Skip to main content


Vəsilə Axtarmaq

Təvəssülün dini və bidət olmaqla iki növü var. Bu məqalədə Allah`ın izni ilə biz dini yəni dinə uyğun olan təvəssül mövzusuna toxunacağıq.

Birinci ayənin təfsiri ilə bağlı müfəssirlərin imamı Hafiz İbn Cərir ət-Təbəri (310/922) belə deyib: “Allah`dan qorxun!”, yəni sizə verdiyi əmr və qadağalarında Onun dəvətinə itaət edib cavab verin “və Ona vəsilə axtarın”, yəni Onu razı salacaq əməl ilə yaxınlaşmanın yollarını axtarın.” [1]. Bunun mənası həmin ayənin ardınca işlədilən “(Allah) yolunda cihad edin ki, nicat tapasınız!” ifadəsindən aydın olur.

Hafiz İbn Kəsir (774/1372) İbn Abbasdan (68/687) ayədəki “vəsilə” sözünün yaxınlaşmaq mənasına gəldiyini nəql edir. Bu izahatın eynisi bütün müfəssirlər tərəfindən nəql edilib. [2]

Peyğəmbər salləllahu əleyhi və səlləmin səhabələrindən olan Abdulah ibn Məsud (32 və ya 33/652 və ya 653) ikinci ayənin mənasını izah edən nüzul səbəbini də qeyd edərək belə deyib: “Bəzi insanlar bəzi cinlərə ibadət edirdilər. Sonra həmin cinlər müsəlman oldular. Lakin digərləri əvvəlki dinlərinə bağlı qaldılar”. [3]

Hafiz İbn Hacər (852/1448) belə deyib: “Yəni əvvəl cinlərə ibadət edən o insanlar cinlərə ibadət etməkdə davam etdilər. Halbuki cinlər bu ibadətlərindən razı deyildilər. Çünki müsəlman olmuşdular. Belə ki, Rəbb`lərinə yaxın olma yolunu axtarmağa çalışanlar onlar oldular”. [4]  Beləliklə, Buxarinin “Səhih”ində İbn Məsuddan (32 və ya 33/652 və ya 653) nəql etdiyi rəvayətdə açıq şəkildə bildirildiyi kimi, ayənin təfsirində güvənilən və əsas qəbul ediləcək izahat budur.

Ayədə həmçinin vəsilə ilə nəyin nəzərdə tutulduğu da çox açıq bildirilir: “Bu, Allah təalaya yaxınlaşdıran şeylərdir (yaxşı əməllərdir). Bu səbəbdən Allah: “axtarır” buyurmuşdur ki, bunun mənası da “onları Allah`a yaxınlaşdıracaq doğru əməllər etmək istəyərlər” deməkdir.

Heç bir elm əhli hər iki ayədə qeyd edilən “vəsilə” sözü ilə yaradılanlardan hər hansı insanın şəni, məqamı və hörməti ilə yaxınlaşmanı (Misal “filankəsin hörmətinə məni bağışla”) nəzərdə tutduğunu deməyib. Belə olduğu halda, “…Ona vəsilə (yol) axtarın…” və “…hər hansı biri (Allah dərgahına) daha yaxın olsun deyə, Rəbbinə vəsilə axtarır…” ayələrindəki vəsilə ilə peyğəmbərlərin, əməlisaleh insanların məqamı və hörmətinə təvəssül etməyin nəzərdə tutulması iddiasının batil iddia olduğu üzə çıxır.

İbn Cərir Təbəri bu ayənin təfsirində bunları deyir:

“Allah təala bu ayə ilə bunu nəzərdə tutur: “Ey xəbər verdiyi, savab vəd etdiyi və cəza ilə qorxutduğu mövzularda Allah`ı təsdiq edənlər!” Allah`dan qorxun “və sizə əmr etdiyi, sizə qadağan etdiyi şeylərdə Ona itaət edərək çağırışına cavab verin. Rəbb`inizi, Peyğəmbərinizin, təsdiqinizi və imanınızı saleh əməllərlə isbat edin” və Ona yaxınlaşmağa vəsilə axtarın” yəni; Onun razı olduğu əməllərlə Ona yaxın olmağa çalışın.

