Skip to main content


Təcvidin əhəmiyyəti

O da Qurani-Kərimin qiraətinin müsəlmanın həyatından ayrılmaz bir ibadətə çevrilməsi anlamına gəlir. Allah Rəsulu Muhəmməd salləllahu əleyhi və səlləm tərəfindən İslamın dirəyi, sütünu olaraq vəsf edilən namaz, elə onun tərəfindən də Fatihə surəsinin qiraəti olmadan onun batil olacağı ilə xəbərdarlıq edilmişdir. Allah Rəsulu salləllahu əleyhi və səlləm demişdir: “İşin əsası İslam, onun sütunu namaz, zirvəsi isə cihaddır”.[1]

Digər bir hədisdə isə demişdir: “Fatihə oxumayanın namazı yoxdur”. [2]

Hədislərdəndə göründüyü kimi Peyğəmbər salləllahu əleyhi və səlləm İslamın dirəyi olaraq namazı, namazın əsası olaraq isə Fatihəni göstərmişdir. Yəni fatihəsiz namaz, namazsız İslam yoxdur.

Bütün bunlardan o nəticəyə gəlirik ki, hər bir müsəlman Qurani-Kərim qiraətinə  və onu doğru şəkildə tətbiq edilməsinə həyatında nə qədər önəm verməli, onu düzgün qaydalar  əsasında oxumağa can atmalı və hərflərini düzgün tələffüz etməyi öyrənməlidir. Bu isə təcvid elminin öyrənilməsi ilə mümkündür.

Təcvid sözünün mənası ərəb dilində yaxşılaşdırmaq, gözəlləşdirmək deməkdir. Qurani-Kərimi öyrənən elmlər arasında onun xüsusi yeri və böyük əhəmmiyyəti vardır. Çünki, o onu öyrənən şəxsə Qurani-Kərimi onun nazil olduğu şəxs Muhəmməd Peyğəmbər salləllahu əleyhi və səlləm kimi oxumağı öyrədən elmdir. Ona görə də alimlər təcvid elminin tərifini bu şəxildə vermişdir; Qurani Kərimi hər bir hərfininin haqqını verərək və qaydalarına riayət edərək Allah Rəsulu salləllahu əleyhi və səlləm kimi oxumaq.

Qurani-Kərimdə hər bir hərfin haqqını vermək, yəni hərfləri düzgün qaydada tələffüz etmək, uzatma olmayan yerdə uzatmamaq, uzatma olan yerdə uzatmaq, səsini sıxmadan və s. uyğunluqla tilavət etmək deməkdir.

Qaydalarına riayət edərək dedikdə isə, alimlər tərəfindən nəzəri olaraq müəyyən adlar verilmiş bəzi qiraət hökmlərini tətbiq etmək nəzərdə tutulur. Buna idğam, ixfə, izhar, iqlab və sair təcvid qaydalarını misal vermək olar.

Allah Rəsulu salləllahu əleyhi və səlləm kimi oxumaq dedikdə isə nəzərdə tutulan onun avazı deyil, yuxarıda qeyd olunan hərflərin tələffüz şəkli və qaydaların tətbiq olunmasıdır.

Təcvid elmini öyrənməyin hökmünə gəldikdə isə alimlər onu iki əsas hissəyə bölmüşdür. Birincisi təcvidi nəzəri olaraq öyrənmək, ikincisi isə onu praktik olaraq tətbiq etmək.

Təcvidin nəzəri olaraq öyrənilməsi fərz kifayədir. Yəni müsəlmanlardan bir qrupu onu öyənərsə digərlərininin üzərindən vacibliyi götürülmüş olur. Nəzəri olaraq öyrənilmək dedikdə isə nəzərdə tutulan alimlərin onun asanlıqla öyrənilməsi üçün təyin etdiyi qaydaların mənimsənilməsidir. Buna yuxarıda qeyd etdiyimiz qaydalar və başqa tərifləri, tətbiqləri və s. şəkilləri ilə aiddir.

Təcvidin tətbiqi olaraq öyrənilməsinə gəlincə isə onu öyrənmək imkanı olan hər bir müsəlmana vacibdir. Xüsusən Fatihə surəsinin öyrənilməsi zəruriyyətin əsasıdır. Çünki bəzi alimlər Fatihə surəsini bacarığı olduğu halda öyrənməyən kəsin namazının batil olduğunu, bəziləri onu səhv oxuyanın fasiq oloduğunu demişdir. Bununlada müsəlman üçün onun vacibliyi nə dərərcədə önəm kəsb etdiyi aydın olur.

Neçə-neçə müsəlmanlar vardır ki, illərdir İslamdadır, ancaq hələ də təcvid bir yana Allah`ın kitabını üzündən belə oxuya bilmir. O eyni zamanda dünya işləri ilə və onları öyrənməyə elə vaxt sərf edir ki, sanki əbədi olaraq dünyada qalacaq. Ancaq Rəbb`inin kitabını oxumağa, onu öyrənməyə, düzgün qaydada oxumağa gələndə ona vaxtı olmur. Bu hal əlbətdə ki, axirət inancı olan, cənnət iddiasında olan, çoxlu savab qazanmaq istəyən, Allah`ın dinini haqqı ilə öyrənmək istəyən bir müsəlmanın iddiasıyla ziddiyyət təşkil etməkdədir.

Bu Quranın hicr edilməsidir ki, bu mövzuda inşəAllah qarşıdakı mövzularda bəhs edəcəyik.

Ona görə də müsəlman qardaşım Rəbb`inin kitabını öyrənməyə, onu oxumağa , ən əsası onu yaşamağa can at. Əlbətdə ən əsası Rəbb`inin kitabını həyatına tətbiq etmək, onu yaşamaqdır. Çünki neçə-neçə Quran oxuyanlar vardır ki, həyatları tam oxuduqlarının ziddi ilə aşıb-daşır. Neçə-neçə Quran oxuyanlar vardır ki, Quran Allah Rəsulu salləllahu əleyhi və səlləmin ifadəsi ilə desək onun boğazından aşağı enməmişdir. Neçə-neçə Quran oxuyanlar vardır ki, onun hökmlərini ayaqlar altına salır, inandıqlarını iddia etdikləri halda yaşadıqları Quranın tələblərinin əksinə, qadağaları ilə isə üst-üstə düşür. Əlbətdə bütün bunlardan Allah`a sığınırıq. Ancaq onuda bildirmək istəyirəm ki, Quranı öyrənməyə, onu düzgün oxumağa, onu qiraət etməyə vaxt ayırmaq istəməyən şəxs onu yaşamağa heç qadir ola bilməz. Vaxtını Allah üçün ayırmayan, canını və malını Onun üçün heç vaxt verə bilməz.

Uca Rəbb`im bizə Onun kitabını haqqı ilə oxumağı və onu haqqı ilə yaşamağı nəsib etsin.!


[1] Tirmizi. Albani hədisin səhih olduğunu demişdir.

[2]Muttəfiqun aleyhi. (Buxari, Muslim)