Skip to main content


Faydalı dərslər 4: Sədəqənin önəmi

Bütün kainatı yaradan Allah Adəm oğlunu digər qullarından üstün yaratmış və Yer kürəsində yaratdığı nemətləri Adəm oğlunun ixtiyarına vermişdir. Ən gözəl adlara sahib Allah`ın “Bərr” adınının mənasına baxsaq, qullarına bolca bəxş edən, hətta layiq olmadıqları halda qullarına qarşı sonsuz Lütfkar olandır. Biz unutmamalıyıq ki zəhmətlə əldə etdiyimiz ruzini bəxş edən məhz Allah`dır.  İnsanın sərf etdikləri malların heç biri Allah`a çatmaz və Allah da bu mallara möhtac deyildir.  Gəlin düşünək-Özü bu ruzini verdiyi halda niyə yenidən Onun yolunda bu malın xərclənməsini tövsiyə edir?

Cavab aydındır-Səmimi qəlblə Allah yolunda xərclənən mal Adəm oğlu üçün bir sərmayədir. Davamlı yığılan bu sərmayə həm onun bu dünyada nemətinin artmasına vəsilə olar, əldə etdiyi ruzi bərəkətlənər, həm də hər kəsin möhtac olduğu Qiyamət günündə qurtuluşa və Allah`ın rəhmətinə aparan, Cəhənnəm atəşini söndürən bir səbəbə çevrilər. Deməli qulun Allah yolunda öz malından xərcləməsi onun malını azaltmaz, əksinə daha da artırar və bərkətləndirər.

Sədəqənin müsəlman üçün olan faydalarını, Allah qatında önəmini və fəzilətini bilmək istəsək aşağıdakı hədislər bizə bu yolda çıraq olar. Allah Rəsulu salləllahu əleyhi və səlləm sədəqə haqqında belə buyurur:

1. “Suyun atəşi söndürdüyü kimi, sədəqə də günahları yox edər.” (Tirmizi)

2. “Sədəqə təkəbbürlüyü və öyünməyi yox edər.” (Tirmizi)

3. “(Sədəqə) Qəm və sıxıntıları aparır, xəstəlikləri və bəlanı önləyər və şiddətli anlarda sizi səbirli edər.” (Deyləmi)

4.  “Ən fəzilətli əməl möhtaclara yemək, geyim vermək və möminləri sevindirməkdir.” (Təbərani)

5. “Sədəqə Allah təalanın qəzəbini söndürür və pis (əzablı, çətin)  ölümdən qoruyur (Tirmizi)

6.  “Sədəqə verməyə davam edənin ruzisi artar və duası qəbul olunur” (İbn Məcə)

7. “Sədəqə qəbir əzabından qoruyur. Qiyamətdə də sahibini himayəsi altına alır.” (Beyhaqi)

8.  “Ən xeyirli insan, gücünün çatdığı qədər verən kasıb mömindir.” (Deyləmi)

Unutmayaq ki Allah yolunda ixlasla verəcəyimiz kiçik bir şey Allah tərəfindən böyük bir mükafata layiq görülə bilər. Və bunu üçün bizdən bütün malımızı xərcləmək də tələb olunmur. “…Allah sizdən mallarınızın  tamamını sərf etmənizi istəməz. Əgər sizdən onları istəyib də sizi zorlasa, xəsislik edəcəkdiniz...” (Məhəmməd, 36-37)

Bu ayə müsəlman toplumunda hər zaman yaşana biləcək bir vəziyyəti ortaya qoyur. Allah insanları Onun yolunda mallarını xərcləməyə çağırdıqda hər insan bu çağrını dərhal könül xoşluğu ilə qəbul etməz. Çünki insanların xarakteri fərqlidir. Bəzən insanlar üçün canıyla və ya elmiylə fədakar olmaq, malıyla fədakar olmaqdan daha asan gəlir. Bəzən insan ehtiyacı olan birinə 10 manat verməyə çətinlik çəkir, lakin daha sonra elm tələbəsindən 1000 manatlıq bir geyim almağın “israf” olub olmadığını soruşur.

Qurani Kərim,  bu cür xəsisliyi diqqətə alıb müalicə etməyə çalışır: “Şeytan malınızı xeyrə sərf etdirməmək üçün sizi yoxsulluqla qorxudub xəsis olmanızı əmr edər. Allah isə (sədəqə və zəkat verərsəniz) məğfirət, lütf, bolluq vəəd edər” (Bəqərə 268)

Gecə gündüz, gizli və aşkar Allah yolunda mallarını infaq edənlərin mükafatı Rəbləri qatındadır. Bunlara qorxu və üzüntü yoxdur. (Bəqərə, 274)

 Bəzən isə insan ondan Allah rızası üçün sədəqə yığan və onu sədəqəyə təşviq edən bir müsəlman haqda düşünür: “Bu adam əl çəkmir, hər dəfə kiminsə ehtiyacı üçün məndən nəsə istəyir, gərək bir yolla onu özümdən uzaqlaşdırım”. Halbuki müsəlman üçün ən doğru düşüncə bu cür olmalıdır: “Bu şəxs mənim əlimdən tutur, Cənnətə aparır. Bu kəs Allah rızası üçün mənə yaxşılığı əmr edir. Əslində ona verdiyim pulu özünə deyil də ehtiyacı olan bir şəxsə verir. O zaman onun burada qazancı nədir? - Cavab asandır. O son dayanacağı Cənnət olan bir yolda  “elektrovoz”, mən isə bu qatara qoşulmuş bir “vaqon”-am. Birlikdə axirət səadətinə doğru gedirik”. 

Müsəlmanlar Allah`ın davasını üzərinə götürən gəlib getmiş ən xeyirli ümmətdir. Bu Allah`ın müsəlmanlara verdiyi bir şərəf, ehsan və hədiyyədir. Əgər biz bu ehsana layiq olmaq istəyiriksə əxlaqımızı, yaşam qaydalarımızı Qurani Kərimdən alıb həyatımıza tətbiq etməliyik. Çünkü bu şərəfli məqam eyni zamanda fədakarlıq istər. Əgər biz bu fədakarlıqdan boyun qaçırsaq, Allah`ın bizlərə verdiyi əmrlərdən, təşviq etdiyi əməllərdən uzaq olsaq, o zaman Allah bizə bəxş etmiş olduğu bu nemətləri və üstünlükləri geri alar və bu məsuliyyəti şərəflə üzərində daşıyan bir toplum yaradar.

Və sizlər, Allah yolunda xərcləməyə çağırılırsınız; lakin içinizdən kimisi xəsislik edir. Kim xəsislik edərsə o ancaq özünə xəsislik edər. Allah zəngindir, sizlər kasıbsınız. Əgər üz çevirəcək olsanız, yerinizə başqa bir toplum gələr də onlar sizin kimi olmazlar.” (Məhəmməd 38)

Allah bizi Ona doğru can atan, Onun rızası üçün fədakarlığa daim hazır olan bəndələrindən etsin. Amin!