Vəsilə: Bu sözü söyləyənin etdiyi işdir: “Filan adama belə belə təvəssül etdim, yəni, “ona belə belə yaxınlaşdım deməkdir...” İbn Cərir daha sonra elm adamlarının sözlərini sənədləriylə birlikdə sıraladı və belə dedi:

Əbu Vaildən “Ona yaxınlaşmağa vəsilə axtarın” ayəsi haqqında belə dediyi rəvayət olunur: “Dedi ki, əməllərlə yaxınlıq axtarın, deməkdir”. Ətaya görə vəsilə, yaxınlıq deməkdir.

Süddidən belə dediyi rəvayət edilmişdir: “Vəsilə, istəmək və yaxınlaşmaq deməkdir”.

Qatədədən belə dediyi rəvayət edilmişdir: “Yəni Ona itaət edərək və razı olduğu əməllərlə yaxınlaşın”.

Mücahiddən belə dediyi rəvayət edilmişdir: “Vəsilə, Allah`a yaxınlıq deməkdir”.

İbn Kəsir də Həsən və Abdullahdan İbn Kəsir vəsilənin yaxınlıq mənasına gəldiyi rəvayət edilmişdir.

İbn Zeyddən belə dediyi rəvayət edilmişdir: “Vəsilə, məhəbbətdir, Allah`a sevginizi göstərin deməkdir. İbn Zeyd bunu dedikdən sonra bu ayələri oxudu: “Onların tapındıqları tanrıların özləri də vəsilə axtarırlar”. [5]

Quran və sünnəyə müraciət etməklə dinə uyğun təvəssül üç yerə ayrılır:

1- Allah təalaya Ona məxsus ad və sifətləri ilə təvəssül etmək.

2- Allah təalaya doğru əməllərlə təvəssül etmək.

3- Allah təalaya əməlisaleh müsəlmanın duası ilə təvəssül etmək.

İndi də bunları dəlilləri ilə birlikdə izah edək:

1 – Allah təalaya Ona məxsus ad və sifətləri ilə təvəssül etmək: Müsəlmanın dua edərkən: “Allah`ım, mən Səndən Rəhman və Rəhim olduğun üçün mənə sağlamlıq verməyini diləyirəm” və ya: “Allah1ım, mən Səndən hər şeyi əhatə edən rəhmətinlə mənə mərhəmət etməyini, məni bağışlamağını diləyirəm” deməsi, yaxud buna bənzər Allah təalaya gözəl adları və sifətləri ilə dua etməsi şəklində olur.

Belə təvəssülə aşağıdakı ayə dəlildir:

“Ən gözəl adlar (əsmayi-hüsna) Allah`ındır. Onu bu adlarla çağırıb dua edin. Onun adları barəsində küfr edənləri tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar!”. (Əraf 180)

Bu növ təvəssülün sünnətdən dəlili isə aşağıdakı hədisdir: “Peyğəmbər salləllahu əleyhi vəsəlləm istixarə namazında belə dua edərdi: “Allahummə inni əstaxirukə bi ilmikə va əstaqdiru bi qudrətikə va əsəlukə min fadlikəl-Azim” – “Allah`ım, mən Sənin elminlə Səndən xeyirli olanı istəyirəm. Qüdrətinlə mənə güc verməyini istəyirəm, Sənin çox böyük lütfünü arzulayıram” [6]. Digər dəlil isə Allah Rəsulunun bu duasıdır: “Ey diri və əbədi olan Allah! Rəhmətinlə köməyini diləyirəm”. [7]

2 – İman və doğru əməllərlə Allah`a təvəssül etmək. Bu da Allah üçün və Onun dininə uyğun olan gözəl əməllərlə olur. Əməllərin sahibinin Allah`a dua edərkən “Allah`ım, Sənə olan imanım, sevgim və Rəsuluna tabeçiliyim səbəbilə məni bağışla” – deməsi və dinə uyğun olan digər belə dualar etməsi buna misaldır.

