Skip to main content


Qurani Kərimdə surələrin Məkki və Mədəni adlandırılmasının səbəbləri

Surələrin Məkki və Mədəni olaraq adlandırılması səhabənin zamanından başlamışdır. Buxarinin “Səhih” kitabında İbn Məsud radyallahu anhunun belə dediyi rəvayət olunmuşdur: “ Vallahi! Allah`ın kitabında nazil olan elə bir surə yoxdur ki, mən onun harada nazil olduğunu bilməyim.”

Alimlər surələrin Məkki və Mədəni olmasını aşağıdakı 3 görüşə əsasən təyin edirlər.

1. Alimlərin cumhuruna (çoxluğun rəyi) görə Allah Rəsulu salləllahu əleyhi va səlləmin hicrətindən öncə nazil olmuş surələr Məkki, onun hicrətindən sonra nazil olmuş surələr isə Mədənidir.

2. Bəzi alimlərin rəyinə görə isə zaman çərçivəsi olmadan Məkkə və ona yaxın ərazilərdə nazil olmuş surələr Məkki, Mədinə şəhəri və ona yaxın ərazilərdə nazil olmuş surələr isə Mədəni surələrdir.

3. Başqa bir qisim alimlərə görə isə Məkkə əhalisinə müraciətlə nazil olmuş ayələr Məkki, Mədinə əhalisinə nazil olmuş surələr isə Mədənidir. Bu görüşə əsaslananlar bəzi tabiinlərdən rəvayət olunan rəyə əsaslanırlar. Onlara görə “Yə Eyyuhə`n-Nəs” – ey insnalar, yaxud “yə bəni ədəm” – ey adəm övladı kimi olan müraciətlər Məkki, “yə eyyuhəl ləzinə əmənu” – ey iman edənlər kimi müraciət olunanlar isə Mədəni surələrdir. Ancaq bunun doğru olmadığını isbat edən alimlər deyirlər ki, elə surələr vardır ki, orada heç bir müraciət ayəsi yoxdur, o zaman onun Məkki və Mədəni olmasını bu qayda ilə müəyyən etmək mümkün deyildir. Həmçinin elə Mədəni surələr vardır ki, orada müracət –“ey insanlar” olaraq başlayır. Buna misal Nisa surəsinin ilk ayəsini göstərmək olar.

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbb`inizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah`dan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.  Nisə 1

Bununla yanaşı elə Məkki surələr vardır ki, orada “ey iman edənlər” şəklində müraciət forması vardır. Əksər alimlərə görə Həcc surəsi Məkkidir və orada bu ayəyə rast gəlinir.

Yuxarıda da qeyd etdiyimiz kimi birinci görüş cumhurun görüşüdür və ətraflı dəlillərlə alimlər tərəfindən izah olunur. Bu görüşə əsasən hicrətdən sonra surə yaxud  ayə Məkkədə nazil olsa belə o Mədəni sayılır. Məsələn – Maidə surəsinin 3-cü ayəsi Məkkədə nazil olsa da hicrətdən sonra nazil olduğu üçün mədəni sayılır.

الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الْإِسْلامَ دِيناً

Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.

Yaxud Fəth surəsi  Məkkəyə yaxın ərazi olan Hudeybiyyədə nazil olsa da yenə də zaman baxımından Mədəni sayılır.

Şeyx Useymin rahimahullah özünün “Təfsir usulu” əsəsrində surələrin Məkki və Mədəni olaraq bilinməsində olan hikməti aşağıdakı kimi izah edir : Onlardan ən əsası

1. Dəvətçilər üçün tərbiyəvi əhəmiyyəti. Hətda dəvətdə mərhələləri bilsin və ilk öncə nədən dəvət etməli olduğunu harada asanlıqla harada şiddətlə yanaşmalı olduğunu  Quranın nazil olması ardıcıllığı ilə dərk etsin.

2. Şəriətin insanlara mərhələli olaraq çatdırılması və şəri icraatlara müəyyən zaman çərçivəsində tətbiqinə yol açması. (Toplumun ümumi şəriət qaydalarının qəbuluna psixoloji hazırlığı).

3. Nəsx və Mənsuxu bilmək. Beləki hökm baxımından sonra gələn ayə özündən öncə gələn ayəni nəsx edər.

Yuxarıdakı izahdan da açıq-aşkar göründyü kimi Məkki və Mədəni surə və ayələrinin bilinməsi onların bu cür adlandırlması hikməti səbəbi ilə birinci görüşə tam uyğundur. Çünki surələrin hicrətdən öncə və sonra endirilməsini bilməklə bu hikmətləri anlamaq olar.

Rəbb`im bizi Quranı anlayıb onu haqqı ilə yaşayanlardan etsin. Amin!

Va əxiru da’vanə ənilhəmdu lilləhi rabbil aləmin !