Skip to main content


Qısaca Abbasilərin ilk dövründə hədis və fiqh elminin inkişafına dair

Birinci qrup hüquqa dair həlli müşkül məsələlərdə hədisə istinadı əsas götürərkən ikinci qrup hökm və fətva verərkən qiyas, istihsan kimi fəqihin şəxsi rəyinə əsaslanan metoddan istifadəyə üstünlük verirdilər.

Birinci qrupa daxil olan fəqihlər sayca üstünlük təşkil edirdilər. Fikrimizcə, bu metod fərqliliyinin əsas səbəbi həmin dövrdə hədislərin hələ ki, toplanmamış, hədis külliyatlarının yazılmamış olması ilə yanaşı, uydurma hədislərin çoxluğu səbəbiylə fəqihlərin hədislərə ehtiyatla yanaşması olmuşdur.

Sonrakı dövrlərdə hədislərin təsnif edilərək külliyyatlarda toplanması, hədis üsulu elminin xeyli inkişaf edərək safın çürükdən ayrılması ilə bu problem aradan qaldırılmışdısa da fiqhi məzhəbləşmənin qarşısını almaq baxımından artıq xeyli gec olmuşdu.

İbn Əbi Leyla (öl. 765), Əbu Hənifə Neman ibn Sabit (öl. 767), Muhəmməd ibn İdris əş-Şafii (öl. 819), Əbu Əmr Əbdürrəhman Əvzai (öl. 792), Süfyan əs-Səvri (öl. 778), Əbu Yusif Yaqub əl-Ənsari (öl. 798), Muhəmməd ibn Həsən (öl. 805), Osman əl-Bətti (öl. 760) Abbasilər dövründə yaşamış rəy əhlinə mənsub Həmmad ibn Zeyd (öl. 795), Əbu Əvanə (öl. 786), Məmər ibn Raşid (öl. 770), Leys ibn Səd (öl. 781), Malik ibn Ənəs (öl. 795), Süfyan ibn Üyeynə (öl. 813), Vəqi ibnü’l-Cərrah (öl. 812), Fudeyl ibn İyad (öl. 803), Abdullah ibn Mübarək (öl. 781), Yəhya ibn Səid əl-Kəttan (öl. 813), Əbu Davud ət-Təyalisi (öl. 818), Əbu Bəkr ibn Əbu Şeybə (öl. 844), Əhməd ibn Hənbəl (öl. 855) isə hədis əhlinə mənsub böyük fəqihlər idilər.

“Səhih” müəllifi Əbu Abdullah Muhəmməd ibn İsmayıl əl-Buxari (810-869), “Səhih” müəllifi Əbü’l-Hüseyn Müslim ibn Həccac Nişapuri (821-875), “Sünən” müəllifi Əbu Davud Süleyman ibn Əşəs Sicistani (817-888), “Sünən” müəllifi Əbu Abdullah Muhəmməd ibn Yəzid ibn Macə Qəzvini (824-887), “Sünən” müəllifi Əbu Əbdürrəhman Əhməd ibn Şueyb Nəsai (830-915), “Sünən” müəllifi Əbu İsa Muhəmməd ibn İsa Tirmizi (824-892), “Sünən” müəllifi Əbü’l-Qasım Süleyman Təbərani (873-971), “Sünən” müəllifi Əbu Səid Osman Darimi (öl. 893), “Muvatta’ “ müəllifi Malik ibn Ənəs (öl. 795), “Müsnəd” müəllifi Əhməd ibn Hənbəl (öl. 855) də yenə Abbasilərin hakimiyyəti illərində yaşamış böyük hədis alimləridir.

Maraqlıdır ki, bunlardan kutubi-sittə (altı kitab) adlanan hədis külliyyatlarının müəllifi olan ilk altı alim, eləcə də Darimi və Təbərani fars-tacik mənşəlidirlər. Bu, ehtimal ki, iranlıların yazılı ədəbiyyat sahəsində ərəblərdən daha irəlidə və köklü ənənələrə sahib olmalarından irəli gəlirdi.

“Orta Əsrlərdə Yaşamış Azərbaycanlı Alimlər” adlı kitabımın “Abbasilər dövründə elm və mədəniyyət” adlı qismindən .

Dr. Elnur Nəsirzadə