Qurandan Allah`ın aşağıdakı ayəsini örnək göstərmək olar:

“(Həvarilər dedilər: ) “Ey Rəbb`imiz, bizə nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə (İsaya) tabe olduq. Artıq bizləri (haqqa) şahid olanlarla bir yerdə yaz!”. (Əli-İmran 53)

Sünnədən isə İbn Ömərin (74/693) mağaraya sığınan üç insanın qarşılaşdığı hadisə ilə bağlı rəvayət etdiyi hədis buna dəlildir. Onlar mağaraya girdikdən sonra bir qaya parçası mağaranın ağzına yuvarlanıb oranı bağlamışdı. Bundan sonra onlar yaxşı əməlləri ilə Allah`a təvəssül etdilər. Birinci insan ata-anasına yaxşı davranmasını, ikincisi lazımi imkanlar olduğu halda günahdan uzaq olub namuslu davranmasını, üçüncü isə əmanəti və insanların haqqını verməsini vəsilə etmişdi [8]. Digər bir dəlil də Bureydə ibn əl-Husayb əl-Əsləminin (63/682) rəvayət etdiyi bu hədisdir: “Peyğəmbər salləllahu əleyh və səlləm buyurdu: “Allah`ım! Mən Səndən başqa heç bir haqq məbud olmayan Allah olmağına, doğmamış və doğulmamış, heç bir bənzəri olmayan tək olduğuna, heç nəyə möhtac olmadığına şahidlik edib səndən istəyirəm”. [9]

3 – Əməlisaleh müsəlmanın duası ilə Allah`a təvəssül. Bu, bir müsəlmanın böyük çətinliyə və çıxılmaz vəziyyətə düşüb əməlisaleh və təqvalı müsəlmanın yanına gedərək onun üçün Rəbb`inə dua etməsini istəməsidir.

Duası ilə təvəssül edilən insan müsəlman olmalı, doğru əmələ malik və dua edəcək gücdə olmalı, buna görə də heç bir məbləğ almamalıdır.

Sünnə və səhabələrin davranışları buna dəlildir. Sünnədən buna dəlil Ənəs ibn Malikin (93/711) nəql etdiyi, bir cümə günü Peyğəmbər salləllahu əleyhi vəsəlləmin xütbə verdiyi əsnada bədəvi ərəbin davranışı ilə bağlı rəvayətdir. Bu insan Peyğəmbər salləllahu əleyhi vəsəlləmdən onlar üçün Allah təalaya dua edib quraqlıqdan sonra yağış yağdıraraq köməklərinə yetişməsini diləmişdi. Peyğəmbər salləllahu əleyhi vəsəlləm də əllərini göyə qaldırıb onlar üçün dua etdi və yağış yağdı. [10]

Səhabələrin həyatından dəlil: Peyğəmbər salləllahu əleyhi vəsəlləmin vəfatından sonra Ömər ibn Xəttab (23/643), Abbas ibn Abdulmuttalibə Allah`a, yağış yağdırması üçün dua etməsini demişdi [11]. Buradakı “yağış yağma istəyi”, yəni yağış yağdırması üçün Allah`a dua etməsini istəmiş və bunun üçün də: “Dua et, ey Abbas” demişdir. Buradan anlaşılır ki, səhabələr Peyğəmbər salləllahu əleyhi və səlləmin vəfatından sonra, “Allah`ım Peyğəmbər xətrinə yağış endir” demədilər, Hz Abbasa müraciət etdilər. Deməli, bu güclü bir sübutdur ki, insan çox saleh olsa da, o öldükdən sonra artıq onun ruhundan vəya ruhu xətrinə Allah`dan dua istənilmir, yaşayan başqa bir saleh insandan özü üçün dua etməsi istənilir.  

 

QAYNAQLAR

[1] (Təfsirut-Tabəri, 4/566)

[2] (Təfsiru`l-Qurani`l-Azim 2/55)

[3] (Səhih hədisdir, Buxari (N: 4714, həmçinin bax. N: 4715); Təbəri “Təfsirut-Tabəri” (8/94-96); bax. İbn Kəsir “Təfsirul-Quranil-Azim”, 3/50)

[4] (Fəthu`l-Bəri 8/249)

[5] (İsra 57, Təfsiru`t-Tabəri c.IV.s.226)

[6](Səhih hədisdir, Buxari (N: 1162, 6382, 7390))

[7](Həsən hədisdir. Tirmizi: 3524; Nəsai “əs-Sunənu`l-Kubra”: 10330)

[8](Buxari: 2215, 2272, 2333, 3465, 5974 və Muslim: 2743/100)

[9](Səhih hədisdir. Əhməd: 5/349, 350, 360; Əbu Davud: 1493, 1494; Tirmizi: 3475)

[10](Buxari: 932, 933, 1013, 1019, 1021, 1029, 1033, 3582, 6093, 6342; Muslim: 897)

[11](Buxari: 1010,3710)