Skip to main content


Namazqılan


Var sənə bəzi ürək sözlərim ay namazqılan,
Narahat olma, oxu içə-içə çay namazqılan.
 
Arabir vaxt eliyib, əgər qılırsansa namaz,
Aləmdə yoxdu sənə zərrəcə tay namazqılan.
 
Sən namazqılansanee daxma sənə yaraşmayır,
Nə yolla olursa olsun, al saray namazqılan.
 
Gördünki çatmadı pul, gir topaza, laterya al,
Bəxtivi yoxla, pul ver oyna hər ay namazqılan.
 
Verincə ziyarətə, kasıb-kusuba pullarıvı,
Onu ver gəz dolan Antalya, Dubay namazqılan.
 
Sən namaz qıldığın an, görsən əgər adam baxır,
Özüvü ağır apar, səsivi də yay namazqılan.
 
Yarı huşu içrə qıl namaz, yarı sağ-sola bax,
Namazından azca ver şeytana pay namazqılan.
 
İşlərin başdan aşır, vaxt itirib fikir elemə,
Bütün haq-hesablarıvı namazda say namazqılan.
 
Üç günlük həyatdı bu, dünən ötüb, bu gündəsən,
Cəmi bir günün qalıb, eyleme zay namazqılan.
 
Yazdığım kinayələrdən nəticə çıxartmasan,
Olanda sorğu-sual, halıva vay namazqılan.
 
Mane oldumsa əgər zövq ilə çay içməyivə,
Üzürlü hesab eylə, bağışla day namazqılan.
 
Abdullah Qılınc