Skip to main content


Keşiş Nikolay necə şaxta baba oldu?

Eramızın III əsrində, hələ İsəvilik qadağan olunmuş bir din olaraq Roma imperiyası ərazisində öz mövcudluğunu qorumağa çalışarkən Kiçik Asiyanın Aralıq dənizi sahilindəki Myra qəsəbəsində (indiki Türkiyə cumhuriyyəti, Antaliya vilayəti, Dəmrə qəsəbəsi) 270-ci ildə varlı bir tacir ailəsində bir körpə dünyaya gəlmişdi. Xristian olan ailə uşağın adını Nikolay qoymuşdu.
Kiçik Nikolay ata-anasını vəba epidemiyasında itirmiş və yepiskop olan dayısı Nikolayın yanında böyümüşdü. Kiçik Nikolay yepiskop dayısının yanında dindar bir xristian olaraq böyümüş, xristian teologiyasına dair biliklərə yiyələnmiş, gənc yaşlarında keşiş, daha sonrakı illərdə isə Myra yepiskopu olmuşdu. Bu dövr, yəni imperator Diokletianın hakimiyyəti dövrü Bizans (şərqi Roma) imperiyasında xristianların təqib edildiyi bir dövr idi. Belə təqiblərə yepiskop Nikolay da uğramışdı. O, sıravi xristianları müdafiə etdiyi üçün həbs edilmiş, Konstantinopola aparılaraq zindana salınmışdı. İmperiya taxtına oturan imperator Konstantinin xristianlığı azad din elan etməsindən sonra yepiskop Nikolay da sərbəst buraxılaraq öz şəhərinə qayıtmışdı. 325-ci ildə Xalkedon kilsə qurultayında iştirak edən yepiskop Nikolay 6 dekabr 343-cü ildə Myrada ölmüş və orada dəfn edilmişdi. Ölümündən sonra keşiş Nikolay haqqında uydurulan müxtəlif səpgili “möcüzəvi” hekayələr ağızdan-ağıza gəzərək məşhur olmuşdu. Qüdsə gedərkən mindiyi gəmi fırtınaya düşərək batmaqda ikən keşiş Nikolay həm gəmini, həm dənizçiləri xilas edibmiş, onun duaları sayəsində fırtına sakitləşibmiş. Bu səbəbdən də keşiş Nikolay dənizçilərin “qoruyucu müqəddəsi” hesab olunmağa başlayıb. Bir başqa “möcüzəsi” isə bir qəssabın ətlərini satmaq üçün aldadaraq evinə gətirib öldürdüyü üç uşağın yepiskop Nikolay tərəfindən “dirildilmə”sidir. Güya yepiskop Nikolayın duaları sayəsində qəssabın evindəki üç ölü uşaq dirilib öz evlərinə gediblərmiş. Keşiş Nikolayın yaşadığı Myrada kasıb bir kişinin üç qızı varmış. Ataları kasıb olduğu üçün bu qızlar cehiz hazırlaya bilməmiş və bu səbəbdən də evdə qalıbmışlar. Bunu bilən keşiş Nikolay qızıl pul dolu bir kisəni gecə evin pəncərəsindən içəri atıbmış. Böyük qız həmin pulla özün cehiz alıb ərə gedibmiş. Keşiş Nikolay ortancıl qızı da bu minvalla ərə veribmiş. Lakin heç kim bu naməlum xeyirxahın kim olduğunu bilmirmiş. Buna görə də kiçik qız həmin adamı görmək üçün gecələr pəncərənin kənarında yatırmış. Bunu bilən keşiş Nikolay kiçik qız üçün hazırladığı pul kisəsini bu dəfə pəncərədən deyil, bacadan atıbmış. Pul kisəsi yuyulub qurumaq üçün sobanın kənarına asılmış corabın içinə düşübüş və kiçik qız corabın içindən tapdığı pulla özünə cehiz alıbmış.
Sözün qısası... “qonuşunun iti gəlib bizim baltanı apardı” timsalında nağıllar... beləcə insanlar darda olanlara, ehtiyacı olanlara, dilək tutacaqları təqdirdə keşiş Nikolayın kömək edəcəyini inanmağa başlayıblar. Çarəsizlərin köməkçisi keşiş Nikolay inancı bütün xristian aləminə beləcə yayılıbmış. XI əsrdə türklərin Anadolunu fəth etmələrindən sonra 1087-ci ildə İtalyan dənizçilər Keşiş Nikolayın sümüklərini qəbrindən çıxararaq İtaliyanın Bari adasına aparıb orata basdırmışdılar. Skandinav xalqlarının əsatirlərində baş tanrı Odin hər il dekabrın 22-23-ündə uşaqlara hədiyyə gətirirmiş. Bütpərəst skandinavlar torbaların içinə qoyduqları yerkökünü gecə qapıdan asarlarmış, səhəri gün tanrı Odinin yerköküləri alıb yerinə hədiyyələr, şirniyyat qoyduğunu görürlərmiş... Xristianlığın qəbulundan sonra xeyrxah keşiş Nikolay obrazı baş tanrı Odin obrazını əvəz etmişdi. Artıq maral arabasında tanrı Odin deyil, keşiş Nikolay səyahət edirdi. Rəssam Haddon Sindblumun 1931-ci ildə Coca-Cola reklamı üçün çəkdiyi qırmızı kürklü, qırmızı papaqlı, qara çəkməli və qara kəmərli Santa Klaus (Saint Nikolaus) obrazı ilə müasir Şaxta Baba imici formalaşmışdı.

