Fil Hadisəsi və Fil Əshabı

Zu Nuvas özünə Yusif adını götürərək iudaizmi qəbul etmiş ərəb idi. Nəcranın monofizit isəviləri Uxdud adlanan, içində tonqal qalanmış xəndəklərə atdıran Zu Nuvasın zülmü Qurani-Kərimin Buruc surəsi 4-10-cu ayələrində öz əksini tapmışdır.

523-cü ildə baş vermiş, təqribən 20 min isəvinin öldürüldüyü bu hadisə Həbəş krallığı ilə Himyər krallığı arasında gərginliyə səbəb olmuş və bu gərginlik müharibə ilə nəticələnmişdi. Əryat və Əbrəhə adlı iki sərkərdənin başçılığı aldındakı 70 minlik xristian həbəş ordusu gəmilərlə Qırmızı dənizi keçərək Yəmən torpaqlarına ayaq basmışdı. Bu ordu Zatu’l-Əbər adlanan yerdə yəhudi Zu Nuvasın ordusunu ağır məğlubiyyətə uğratmışdı. Əbrəhə həbəşilərin dilində İbrahim (Abraham) adının tələffüz forması idi.

Tarixi mənbələrdə bu müharibənin dini təəssübkeşlik nəticəsində baş verdiyi qeyd edilirsə də bunun təməlində iqtisadi-ticari maraqların dayandığını düşünən tarixçilər də olmuşdur. Yəmən bu dövrdə Sasanilərin himayəsi altında idi. Bəsrə körfəzi və Qırmızı dəniz Hindistan və Çindən başlayıb Bizansda bitən ticarət yolunun keçdiyi iki mühüm coğrafi məkan idi. Yəmən bu ticarət yolu üzərində yerləşən strateji məntəqə idi. Yəmənə nəzarət etməklə Sasanilər və Bizans şərq-qərb dəniz ticarətinə nəzarət etmək imkanı əldə etmiş olurdular.

Zu Nuvas üzərindəki qələbədən sonra Əryatla Əbrəhə arasında səbəbi məlum olmayan düşmənlik başlamışdı. Yəmənliləri öz ətrafında toplayan Əbrəhə Əryatla girişdiyi döyüşdə dodağı yarıldığı üçün əl-Əşram ləqəbi ilə məşhur olmuşdu. Əryatın bu döyüşdə öldürülməsindən sonra Əbrəhə əl-Əşram bütün Yəməni öz hakimiyyəti altında birləşdirə bilmiş və əlli ilə yaxın burada hökmranlıq etmişdi. Əbrəhənin əmri ilə Sənada “əl-Kulleys” adlanan möhtəşəm xristian məbədi inşa edilmişdi. Əbrəhə bütpərəst ərəblərin hər il Məkkəyə gedərək Kəbə ətrafındakı bütləri ziyarət etdiklərini bilidi. Buna görə də o, bundan sonra bütün ərəblərin Kəbəni deyil əl-Kulleysi ziyarət etməyə məcbur etməyə başlamışdı. Onun bu təşəbbüsü bütpərəst ərəblərin qeyzinə səbəb olmuşdu. Buna görə İbn Fukay əl-Kinani adlı bir bədəvi əl-Kulleysin içinə işəyərək murdarlamışdı. Onun bu hərəkəti Əbrəhənin qəzəbini alovlandırmışdı. Əbrəhə bu hadisədən sonra Kəbəni yıxacağına and içmiş və Məkkəyə yürüş etmişdi. Onun ordusunun önündə “Mahmud” adlandırdıqları nəhəng bir fil gedirdi, bu səbəbdən də bu ordu “əshabu`l-fil”, fil əshabı, fil ordusu adlanırdı. Taif şəhərinə yaxınlaşanda Səqif qəbiləsi ağsaqqalları Əbrəhənin ordugahına gəlib əl-Lat adlı bütlərinə toxunmaması üçün ona yalvarmışdılar. Əbrəhə onların bu istəyinə müsbət cavab vermiş və hədəfinin Kəbə olduğunu bildirmişdi. Bununla belə səqiflilər Əbrəhəyə yardım etməkdən də imtina etmişdilər. Çünki Kəbə bütün ərəblərin nəzdində ehtiram bəslənən bir ibadətgah idi. Səqif qəbiləsindən sadəcə Əbu Riğal adlı bir şəxs aldığı böyük pul müqabilində Əbrəhənin ordusuna bələdçilik etməyə razı olmuşdu. Məkkəyə yaxınlaşarkən Əbu Riğal gözlənilmədən ölmüşdü. Bu hadisə sonralar ərəblər arasında “Əbu Riğalı gördünsə bil ki, Əbrəhənin filləri yaxınlıqdadır” şəklində zərbi məsələ dönmüşdü. Əbrəhənin ordusu ətrafdakı yaşayış yerlərini və heyvan sürülərini yağmalamağa başlamışdılar. Bu vaxt Muhəmməd Peyğəmbər salləllahu əleyhi və səlləmin babası Şeybənin (Əbdulmuttəlib) 200 dəvəsi Əbrəhənin əsgərlərinin əlinə keçmişdi. Şeybənin xahişindən sonra dəvələri özünə qaytarılmışdı. Şeybə ordugaha gələrək Əbrəhədən dəvələrinin özünə qaytarılmasını xahiş etmişdi. Onun bu xahişini qəbul edən Əbrəhə Şeybəyə “mən sizin üçün əziz olan Kəbəni dağıltmaq üçün gəlmişəm, lakin sən dəvələrin üçün narahatsan” deyəndə Şeybə ona “mən bu dəvələrin sahibiyəm, ona görə onlar üçün narahatam, Kəbəyə gəldikdə isə onun öz sahibi var” deyə cavab vermişdi.

Lakin bu ordu bütün təfərrüatı ilə tarixə məlum olmayan şəraitdə, başına gələn fəlakət səbəbilə Məkkə yaxınlığında məhv olmuş və Əbrəhə də burada ölmüşdü. Bu hadisə Qurani-Kərimin 105-ci surəsində də öz əksini tapmışdır. Tarixi mənbələrdə Əbrəhənin ordusundan qorxduqları üçün şəhəri tərk edib ətrafdakı dağlara sığınmış məkkəlilərin Qırmızı dəniz tərəfdən uçub gələn və o vaxta qədər görmədikləri böyük bir quş dəstəsinin fil əshabının üzərinə atəşli daş yağdırararq məhv etdiklərinin şahidi olduqları qeyd olunur. 570-ci ildə baş vermiş bu hadisədən sonra Əbrəhənin oğlu Yeksum, ondan sonra isə Məsruq Yəməni həbəş kralının canişinləri olaraq idarə etmişdilər.

Dr. Elnur Nəsirov

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar