxtliyi” əldə etmiş kimsələr belədirmi? Onların misal gətirdiklərimiz kimi, xoşlarına gələn və ya xoşlarına gəlməyən şeylərlə qarşı-qarşıya qaldıqları zaman davranışları nə cür olur?

Həqiqi xoşbəxt bir həyata çatmağın yolu və təməli – sağlam iman və saleh əməllərdir. Yəni, insan sağlam iman gətirərək və saleh əməllər edərək, həqiqi xoşbəxt ola bilər. Uca Allah Öz müqəddəs kitabı olan Qurani Kərimdə buyurur: “Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq”. (Nəhl 97)

Uca Allah sağlam iman gətirən və saleh əməllər edən kimsələrə bu dünya həyatında – xoş bir həyat yaşadacağını, eyni zamanda, həm bu dünyada, həm də əbədi qalacaqları axirət diyarında gözəl bir mükafat verəcəyini xəbər verir və vəd edir. Bunun səbəbi olduqca açıqdır: Qəlblərində olan doğru Allah inancının nəticəsi olaraq, möminlərdən dünya və axirət həyatını islah edən əməllər ortaya çıxar. Onlar elə xüsusiyyətlərə sahibdirlər ki, əldə etdikləri sevinc səbəbi ilə, üzüntü, kədər və sıxıntı hallarını ən doğru şəkildə qarşılayarlar.

O kəslər sevinc və xoşbəxtlik tələb edən halları doğru şəkildə qarşılayar və onlara görə şükür edərlər. Bu cürə qarşılamaları onların daha çox sevinməsinə, bu gözəl hallarının (yəni, sevincli və xoşbəxt hallarının) davamına və bərəkətlənməsinə, şükür edənlərin mükafatına ümid etmələrinə, özlərində xoşbəxt, rahat və sakit bir halın ortaya çıxmasına səbəb olar.

Eyni şəkildə, sağlam iman və saleh əməl sahibləri başlarına gələn kədəri, sıxıntını, üzüntünü özləri üçün mümkün olacaq şəkildə doğru müqavimət göstərərək qarşılayarlar; nəticə olaraq bu müqavimət onların sıxıntılarını yüngülləşdirər, qaçınılmaz olan şeyləri isə, səbir edərək qarşılayarlar. Beləliklə, xoşlarına gəlməyən şeylərin ardından doğru müqavimət, həyat təcrübəsi, güc, səbir, əcr (yəni, savab) və mükafat ümidi kimi elə böyük nəticələrə gəlib çatarlar ki, xoş olmayan o halları gözdən itib gedər və onların yerini sevinc və gözəl ümidlər, bundan başqa, Allah`ın lütf və savabını ümid etmək olar. Necəki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləm bu barədə buyurmuşdur: “Möminin işi təəccüblüdür! Həqiqətən, bütün işləri onun xeyrinədir. Ona sevindirici, xoş bir şey gəldikdə, şükür edər, bu, onun üçün xeyir olar. Ona xoşagəlməz, kədərləndirici bir şey gəldikdə isə səbir edər, bu da, onun üçün xeyir olar. Bu, mömindən başqa bir kəsə xas olan bir şey deyildir”. (Muslim)

Bu hədis – bizlərə, möminin istər xoşuna gəlsin, istərsə də gəlməsin, qarşı-qarşıya qaldığı bütün halların nəticəsində əldə edəcəyi qəniməti, mükafatı və xeyri xəbər verməkdədir. Bizlər xeyir və ya şər olan hallardan hər hansı biri ilə qarşı-qarşıya qalan iki fərqli insanın, bu hadisəni nə cürə qarşılamasında böyük bir ölçüdə fərqli davranış göstərdiklərini bilirik. Bu, onların sağlam iman və saleh əməl etmək baxımından fərqlərinə görə dəyişir. Sağlam imana və saleh əmələ sahib olan bir kimsə xeyri və ya şəri yuxarıda bəhs etdiyimiz – şükür, səbir və bunlara bağlı olan xüsusiyyətlərlə qarşılayar. Bunun nəticəsində, sevinər, fərəhlənər, kədəri və üzüntüsü, rahatsızlıqları, sıxıntıları yox olar və beləcə, o kəslərin bədbəxt bir həyat sürməsindən danışmaq belə olmaz. Bu dünyada xoş və rahat bir həyat yaşayarlar.

Sağlam imana və saleh əməllərə sahib olmayan kimsələr isə, başlarına gələn çətinlikləri, sıxıntıları doğru şəkildə qarşılamazlar. Onların qəlbləri əsla tam şəkildə rahat ola bilməz, onların qəlbləri və düşüncələri darmadağındır. Çünki sevdikləri şeylərin əllərindən getməsindən qorxar və davamlı olaraq zövq aldıqları şeylərin onlardan getməsinə mane olmaq haqqında düşünərlər. Bundan başqa insan nəfsi əsla bir nöqtədə dayanmaz. Əksinə, davamlı olaraq daha çoxunu və daha fərqlisini arzu edər. Fərz edək ki, o cür insanlar bu istəklərinin hamısını əldə edib. Ancaq belə halda bilməliyik ki, belə bir kimsə, yuxarıda keçən səbəblərə görə yenə də narahat və sıxıntı içərisindədir. Xoşuna gəlməyən şeyləri isə, narahatlıq, səbirsizlik və qorxu ilə qarşılayar.

