Skip to main content


Zilhiccənin ilk on günü

Hafiz İbn Həcər rahiməhullah “Fəthu`l-Bəri” əsərində belə demişdir: “Zilhiccənin ilk on gününün digər günlərdən üstün dəyərə malik olmasının səbəbi; ibadətlərin təməli olan namaz, oruc, sədəqə və həcc kimi ibadətlərin eyni zamanda əda edilməsinə görədir. Bu üstünlükləri digər günlərdə əldə etmək mümkün deyil”.

Allah təala Fəcr surəsinin birinci və ikinci ayələrində belə buyurur: “Fəcrə (şəfəq vaxtına) və on gecəyə and olsun”. İbn Kəsir öz təfsirində rəvayət edir ki, səhabələrdən Abdullah ibni Abbas radiyallahu anhu və Abdullah ibni Zübeyr radiyallahu anhu və tabiundan Mücahid ayədə keçən on gecənin mənasının Zilhiccə ayının ilk on günüdür.

Həmçinin İbn Abbas radiyallahu anhumadan rəvayət olunduğuna görə, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Bu günlərdə edilən saleh əməlin, Allah təalaya daha sevimli olduğu bu on gündən (Zilhiccənin ilk on günündən) başqa günlər yoxdur. Səhabələr “Ey Allah`ın elçisi! Allah yolunda cihad da mı?” deyə soruşdular.

Buna cavab olaraq Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurdu: “Allah yolunda cihad da belə. Ancaq Allah yolunda (döyüşmək üçün) canı və malıyla çıxan və bu ikisindən heç bir şeylə geri dönməyən (canını və malını verən) kimsə bunun xaricindədir”. (Əbu Davud, Tirmizi, İbn Macə)

Abdullah b. Ömər radiyallahu anhumadan rəvayət olunan digər bir hədisdə, Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Allah dərgahında içərisində saleh əməl işlənən bu on gündən, savabı daha böyük və Onun daha çox xoşuna gələn başqa günlər yoxdur. O halda, bu günlərdə bol-bol təhlil (lə iləhə illəllah demək), təkbir (Allah`u Əkbər demək) və təhmid (Əlhəmdulllah) gətirin” (İmam Əhməd rəvayət edib). Yəni bu zikrləri çox-çox deyin.

İslam alimləri, bu günlərin içərisində hansı günün daha fəzilətli olması haqqında ixtilaf etmişdirlər. Bəzi İslam alimlərinə görə Qurban bayramı günü ilin müzakirəsiz ən fəzilətli günüdür. Ancaq digər İslam alimləri isə Arafa gününün aşağıdakı səbəblərə görə daha üstün olduğunu demişdirlər:

1-Bu gündə tutulan oruc iki ilin (özündən öncəki və sonrakı illərin) kiçik günahları üçün kəffarədir.

2-Allah bu gündə qullarını Cəhənnəm əzabından bağışladığı qədər başqa bir gündə bağışlamamışdır.

3-Allah`ın rəhməti və comərdliyi, Arafatda olan qullarına yaxın olar və Allah Onun mələklərinə qarşı onlarla fəxr edər.

Zilhiccənin ilk on günündə edilməsi müstəhəb olan əməllər

1-Çoxlu nafilə namaz qılmaq.

Səvban radiyallahu anhudan rəvayət olunduğuna görə, Allah Rəsulu salləllahu əleyhi və səlləm buyurmuşdur:

“(Namazda) Allah`a çoxlu səcdə et. Çünki sən, Allah`a hər səcdə etdikcə, o səcdə vasitəsiylə (səbəbi ilə) Allah da sənin (Cənnətdə) dərəcəni yüksəldər, bir günahını da silər”.

2-Nafilə oruc tutmaq.

Bu günlərin hamısını və ya gücü çatanı və xüsusilədə Arafa günü oruc tutmaq fəzilətli əməllərdəndir. Çünki oruc elə bir ibadətdir ki, Allah onun əcrini Özü verəcəyini demişdir. Əbu Hüreyrə radiyallahu anhudan rəvayət olunduğuna görə, Peyğəmbər salləllahu əleyhi və səlləm buyurmuşdur:

“Allah təala buyurur ki: “Oruc, mənim üçündür, onun mükafatını da mən verərəm. Çünki o (oruclu), şəhvətini, yeməyini və içməyini mənim üçün buraxmışdır. Oruc, Cəhənnəmə (və ya cəhənnəmə aparan şəhvətlərə) qarşı bir qalxandır. Oruçlu üçün iki sevinc anı vardır: (Birincisi:) iftarını açdığında sevinər. (İkincisi: Qiyamət günü) Rəbb`inin hüzurunda orucunun savabını tapdığında sevinər. And olsun ki oruclunun ağız qoxusu, Allah qatında müşk qoxusundan daha gözəldir”. (Buxari, Müslim).

Hafsa və Ummu Sələmə rəvayət etmişdirlər ki, “Allah Rəsulu sallallahu əleyhi və səlləmin Zilhiccənin ilk doqquz günü, Aşura (Məhərrəmin onuncu) günü və hər (hicri) ayın ilk bazar ertəsi günü ilə sonrakı iki Cümə axşamı günləri olmaq üzrə 3 gün oruc tutardı”. (Əbu Davud, Əhməd, Albani. Hədis səhihdir). İmam Nəvəvi rahiməhullah belə demişdir: “Zilhiccə ayının ilk on günü tutulan oruc, çox müstəhəbdir”.

Əbu Səid əl-Xudri radiyallahu anhudan rəvayət olunduğuna görə, Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Bir qul, Allah üçün bir gün oruc tutsa, o gün tutduğu oruc üzündən Allah onun üzünü yetmiş il məsafə qədər cəhənnəmdən uzaq tutar”. (Buxari, Müslim).

Peyğəmbər salləllahu əleyhi və səlləm Ərəfə günü orucu haqqında belə buyurmuşdur: “Ərəfə gününün orucunun, (oruc tutan kimsənin) bir əvvəlki il ilə bir sonrakı ilin (kiçik) günahlarına kəffarə olacağına ümid edirəm”. (Muslim)

3-Bu günlərdə çoxlu təhlil, təkbir və təhmid gətirmək.

İbn Ömərin radiyallahu anhuma yuxarıda sadalanan rəvayətində ifadə etdiyi kimi, Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Allah dərgahında içərisində saleh əməl işlənən bu on gündən savabı daha böyük və Onun daha çox xoşuna gələn başqa günlər yoxdur. O halda, bu günlərdə bol-bol təhlil, təkbir və təhmid gətirin”. (Əhməd)

İmam Buxari rahiməhullah bu barədə belə demişdir: “İbn Ömər və Əbu Hüreyrə radiyallahu anhumə Zilhiccənin ilk on günündə bazara çıxıb yüksək səslə təkbir gətirir, insanlar da onlarla birlikdə təkbir gətirərdilər”. (Buxari)

Allah bizə Peyğəmbərinin sünnəsinə tabe olmağı və ondan sıx bir şəkildə yapışmağı nəsib eləsin…Amin.