Skip to main content


Allah`ın bir qövmə əzab endirməsi

Açıqlama:

“Allah`ın bir qvmə əzab endirməsi” Allah`ın, bir qövmün pis əməlləri səbəbilə onlara əzab göndərməsi deməkdir.

“Sonra isə hər kəs öz əməllərinə görə həşr olunar” ifadəsinin mənası odur ki, onlardan hər bir fərd, öz əməllərinə görə dirildilər. Əgər bir insanın əməlləri saleh əməllərdirsə onun aqibəti yaxşı, əks təqdirdə pis olar.

Bu əzab, saleh insanlar üçün təmizlik, fasiqlər üçün isə intiqam xarakteri daşıyar. İbn Hibbanın “Səhih”ində Aişə radıyallahu anhədən Allah Rəsulu salləllahu əleyhi və səlləmin belə buyurduğu rəvayət olunmuşdur: “Allah təala aralarında saleh kimsələr olduğu halda cəzaya layiq olanlara bəla endirərsə saleh kimsələr də onlarla birlikdə eyni bəlaya məruz qalar. Sonra hər kəs öz niyyətinə və əməllərinə görə həşr olunar”.

İbn Battal demişdir: “Bu hədis, Zeynəb bint Cahş hədisini açıqlamaqdadır. Zeynəb, Allah Rəsulu salləllahu əleyhi və səlləmdən “İçimizdə bu qədər saleh kimsələr var ikən biz həlak ola bilərikmi?” deyə soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm ona “Bəli, günahlar çoxaldığı zaman həlak olarsınız” deyə cavab verdi”.

Münkər əməllər açıqca işləndiyi, günahlar aşkarda edildiyi zaman hər kəs həlak edilir.
İbn Battalın son sözünə uyğun olan Əbu Bəkr radıyallahu anhunun nəql etdiyi bu hədisdir: ”İnsanlar bir münkəri görüb onu dəyişdirməzsə Allah`ın onların hamısına cəza verməsi yaxındır”.

Bu hədisi “Sünən” sahibləri rəvayət etmişlər. İbn Hibban bu hədisin səhih olduğunu demişdir.

Nəticə olaraq eyni ölümü yaşamaq, eyni savabı və ya cəzanı yaşamaq anlamına gəlməz. Tam tərsinə, hər bir fərdə öz niyyətinə görə əməlinin qarşılığı verilər. İnsanların öz əməllərinə görə həşr olunmaları doğru bir hökmdür. Çünki onlar axirətdə etdikləri saleh əməllərin qarşılığını alacaqlar. Dünyada isə başlarına hansı bəla gəlirsə gəlsin bu etdikləri pis əməlin kəffarəsi olacaqdır.

“Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır.” (Zəlzələ 7-8)

Allah təaladan bağışlanma diləyirik.