Bütün bunlar təcrübə əsasında görülən şeylərdir. Doğru imanı sayəsində saleh əməllər edən kimsə ilə, belə olmayan bir kimsə arasında böyük bir fərq görülməkdədir. Doğru imana sahib olan bir kimsənin başına – xəstəlik, kasıblıq və ya bunlara bənzər hər hansı bir sıxıntı gələrsə, sahib olduğu sağlam iman, Allah’ın onun üçün yazdığı qədərə razılıq göstərmək kimi xüsusiyyətləri səbəbilə – gözünün aydın, özünün rahatlıq içərisində olduğunu, onun qədərində olmayan bir şeyi tələb etmədiyini, dünyəvi işlərdə daim özündən aşağıda olanlara baxıb, öz halına şükür edib, özündən yuxarıda olanlara baxmadığını görmüş oluruq. Əlavə fayda olaraq onu qeyd edək ki, qeyd etdiyimizin əksinə, insan dini məsələlərdə özündən aşağıda olanlara yox, özündən yuxarıda olanlara baxmalıdır.

Hətta bəzən onun sevincinin, xoşbəxtliyinin və rahatlığının – bütün dünyəvi istəkləri yerinə yetmiş, lakin bu saydığımız xüsusiyyətlərə sahib olmayan kimsələrdən daha da irəlidə olduğunu görərik. Digər tərəfdən sağlam iman sahibi olmayan kimsələrin – kasıblıq və yaxud dünyəvi istəkləri yerinə yetməyən zaman, son dərəcə narahat və sıxıntılı olduğunu görərik.

Qorxmağa səbəb olacaq şeylər baş verdiyi zaman – imanı sağlam, qəlbi sabit, qarşılaşdığı bu sıxıntını səbirlə və şükürlə qarşılama imkanına sahib olan bir kimsə, başına gələn bu hadisəyə özünü hazırlamış olar. Digər tərəfdən, sağlam imanı olmayan bir kimsə isə, bunun əksinə, səbir və şükür etməz, sinirləri gərilər, düşüncələri dağınıq hala gələr, qorxu və narahatlıq onu əhatə edər. Bu cür insanlar səbri və şükrü doğru şəkildə öyrənməlidirlər. Çünki, bu cür olmasına səbəb başına çətin sıxıntılar, onu narahat edən və kədərləndirən hallar qarşısında səbrə və şükrə götürən sağlam imanın olmamasıdır. Sağlam imana sahib olan kimsələr səbrinə, şükrünə, Allaha olan təvəkkülünə (etimadına), Ona güvənib arxalanmasına və Ondan mükafat ummasına görə digər kimsələrdən fərqlidirlər. Uca Allah buyurur: “Əgər siz döyüşdə əziyyət çəkirsinizsə, onlar da siz çəkdiyiniz kimi əziyyət çəkirlər. Lakin siz onların ummadıqlarını Allah`dan umursunuz.” (Nisə 104)

Beləliklə, onlar qorxuları darmadağın edən Allah`ın yardımını və hər zaman Allah`ın onlarla birlikdə olmasını əldə edərlər. Başqa bir ayədə Uca Allah buyurur: “Səbir edin, çünki Allah səbir edənlərlə birlikdədir”. (Ənfal 46)

Kədəri və üzüntünü ortadan qaldıran səbəblərdən birisi də, gözəl sözlər, davranışlar və fərqli-fərqli yaxşılıqlar etməkdir. Çünki, bunların hamısı xeyir və yaxşılıqdır. Uca Allah edilən yaxşılıqlara görə insanlardan üzüntünü və kədəri uzaqlaşdırar. Ancaq mömin kimsənin bu etdiyi əməllərdən alacağı pay daha çoxdur. Çünki, o, etdiyi yaxşılığı ixlasla (yəni, xalis olaraq Allah üçün) və savabını Allah`dan umaraq edir. Buna görə də, Uca Allah onun üçün istədiyi xeyir səbəbilə, etdiyi yaxşılıqları asanlaşdırar, pislikləri isə, ondan uzaqlaşdırar. Uca Allah buyurur: “Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi, yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin (dəvəti) isə, istisnadır. Kim bunu Allah`ın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik”. (Nisa 114)

Sonda isə, bilməliyik ki, xeyir işlər – xeyri cəlb edər və şəri uzaqlaşdırar. Etdiyi xeyrin mükafatını Allah`dan gözləyənə də, Uca Allah böyük bir mükafat (yəni, savab) verər.
Bu məqalənin hazırlanmasında əsas olaraq Abdurrahmən əs-Sədi`nin “Əl-Vasəilul Mufidəti lil-Həyətis Səidəti” kitabından istifadə edilmişdir.

Tunar Süleymanlı

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.