Skip to main content


Zənciri qırma! Lakin doğru istifadə et!


Özünə günlük və ya həftəlik hədəflər müəyyənləşdirirsən. Hər dəfə hədəfinə çatanda cədvələ işarə qoyursan və beləliklə, işarələrdən ibarət zəncir yaranır. Yorulmadan, təslim olmadan o zənciri qırmamağa çalışırsan. Lakin bir problem var. Fərdi inkişaf mütəxəssisləri hər insanın hədəflərinin olmağının vacibliyindən danışırlar. Məsələn;

6 saatdan çox yatmayın. Dil öyrənin. Hər həftə bir kitab oxuyun. Qaçmağı, idmanı adət halına gətirin. Xəyallarınızdan vaz keçməyin. Zənciri qırmayın və sairə..Yaxşı...Bu fikirlərlə razıyam. Mənim də bir cədvəlim var, hər gün işarələyirəm.Bir çox hədəfin arxasınca qaçıram. Problem yoxdur. Lakin bilirsiz məsələ nədir? Onlar işin ən vacib hissəsindən bəhs etmirlər.  

Indi  adi bir misal verəcəm. Fərz et ki, müxtəlif rəqəmlər toplayırsan. Bu ilə qədər topladığın rəqəmlər 35 -ə çatıb və toplamağa davam edirsən, 4 əlavə edirsən. Növbəti il 8 əlavə edirsən və beləcə davam edir. Sənə ayrılan vaxta isə start verilib. Vaxt bitəndə artıq rəqəm toplamağı dayandırmalı olacaqsan. Sən dayanmadan rəqəm toplamağa davam edirsən. Səylə çalışırsan. Arxa-arxaya rəqəmləri əlavə edirsən. Üstəgəl 6, üstəgəl 5. Və dayanın,vaxt bitdi!. “Vaxt bitdi” sözünü eşidəndə dəhşətə gəlirsən. Sən demə, bu qədər rəqəmləri mötərizənin içərisində toplayırmışsan və mötərizənin sonunda bütün topladıqların sıfıra vurulur. Təkcə sıfır illərdir topladığın rəqəmləri heç etdi. Nəticədə, əldə sadəcə sıfır var. Təbii ki, məyus olarsan, peşmançılıq hissi səni bürüyər. Bütün əziyyətin sıfıra görə hədər oldu. Düşünürsən ki: “Kaş əvvəlcədən sondakı sıfırı görə biləydim. Görsəydim, sıfırı birlə dəyişdirərdim.”

Düşünürəm ki, məsələni başa düşdünüz. Yaxşı, dostlar..

Bu il və yaxud sonralar hədəfləriniz ola bilər. Bir dil öyrənmək, hər həftə bir kitab bitirmək, aylıq gəlirini 15min dollara çatdırmaq, 6 saatdan artıq yatmamaq və s. Axı nə üçün? Niyə? Hədəfləri  nə məqsədlə seçirik? Hədəf zəncirini niyə qırmamağa çalışırıq? Əgər daha komfortlu və daha nüfuzlu bir həyat üçündürsə, unutmayın ki, bütün bunlar ölümlə sıfırlanacaqdır.  Çox qazananla az qazanan, hədəflərinə çatan ilə çata bilməyən , xarici dil bilənlə bilməyən eyni səviyyədə olacaq. Sonda ölüm hər şeyi sıfırlayacaqsa, bütün gücünü sərf edib daha çox rəqəm toplamağın nə mənası var ki? Bu sadəcə peşmançılığını artırar. Deməli,hələ rəqəmləri toplamağa başlamadan şəkili bütöv görmək lazım imiş. 

