Skip to main content


Allah bizə yetər- deyin və güvənin

Möminlər böyük ruh düşkünlüyü ilə Mədinəyə qayıtmışdı. Döyüşdə bir  qrup müsəlmanın öz mövqeyindən uzaqlaşmasına görə məğlubiyyət yaşanmış, sahabələrin ən sevimliləri şəhid olmuş, qalanların isə çoxu yaralanmışdı. Allah Rəsulu salləllahu əleyhi və səlləm düşmənin Mədinəyə basqın edə biləcəyini düşündü və hələ döyüşün yorğunluğunu üzərindən atmamış orduya təlimat verdi. O Bilalı çağırıb buyurdu: “Bütün Mədinə əhalisini səslə və de ki, Allah Rəsulu  bu gün uhud döyüşündə iştirak edən 630 nəfər müsəlmanı düşmənin arxasınca gedib izləmək üçün çağırır”. 

Allah Rəsulu salləllahu əleyhi və səlləm Uhudda döyüşənlərin silahlarını götürmələrini, miniyi olanın miniyi ilə, olmayanın da piyada gəlməyini əmr etdi. Münafiqlər “Bu ağılsızlıqdır” dedilər. “Getməyin, axı indicə məğlub olmusuz, bayaq öhdələrindən gələ bilmədiniz, indi bu qədər yaralı ilə, yorğun halda  hara gedirsiz  Muhamməd sizi ölümə aparır. Getməyin! Sizi qarışqa kimi əzəcəklər” deyə müsəlmanlara səsləndilər. Sahabələr isə onların bu sözlərinə qarşı elə bir ifadə işlətdilər ki, onların zamanında və onlardan sonra möminlər üçün bir şüar oldu “Həsbunəllah” - Allah bizə yetər. “Yaralısan” deyənə, “Allah bizə yetər” dedilər. “Silahın yoxdur” deyənə “Allah bizə yetər” dedilər. Bu şüar yenicə məğlub olmuş, yaralı ordunun gücü oldu. Beləliklə bu bir ovuc insan yola düşdü. “Hasbunəllah va nimə`l-vəkil” - Allah bizə yetər, O nə gözəl vəkildir. 

Allah Rəsulunun əmri ilə yola düşənlər 20 km sonra  düşmənlə üzbəüz Hamrau`l-Əsəd adlı yerə çatdılar. Axşam düşmüşdü. Allah Rəsulu səhabələrə çoxlu böyük ocaqlar qalamağı əmr etdi. Bunu görən düşmən tərəf təşvişə düşdü və o ərazidən gələn birindən məlumat aldı. Həmin adam onlara Muhəmmədin ordusunun qaladığı ocaqların sayına baxsaq, 50000 nəfərədək ola biləcəklərini dedi..

Bu xəbərdən sonra müşriklərin komandirlərindən Əbu Süfyan digər komandirlərə ddi:  “Bu qədər ocaq qalayıblar, deməli sayları çoxdur. Bu adamlar bütün ərəblərlə razılaşıb üzərimizə gəlirlər. Heç də Uhuddakı orduya oxşamır. Biz Mədinəni yerlə yeksan etməyi planlaşdırmışdıq. Lakin indi uşaqlarımız atasız qalacaq, gəlin geri dönək”. Nəticədə Mədinəni məhv etməyə gələn ordu 630 yaralıdan qorxub Məkkəyə qayıtdı.

Ey dost! İşi planlaşdıran Allahdırsa, niyə nigaransan! “Hasbiyəllah” dedinmi? Doğurdanmı Allahın sənə yetəcəyini düşünürsən? Bu sözü bütün qəlbinlə hiss edərəkmi deyirsən?

İnsan elə bir  qəlb daşıyır ki, kiçik bir vəsvəsə ona bəs edir və geri çəkilir. Dərhal ümidsizliyə qapılır. 

Unutma, Hər şeyin sahibi Allahdır. Sən isə Onun qulusan. Sən etimad edərək “Hasbiyəllahu va nimə`l-vəkil” dedinsə bil ki, kainat Onundur və nəticə də Onun əlindədir. Hesablar onun hesabıdır. Minikləri, silahları, azuqələri olmasa da, yaralı olsalar da onlar yola düşdülər. Bəs Allah onların imdadına çatdımı? Əlbəttə ki, çatdı. Allah o gün möminlərin imdadına çatmışdı, bu gün də çatır və hər zaman da çatacaq.

Xəstəlik və ya başqa bəlalar səni taqətdən salıb, artıq ümidin üzülüb, yaşadıqların dözülməzdirsə o zaman “Allah Mənə yetər” de. Bir şərtlə ki, bu sözləri deyərkən Allah və Onun mələkləri səmimiyyətini, titrəyən qəlbini görsün.

Allahın mərhəmətinə ümid etmək- bir ibadətdir. Duanın qəbul olunmasını iman və ümidlə gözləmək - bir ibadətdir. Bu Allahın sevdiyi və razı olduğu əməllərdir. Məhz bu əməlləri Rəbbimiz məxluqata vacib qıldı.

Allahın mərhəmətindən şübhə etmək - ümidsizlikdir. Bu Allahın sevmədiyi və narazı olduğu haldır. Hətta Quranda buyurulur:

“Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər”. (12:87)

“(Haqq yoldan) azanlardan başqa, Rəbbinin mərhəmətindən kim ümidini üzə bilər?”(15:56)

Ona görə də sən, ey bu sətirləri oxuyan, Rəbbinin mərhəmətindən ümidini üzmə ! Dualarında ümidsizliyə qapılmadan iman və səbrlə Allaha səslənməkdə davam et.

Mən bilirəm bu çətindir. Bilirəm ki, hərdən adam hər şeyi atıb çətinliklə barışmaq istəyir... Amma Allahın mərhəmətindən kim ümidini üzə bilər?

Gec tez cavab gələcək.

“Allahin mərhəmətindən  ümidini üzmə”! (12:87) Bunu kim deyib? Uzun illərdir sevimli oğlu Yusifi itirən Yaqub peyğəmbər (ə.s). O Rəbbinə inanırdı və güvənirdi. Mükafat olaraq duasına cavab aldı. Dua - bir ibadətdir.

Ey qətiyyətsizlər! Hardasız? Axı bu yol Adəmi (ə.) yordu, Nuhu (ə.) ağlatdı, Ibrahimi (ə.) oda atıb oğlu İsmayılı qurbanlıq etdi, Yusifi (ə.) dəyərsiz əşya kimi satıb uzun illərə zindana atdı, Zəkəriyanı  (ə.) mişarladı, Yəhya (ə.) kimi itaətli zatı doğradı, Əyyubu (ə.) ağır xəstəliklə Davudu (ə.) göz yaşlarıyla, İsanı (ə) isə yırtıcı heyvanlarla buraxdı, Muhamməd (s.a.s) yoxsulluqla və kədərlə sınağa çəkdi. Və sən doğurdanmı oyun və əyləncə arzusundasan? (Ibn Qəyyum "Favaid")

Heç vaxt Rəbbinin mərhətindən ümidini üzmə və dualarını tərk etmə. Onda öz ibadətinin bəhrəsini görəcəksən. Allahın rizası ilə duaların cavablananda, tüklərin ürpəşəcək və səni soyuq tər bürüyəcək. Və sən başa düşəcəksən ki, bu odur….!

Bu sözləri sənə xatırlatma və dəstək olsun deyə söylədik.