Skip to main content


Sevənlər üçün böyük müjdə

Açıqlama:

Allah ilə insan arasında dialoqun baş tutması üçün göndərilən Peyğəmbərimiz salləllahu əleyhi və səlləm səhabələrinə əvvəlcə Allah`ı tanıtmışdı. Allah`a olan imanları, axirətə olan imanlarını gücləndirdi. Onlar hidayətlərindən sonra sadəcə və sadəcə axirəti düşünərək yaşayırdılar. Onlar Peyğəmbərimiz salləllahu əleyhi və səlləmlə qarşılaşdıqları hər dəfədə ona axirətə aid suallar verirdilər.

Qoca və ya cavan olmağından asılı olmayaraq səhabələr cənnətdəki dərəcələrinin artması üçün həm Peyğəmbəri addım addım izləyir, həm də şüphəli şeylərdən uzaq dururdular. Həyatlarının təkcə bir hədəfi var idi; Alah`ın rızasını qazanıb cənnətin zirvəsində qonaq olmaq.

Bəli. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm əshabına müjdə vermişdir. Allah`a qovuşmağı sevən səhabələrə verilən bu müjdə bütün ümmətə verilmişdir. Müjdə xüsusiyyətinə malik olan cümlənin “Hər kim” ifadəsilə başlaması həmin müjdənin qiyamət gününə qədər yaşayan bütün insanları əhatə etdiyini göstərir.

“Hər kim” deyildiyi zaman qadın, kişi, gənc, yaşlı, evli, subay, əsir, azad, zəngin, kasıb, sağlam və ya xəstə olmağından asılı olmayaraq hər kəs nəzərdə tutulur. Subhənallah! Bu necə də ədalətli bir dindir.

Bir insan hansı səbəbə görə Allah`a qovuşmaq istəyər? Allah`a qovuşmaq nə deməkdir? Allah`a qovuşmaq istəmək Allah`a necə bir mesaj verir? Allah`a qovuşmaq nələri tələb edir? Allah`a qovuşmaq istəmək duygusu necə əmələ gəlir? Allah`ın, qulunu sevməsi necə gerçəkləşir? Allah`a qovuşmaq istəmək ölüm mələyinin ayaq səsləridirmi? Bu kimi suallar istər istəməz insanın ağlına gəlir.

İbnu`l-Əsir “ən-Nihəyə”-də belə deyir: “Burada “Allah`a qovuşmaq” sözünün mənası, axirət yurduna getmək, Allah`ın qatında olanları tələb etmək deməkdir”.

 “Kim Allah`a qovuşmağı sevərsə”. Allah`a qovuşmağı sevən bir insan imanın zirvəsindədir. Bir mücahidi dağlara çıxaran nədir? Günahlardan qaçan bir müsəlmanın narahatçılığı nə üçündür? Allah`ın yanına alnı ağ çıxmaq üçün deyilmi?

Allah`a qovuşmaq istəmək dünyaya meydan oxumaq deməkdir,

Allah`a qovuşmaq istəmək ihsan mərtəbəsinə çatmaq deməkdir,

Allah`a qovuşmaq istəmək cənnət nemətlərinin qoxusunu almaq deməkdir,

Allah`a qovuşmaq istəmək dünyanın keçici olduğuna şəksiz inanmaq deməkdir,

Allah`a qovuşmaq istəmək imtahanı artıq qavramaq deməkdir,

Allah`a qovuşmaq istəmək yaradılış qayəsinin fərqində olmaq deməkdir.