Bu personaj müxtəlif ölkələrdə müxtəlif cür adlandırılmaqdadır. Almaniyada “Weinachtsmann”, Fransada “Pere Noel”, Hollandiyada “Sinter Klass”, Rusiyada “Ded Moroz” və Azərbaycanda da ruscadan hərfi tərcümə olunub rus imperyalizminin bir qalığı olaraq “Şaxta Baba” adlandırılmışdır.

ŞAM AĞACI BƏZƏMƏK ƏNƏNƏSİ

Şam ağacı bəzəmək ənənəsi də “hədiyyə gətirən xeyirxah” inancı kimi Avropa xalqlarının xristianlıqdan əvvəlki adət-ənənələri ilə bağlı idi. Almanların ulu əcdadları qış fəslində həmşəyaşıl şam ağacı kəsərək öz evlərinə gətirir və bərəkət rəmzi olaraq ağacın budaqlarından müxtəlif şirniyyatlar asardılar. Bu adət XVIII-XIX əsrlərdən etibarən bütün Avropa və Amerika xalqları arasında yayılmışdı. Ermənilərin ulu əcdadında isə ovlanmış heyvanın cəmdəyinin yeyilməmişdən əvvəl həmşəyaşıl şam ağacından asılması ənənəsi mövcud olmuşdu. Bununla onlar bir sonrakı ovun bərəkətli keçməsini təmənni etməkdə idilər. Qışın ortasında evdə şam ağacı bəzəmək adətinin XIX əsrdə Avropada yayılması ingilis kraliçası Viktoriyanın alman əri şahzadə Albertin təşəbbüsü ilə baş vermişdi.

İSA PEYĞƏMBƏRİN MÖVLUDU YOXSA SATRUNALİYA BAYRAMI?

Antik dövrdə, paqan dinlərin bir çoxunda Mithra kultu mövcud idi. Bu kult günəş tanrısı Mithranın doğum gününün qeyd olunması ənənəsi ilə əlaqəli idi. Qədim Romalılar bu bayrama Satrunaliya bayramı adını vermişdilər. Məlum olduğu kimi sentyabrın 22-dən etibarən günlər qısalmağa, gecələr isə uzanmağa başlayır, bu dekabr ayının 22-23-ünə qədər davam edir və həmin gecə ilin ən uzun gecəsi hesab olunur. Həmin gecədən etibarən isə günlər uzanmağa gecələr isə qısalmağa başlayır. İnsanlar bunu günəş tanrısı Mithranın onlarla barışdığı gün olaraq qəbul edir və həmin günü bayram edirdilər. Bu bayram 25 dekabra təsadüf edirdi. Xristianlar üç əsr yarım İsa əleyhissalamın mövludu haqqında heç bir fikrə sahib deyillərkən 354-cü ildə Roma Papası Liberi dekabr ayının 24-ündən 25-inə keçən gecəni İsa əleyhissalamın dünyaya gəldiyi gün olaraq elan etmişdir. Həmin tarixdən etibarən qədim romalı bütpərəstlərin qeyd etdikləri Satrunaliya bayramı İsa Məsihin mövludu gününə çevrilmişdir. Qur’ani-Kərimin Məryəm surəsində İsa əleyhissalamın dünyaya gəlməsinin təsvir edilməsindən belə qənaətə gələ bilərik ki, İsa əleyhissalam qış ayı olan dekabrda deyil, xurmanın yetişdiyi avqust-sentyabr aylarında dünyaya gəlmişdir.

Məryəm surəsində deyilir: “Doğuş sancısı onu bir xurma ağacının gövdəsinə söykənməyə məcbur etdi. dedi: “Kaş ki, mən bundan əvvəl ölüb qurtaraydım və ya tamamilə unudulub getmiş olaydım!” Dərhal alt tərəfindən ona belə bir nida gəldi: “Kədərlənmə, Rəbbin sənin üçün (ayağının) altından bir irmaq axıtdı. Xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş xurma tökülsün!” (Məryəm 23-25) ..

     Dr. Elnur Nəsirzadə