Skip to main content


Nəsx olunmuş ayələr və onun hikməti (İkinci Hissə)

1. Ləfzin qalması ilə hökmlərin nəsx olunması
2. Hökmün qalması ilə ləfzin nəsx olunması
3. Həm ləfzin, həm də hökmün nəsx olunması

Bu mövzuda Allah`ın izni ilə nəsxin birinci növü olan hökmlərin nəsx olunması ilə ləfzin qalması haqqında danışacağıq.

İlk öncə onu qeyd edim ki, Qurani-Kərim ayələrinin hansının nəsx olunması İslam alimləri arasında ixtilaflı mövzudur.

Alimlər onların müxtəlif sayda olması haqqına ixtilaf etmişdir və bəziləri Quandan hətda 100 lərlə ayənin nəsx olunması iddiasında olmuşdur. Buna aşağıda bəzi misalar verəcəyəm. Qeyd olunan alimlərə görə Quran ayələrinin nəsx olunma saylarının aşağıdakı  qədər olduğu iddia olunmaqdadır.

İbn əl-Cövzi - 247 ayə,

İbn Hazm 214 ayə

İbn Sələmə 213 ayə

İbn Bərəkət 210 ayə

Məkki ibn Əbi Talib 200 ayə

ən-Nəhhas 134 ayə

Abdu`l-Qahir 66 ayə

əz-Zərqani 22 ayə

əs-Suyuti 20 ayə

əd-Dihləvi 5 ayə

Yuxarıda qeyd olunan müəlliflər qeyd olunan sayların bir çoxunu özləri qəbul etməmiş və sadəcə elə bir iddia olduğunu deyərək onlardan bəzilərinə etiraz etmişdir.  Məsələn İbn əl-Cövzi rahimahullah 247 ayənin nəsx olunduğunun iddia edildiyini demiş ancaq onlardan yalnız 22 ayənin nəsx olunmasını təsdiq etmişdir. Digər ayələrin isə nəsx olunmasına etiraz etmişdir.   əz-Zərqani rahimahullah  isə 22 ayədən yalnız 12-sinin nəsx olunduğu qəbul etmişdir.

İbn Üseymin rahimahullah nəsx ayələrinin bu qədər çox olması iddiasını aşağıdakı şəkildə izah etmişdir:

 “Məsələ ondan ibarətdir ki, bəzi elm əhli (Allah onlara rəhm etsin) nəsx məsələsinə yumşaq  yanaşıblar. Onlar bəzən təxsisi (mənanı xüsusiləşdirən) ayələri nəsx olmadığı halda nəsx adlandırmışdır. Onu da qeyd edək ki, bəzi mütəqəddim (İslamın ilkin dövrlərində yaşayan) alimlərin  istilahında (termiologiyasında) təxsis nəsx anlamında işlənirdi. Ancaq nəsxin Quran elmində olan mənasına gəlincə bəzi insanlar ona yumşaq yanaşmışdır. Bəzən görürsən ki, aralarında cəm etmə imkanı olduğu halda  o bir çox ayə və hədisləri mənsux (nəsx olunmuş, hökmü ortadan qaldırılmış) hesab edir. Baxmayaraq ki, əhkamlardan nəsx olunanın sayı 10 hökmü keçməməkdə və bəziləri tərəfindən bir az daha artıq qəbul edilməkdədir. Alimlərdən bəziləri (Allah onlara rəhm etsin) iki nassın arasında olan hökmü cəm etməkdə aciz qaldığı halda onu mənsux adlandırmışdır.  Əlbətdə bu nəsx anlayışına yumşaq yanaşmanın göstəricisidir ki, o da bəsit bir şey deyildir. Çünki, mənsux demək həmin iki nassdan birinin hökmünü ləğv etmək mənasına gəlir. Nassın hökmünü ləğv etmək isə imkansız və çətin işdir. Bu zaman vacib olan bacardığın qədər nassların arasını cəm etmək, cəm etmək imkansızlığı yarandıqda isə tarixə baxmaq lazımdır. Şübhəsiz ki, tarix elmi əsasında biz o hökmlərdən hansının əvvəl və sonra olduğunu biləcək və əvvəl gələnin mənsux, digərini isə nəsix (əvvəlki hökmü ortadan qaldıraraq qüvvədə qalan hökm) adlanıracağıq.”

Şeyx Üseymin rahimahullahın da dediklərindən məlum olduğu kimi, yuxarıda nəsx ayələrinin o qədər çox olması iddiasının əsas səbəbi dərin araşdırmalar etmədən yumşaq yanaşma və ya sələf alimlərinin bəzən təxsisə nəsx deməsi səbəbi olmuşdur.

Aşağıda Allah`ın izni ilə siz Şeyx Dr. Abdullah əş-Şanqitinin tərcih etdiyi nəsx olumuş ayələri təqdim edəcəyəm ki, onların da sayı yalnız 9 ədəddir. Bunlar aşağıdakılardır.