Nə zaman sonlanacağı bilinməyən bu həyat yolunda ilk işin “ölümün hər şeyi sıfırlamağının qarsısını almaq” olmalıdır. Yaxşı, bəs həqiqətən də ölümün sıfır olmasına mane ola bilərikmi? Madam ki, hər şey  yox olacaq, bunları əbədiləşdirməyin bir yolu yoxdurmu? Bir əbədiyyət möhürü varmı? Elə bir möhür ki, topladığım hər şeyə bu möhürü vurum və deyim ki:“Bax, burda möhür var, bunu yox edə bilməzsən. Bunlar əbədi yaşayacaq”. Bəli, belə bir şeyi ancaq hər şeyin sahibi söyləyə bilər. Və o deyir ki :

(Qəsəs 88) Öyrəndiyiniz biliklər, qazandığınız pullar, oxuduğunuz kitablar, hər şey məhv olub gedəcək. Yalnız Ona yönələn işlərdən başqa. Bizi, həyatımızı Yaradan deyir ki: “Niyyətiniz Allaha yönəlibsə, etdiyiniz iş Allah rızası üçündürsə, o yox olmayacaq. Cənnətdə sonsuz olacaq. Məsələn; dil öyrənmək, hər həftə bir kitab bitirmək, maddi gücə sahib olmaq… Əgər hədəflərimiz Allaha yönəlmişsə, Onun rızası üçündürsə, ona əbədiyyət möhürü vurulur

Deyək ki, qarşınıza bir hədəf qoymusuz: ”Bu il hər gün 10 dəqiqə xarici dil öyrənməyə vaxt ayıracam. Çünki İslama xidmət etmək üçün bu dilə ehtiyac var. Və bununla Rəbbimin rızasını qazanmaq istəyirəm”. Artıq sıfır  1-ə çevrildi.” Bu il hər həftə bir kitab bitirəcəyəm. Çünki dinimi öyrənmək, intellektual səviyyəmi, dünyagörüşümü artırmaq istəyirəm. Əbədi olan Rəbbim bundan razı qalar.” Təbriklər!  Sıfır 1-ə çevrildi. Çünki  sənin niyyətin Onun rızasıdır. “Gəlirimi artırmaq istəyirəm.” Niyə? “Çünki maddi gücümlə Quran mesajının yayılmasına dəstək olmaq və qazancımı Rəbbimin rızasına uyğun xərcləmək istəyirəm.” Sən sıfırı yox etdin, çünki  hədəfin Allaha yönəlib. Bu şəkildə həyat boyu əməllərimizi toplayarıq, toplayarıq və bunlar ölümlə bir heç olmur. Əməllərində Allah rızası olanlar ölümü öldürmüş olurlar. Ölüm onların topladıqlarını sıfırlaya bilmir. Allah rızası fanini əbədiləşdirir.

Bəlkə də düşünürsən ki: “Mən hər işimi Allah üçün edəcək qədər Allahı tanıyıb sevə bilməmişəm. Bu halda hər şeyi Onun rızasına uyğun edə bilmərəm.

Dəyərli qardaşım və bacım... Problem elə budur. Və elə bu problem də həyatdakı ilk işimizdir. Onu tanımaq ilk addımımızdır. Allahı nə qədər çox tanısan o qədər çox sevərsən, o qədər əməllərini Onun rızasınına uyğun edərsən. Elədirsə Allahı tanı!! Kim yaratdı Səni? Nə üçün hər gün sənə milyonlarla nemət bəxş edir? Oxu! Kəşf et. Sıfırı birə çevirmək  həyat boyu davam edən bir prosesdir. Əskik olan yerdən başla və düzəltməyə çalış. Mütəxəssislərin dediyi kimi: Zənciri qırma! Lakin zənciri Onun rızasını qazanmaq üçün qırma. Qaç, lakin əbədiliyin  arxasınca... 

Sənə ayrılan vaxt gedir və nə qədər vaxt verildiyini bilmirsən. Toplamağa başlamazdan əvvəl sıfırı yox etməlisən. Əks təqdirdə nə toplayırsan da sonda yox olacaq. Uca Allah buyurur: “Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır. (Tövbə 111)

...Allaha, axirət gününə (sədaqətlə) inanıb yaxşı iş görənlərin mükafatları Rəbbinin yanındadır. (Qiyamət günü) onların nə bir qorxusu olar, nə də onlar bir qəm-qüssə görərlər. (Bəqərə 62.)

Məqalə kafilə kanalından götürülərək tərcümə edilmişdir