Skip to main content


Aşura orucu

Allah`ın salavatı və salamı Peyğəmbəri Muhamməd və onun ailəsinin üzərinə olsun.
Şübhəsiz ki, Allah qullarından hansılarının daha üstün əməl etdiyini imtahan etmək üçün, bəzi ayları və günləri seçərək onları bir-birindən daha fəzilətli etmişdir. Bu aylardan biridə Məhərrəm ayıdır.

Müslimin “Səhih” kitabında rəvayət edilən hədisdə, Peyğəmbər salləllahu əleyhi və səlləm bu ayın fəziləti haqqında belə buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc, Allah`ın ayı Məhərrəm ayında olan oruc, fərz namazlarından sonra ən fəzilətli namaz gecə namazıdır”. Peyğəmbər salləllahu əleyhi və səlləmin bu ayı Allah`ın ayı adlandırması bu ayın şərəf və fəzilətinə dəlalət edir.

Həsən əl-Basri Məhərrəm ayı haqqında belə demişdir: “Allah ili müqəddəs bir ay ilə açmış və həmçinin müqəddəs bir ay ilə sona çatdımışdır. Allah qatında Ramazan ayından fəzilətcə daha üstün bir ay yoxdur”.

Rəvayətlərə görə Peyğəmbər salləllahu əleyhi və səlləm və səhabələr Məhərrəm ayının bir çox gününü oruclu keçirərlərmiş. Ancaq oruc tutmaq haqqında daha sabit rəvayət Aşura gününün orucu haqqında nəql edilmişdir.  İmam Müslimin “Səhih” kitabında rəvayət edilən hədisdə Aşura orucunun fəziləti haqqında Peyğəmbər salləllahu əleyhi və səlləmə sual verilərkən o belə buyurmuşdur: “(Aşura gününün orucu) keçmiş ilin (kiçik) günahlarına kəffarə olar”.

Buxari və Müslimin rəvayət etdiyi bir digər hədisdə belə deyilir: “Allah Rəsulu salləllahu əleyhi və səlləm Mədinəyə hicrət etdiyi zaman yəhudilərin Aşura günü oruc tutduqlarını gördü. Peyğəmbər salləllahu əleyhi və səlləm onlara:  “Bu gün tutduğunuz oruc nədir?” deyə soruşdu. Onlar: “Bu gün Allah`ın, Musa və qövmünü Firondan qurtardığı, Firon və qövmünü (dənizdə) boğduğu böyük bir gündür. Musa, Allah`a şükrün ifadəsi olaraq bu gün oruc tutduğu üçün, biz də oruc tuturuq” dedilər. Bu zaman Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Biz Musaya, sizdən daha haqq sahibi və layiqik”. Peyğəmbər bu gün oruc tutdu və bu gündə oruc tutmağı əmr etdi”. Müslim bu hədisi rəvayət edərkən ardınca belə demişdir: “Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: “Əgər gələcək ilə qovuşsam, onuncu gün ilə birlikdə doqquzuncu günü də oruc tutacağam”.

İmam Əhmədin rəvayət etdiyi hədisdə isə belə deyilir: “Yəhudilərə müxalif olun, Aşura günü ilə birlikdə bir gün əvvəl və və ya bir gün sonra da oruc tutun”.

Abdullah ibni Abbas belə demişdir: “Bu günün (Aşura orucu) orucundan başqa Peyğəmbər salləllahu əleyhi və səlləmin daha fəzilətli, daha üstünlük verdiyi oruc görmədim. Bu da Aşura günüdür. Yəni Ramazan ayından sonra daha əhəmiyyət verdiyi, daha üstün hesab etdiyi, daha möhkəm tapşırdığı Aşura orucundan başqa digər oruclara bu qədər əhəmiyyət verdiyini görmədim”.

Bu hədisləri cəm etdiyimizdə Məhərrəm ayında oruc tutmağın böyük savabı olduğunu və xüsusilə Aşura günündə oruc tutmağın daha üstün olduğunu, Aşura günü oruc tutarkən sadəcə Məhərrəm ayının onuncu günü deyil, yəhudilərə müxalif olmaq üçün doqquzuncu və onuncu günü və ya onuncu və on birinci günlərinin oruc tutmağın lazım olduğunu başa düşmüş oluruq.