1. Mücadilə surəsinin 12 ci ayəsi

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ذَٰلِكَ خَيْرٌ لَكُمْ وَأَطْهَرُ فَإِنْ لَمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“Ey iman gətirənlər! Peyğəmbərlə gizli söhbət edəcəyiniz zaman bu söhbətinizdən əvvəl sədəqə verin. Bu sizin üçün daha xeyirli və daha pakdır. Əgər bir şey tapmasanız (bilin ki,) Allah Bağışlayandır, Rəhmlidir. “

Bu ayə ondan sonra gələn növbəti ayə ilə nəsx olunmuşdur. Mücadilə 13

أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ

“Məgər siz gizli söhbətinizdən əvvəl sədəqə verməkdən qorxdunuzmu? Əgər siz (bunu) etməmisinizsə və Allah da tövbənizi qəbul edibsə, onda namaz qılıb zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır.”

Bu ayə yeganə ayədir ki, alimlər onun nəsx olunması üzərində ittifaq etmişdir.

2. Ənfal surəsi 65-ci ayə

يَا أَيُّهَا النَّبِيُّ حَرِّضِ الْمُؤْمِنِينَ عَلَى الْقِتَالِ إِنْ يَكُنْ مِنْكُمْ عِشْرُونَ صَابِرُونَ يَغْلِبُوا مِائَتَيْنِ وَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ يَغْلِبُوا أَلْفًا مِنَ الَّذِينَ كَفَرُوا بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ

“Ey Peyğəmbər! Möminləri döyüşə ruhlandır. Əgər aranızda iyirmi səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda yüz (səbrli kişi) olsa, kafirlərdən mininə qalib gələr. Çünki onlar anlamayan adamlardır.”

Bu ayə ondan sonra gələn növbəti ayə ilə nəsx olunmuşdur. Ənfal surəsi 66 cı ayə

الْآنَ خَفَّفَ اللَّهُ عَنْكُمْ وَعَلِمَ أَنَّ فِيكُمْ ضَعْفًا فَإِنْ يَكُنْ مِنْكُمْ مِائَةٌ صَابِرَةٌ يَغْلِبُوا مِائَتَيْنِ وَإِنْ يَكُنْ مِنْكُمْ أَلْفٌ يَغْلِبُوا أَلْفَيْنِ بِإِذْنِ اللَّهِ ۗ وَاللَّهُ مَعَ الصَّابِرِينَ

“İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbrli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbrli kişi) olsa, Allah`ın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbr edənlərlədir.”

3. Muzəmmil surəsinin ilk ayələri

يَا أَيُّهَا الْمُزَّمِّلُ,  قُمِ اللَّيْلَ إِلَّا قَلِيلًا,  نِصْفَهُ أَوِ انْقُصْ مِنْهُ قَلِيلًاأَوْ زِدْ عَلَيْهِ

“Ey (libasına) bürünüb örtünmüş (peyğəmbər)! Az bir hissəsi istisna olmaqla gecələr (namaza) dur! Onun yarısını, yaxud ondan bir az əskilt,və ya ona artır”

Bu ayələr Muzəmmil surəsinin sonuncu ayəsi (20 ci ayə) ilə nəsx olunmuşdur.

إنَّ رَبَّكَ يَعْلَمُ أَنَّكَ تَقُومُ أَدْنَىٰ مِنْ ثُلُثَيِ اللَّيْلِ وَنِصْفَهُ وَثُلُثَهُ وَطَائِفَةٌ مِنَ الَّذِينَ مَعَكَ وَاللَّهُ يُقَدِّرُ اللَّيْلَ وَالنَّهَارَ عَلِمَ أَنْ لَنْ تُحْصُوهُ فَتَابَ عَلَيْكُمْ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ عَلِمَ أَنْ سَيَكُونُ مِنْكُمْ مَرْضَىٰ وَآخَرُونَ يَضْرِبُونَ فِي الْأَرْضِ يَبْتَغُونَ مِنْ فَضْلِ اللَّهِ وَآخَرُونَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنْهُ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَقْرِضُوا اللَّهَ قَرْضًا حَسَنًا وَمَا تُقَدِّمُوا لِأَنْفُسِكُمْ مِنْ خَيْرٍ تَجِدُوهُ عِنْدَ اللَّهِ هُوَ خَيْرًا وَأَعْظَمَ أَجْرًا وَاسْتَغْفِرُوا اللَّهَ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ

“Həqiqətən, Rəbb`in bilir ki, sən və səninlə olan insanların bir qismi (bəzən) gecənin üçdə ikisindən az, (bəzən) yarısını, (bəzən də) üçdə birini (ibadət üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyən­­ləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə (namaz qılarkən) Qurandan (sizə )asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allah`ın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allah`a gözəl bir borc verin. (Bu dünyada) qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allah`dan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah Bağışlayandır, Rəhmlidir!”

4. Nisa surəsinin 15-16 cı ayələri

وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِنْ نِسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِنْكُمْ فَإِنْ شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللَّهُ لَهُنَّ سَبِيلًا. وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا فَإِنْ تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا إِنَّ اللَّهَ كَانَ تَوَّابًا رَحِيمًا

Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın. Aranızda belə (yaramaz) iş tutanların hər ikisinə əziyyət verin. Əgər tövbə edib (əməllərini) islah etsələr, onlardan əl çəkin. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhmlidir. “

Bu ayələr  Nur surəsi 2-ci ayəsi və ləfzi nəsx olunub hökmü qalan rəcm ayəsi ilə nəsx olunmuşdur.

Nur surəsi 2-ci ayə

الزَّانِيَةُ وَالزَّانِي فَاجْلِدُوا كُلَّ وَاحِدٍ مِنْهُمَا مِائَةَ جَلْدَةٍ وَلَا تَأْخُذْكُمْ بِهِمَا رَأْفَةٌ فِي دِينِ اللَّهِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَلْيَشْهَدْ عَذَابَهُمَا طَائِفَةٌ مِنَ الْمُؤْمِنِينَ

“Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allah`a və axirət gününə inanırsınızsa, Allah`ın dininə görə onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun.”

5. Bəqərə surəsinin 240 cı ayəsi

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا وَصِيَّةً لِأَزْوَاجِهِمْ مَتَاعًا إِلَى الْحَوْلِ غَيْرَ إِخْرَاجٍ

Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (şəriətə) müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir.

Bu ayə Bəqərə surəsi 234  cü ayə ilə nəsx olunmuşdur.

وَالَّذِينَ يُتَوَفَّوْنَ مِنْكُمْ وَيَذَرُونَ أَزْوَاجًا يَتَرَبَّصْنَ بِأَنْفُسِهِنَّ أَرْبَعَةَ أَشْهُرٍ وَعَشْرًا فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا فَعَلْنَ فِي أَنْفُسِهِنَّ بِالْمَعْرُوفِ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

“Sizlərdən ölənlərin qoyub getdiyi zövcələr dörd ay on gün gözləməlidirlər. Onların gözləmə müddəti­ bitərkən (şəriətə) müvafiq qayda üzrə özləri barədə etdikləri işə görə sizə günah sayılmaz. Allah nə etdiklərinizdən xəbərdardır. “

Bu ayənin özündən sonra gələn ayəni nəsx etməsi baradə mötəbər  ixtilaf vardır. Növbəti yazılarımızda inşəAllah buna da toxunacağıq.

6. Bəqərə surəsi 184 cü ayə

عَلَى الَّذِينَ يُطِيقُونَهُ فِدْيَةٌ طَعَامُ مِسْكِينٍ

“Buna taqəti olmayanlar isə (buraxdığı hər gününün əvəzinə) bir kasıbı yedirtməklə fidyə verməlidirlər.”

Bu ayə ondan sonra gələn ayə ilə  (185 ci ayə) nəsx olunmuşdur.

فَمَنْ شَهِدَ مِنْكُمُ الشَّهْر فَلْيَصُمْهُ

“Sizlərdən bu aya çatan şəxslər (həmin ayı) oruc tutmalıdırlar.”

وَمِنْ ثَمَرَاتِ النَّخِيلِ وَالْأَعْنَابِ تَتَّخِذُونَ مِنْهُ سَكَرًا وَرِزْقًا حَسَنًا

Siz xurma ağacının meyvələrindən və üzümlərdən sərxoşedici içki və xeyirli ruzi hazırlayırsınız.”

Bu ayədə keçən sərxoşedici içki haqqında inşəAllah yenə qarşıda olan yazımızda danışacağıq. Əslində Quranın nəsxlərində bir möcüzənin təsdiqi olaraq bu ayədən də görəcəksiniz. Ümumilikdə ayə içkinin haram edilməsi ayələri ilə nəsx olunmuşdur. Bu ayənin də nəsx olunub-olunmaması baradə ixtilafları qeyd edəcəyik.

يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ وَالْمَيْسِرِ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ مِنْ نَفْعِهِمَا

“Səndən sərxoşedici (içki) və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət vardır. Amma günahları mənfəətlərindən daha böyükdür”.

Bu ayə Maidə surəsi 90 cı ayə ilə nəsx olunmuşdur.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Həqiqətən, şeytan sərxoşedici (içki) və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allah`ı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz (buna) son qoyacaqsınızmı?”

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَىٰ حَتَّىٰ تَعْلَمُوا مَا تَقُولُونَ

“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın.”

Bu ayə də içkinin haram olmasını bəyan edən ayə Maidə 90-91 ci ayələrlə nəsx olunmuşdur.

Allah`ın izni ilə növbəti yazılarımızda bu ayələrin nəsx olunması haqqında olan ixtilafları, alimlərin təfsirlərini və onlarda olan bəzi hikmətləri də qeyd etməyə çalışacağıq. Müvəffəqiyyət təbii ki, Allah`dandır.