Ölü üçün nələr etmək olar
Vəfat edənin ardınca nə etməli?
Hər insan özü üçün təyin olunan vaxt çatanda bu dünyadan əbədi diyara səfər edəcək. Bu, Peyğəmbərlər salləllahu əleyhi və səlləm də daxil olmaqla bu hamıya aiddir. Bu həqiqət Quranda belə ifadə olunur: “Hər bir kəs (canlı) ölümü dadacaqdır”. (Əli İmran 3/185) “De: “(Qorxub) qaçdığınız ölüm sizi mütləq yaxalayacaqdır. Sonra siz gizlini də, aşkarı da bilənin (Allahın) hüzuruna qaytarılacaqsınız. O da sizə (dünyada) nələr etdiyinizi (bir-bir) xəbər verəcəkdir!” (Cumə 62/8), “Harada olursunuz olun, hətta uca (möhkəm) qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaq…” (Nisə 4/78)
Lakin bu böyük həqiqət bəzən unudulur və insan ölməyəcəkmiş kimi dünyaya bağlanır. Halbuki, ölümü xatırlamaq bir hədisdə də bildirildiyi kimi ləzzətləri insana unutdurur və beləcə axirəti düşündürür.[1]
Müsəlman zamanın qiymətini bilməli, vaxt itirmədən səfər edəcəyi əbədi diyar üçün tədarük görməlidir. Allah Quranda buyurur: “(Axirət üçün) tədarük görün. Ən yaxşı tədarük (azuqə) isə təqvadır (pis əməllərdən çəkinməkdir). Ey ağıl sahibləri, Məndən qorxun!” (Bəqərə 2/197)
Mərhum üçün edilənlərin bir faydası varmı?
Allah Rəsulu salləllahu əleyhi və səlləm bir hədisində belə buyurmuşdur: “İnsan öləndə artıq əməl işləməklə savab qazana bilmir, ancaq əməl dəftərinə üç şeydən: sədəqeyi-cariyədən, öyrətdiyi faydalı elmdən və ona dua edən saleh övladdan savab yazılır.”[2] Bu hədisdə də bildirildiyi kimi insan qəbirdə ancaq bu dünyada işlədiyi əməllərlə baş-başa qalacaq. Mömin isə dünyada işlədiyi bəzi əməllərinin savabını öldükdən sonra da almağa davam edəcəkdir. Çünki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləm bir hədisində belə buyurmuşdur: “Möminə ölümündən sonra sağlığında etdiyi bu xeyirli əməl və yaxşılıqlara görə savab qazanacaq: öyrədib yaydığı elm, saleh övladdan, miras qoyduğu müshəf (Qurani-Kərim), tikdiyi məscid, yolçu üçün tikdiyi ev, çəkdiyi su və sağlığında verdiyi sədəqə”.[3]
Yəni insan dünyada özünün işlədiyi və başqalarının da etməyinə səbəb olduğu əməllərdən faydalanacaq. Alimlər arasında bu məsələdə heç bir fikir ayrılığı yoxdur.
Mərhum üçün ediləcək ən faydalı əməllər bunlardir:
Dua və istiğfar
Mərhum üçün ediləcək ən faydalı əməllərdən biri də dua və istiğfardır. “Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla…” (Həşr 59/10) ayəsi və “Ey Allahın Rəsulu! Vəfat edən valideynlərim üçün yaxşılıq edə bilərəm? – deyə soruşan səhabəyə, “Bəli, bunun onlara faydası var. Onlar üçün dua et və Allahdan bağışlanma dilə. Vəsiyyətləri varsa onu yerin yetir. Qohum-əqrəbaları ilə əlaqəni kəsmə, Onların dostları ilə münasibəti davam etdir”[4] – hədisi dua və istiğfarın mərhum üçün faydalı olduğuna dəlildir.
Alimlər edilən dua və istiğfarın mərhum üçün faydalı olduğunu bildirirlər. Ancaq dua edilən mərhum mömin olmalıdır. İnanmayanların arxasınca edilən heç bir əməl onlara fayda verməz. Onlar üçün dua etmək də doğru deyildir. Uca Allah İbrahim əleyhissalamın dilindən “Ey Rəbbim! Haqq-hesab çəkilən gün (qiyamət günü) məni, ata-anamı və möminləri bağışla!” (İbrahim 14/41) və Nuh əleyhissalamın dilindən “Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə (yaxud məscidimə) mömin kimi daxil olan kimsəni və (qiyamət gününə qədər olacaq) bütün mömin kişiləri və qadınları bağışla…” (Nuh 71/28) dualarını öyrədir. Bu sadəcə yaşayanlara yox dünyadan köçənlərə də aiddir.
Allah Rəsulu salləllahu əleyhi və səlləm dəfndən sonra məzarın yanında dayanıb: “Qardaşınızın bağışlanmasını diləyin. Çünki o, hal-hazırda sorğu-suala çəkilir”[5] – buyurmuşdur. Bu hədis duanın mərhuma fayda verəcəyini açıqca bildirir. Əgər duanın mərhuma faydası olmasaydı Allah Rəsulu salləllahu əleyhi və səlləm əshabına bunu əmr etməzdi.
Sədəqə
Əhli-sünnə alimlərinin fikrincə mərhum adından verilən sədəqənin ona faydası var. Allah Rəsulu salləllahu əleyhi və səlləmin buna işarə edən hədisləri var. Aişə radiyallahu anhənin nəql etdiyi hədisdə deyilir: “Bir nəfər Allah Rəsulunun salləllahu əleyhi və səlləm yanına gələrək, “Ey Allahın Rəsulu! Anam qəflətən dünyasını dəyişdi, heç nə deyə bilmədi. Əgər danışsaydı sədəqə verməyimi istəyərdi. Mən onun adından sədəqə verə bilərəm?” – deyə soruşdu. Allah Rəsulu salləllahu əleyhi və səlləm – “Bəli”! dedi”.[6]
Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, atası vəfat edən bir nəfər atasının çoxlu malı olduğunu və vəsiyyət eləmədiyi üçün onun adına sədəqə verə biləcəyini soruşduğu zaman Allah Rəsulu salləllahu əleyhi və səlləm buna icazə vermişdir.[7]
İbn Abbas radiyallahu anhunun nəql elədiyi başqa bir hədisdə isə deyilir: “Bir nəfər Allah Rəsulu salləllahu əleyhi və səlləmin yanına gələrək “Ey Allahın Rəsulu! Anam vəfat etdi. Onun üçün sədəqə versəm ona faydası toxunarmı?” – deyə soruşdu. Peyğəmbər salləllahu əleyhi və səlləm “Bəli” dediyi zaman həmin şəxs “Bir meyvə bağım var. Hamı şahid olsun ki, onu anamın adından bağışlayıram” – dedi”.[8]
Bütün bunlar vəfatından sonra mərhum adından sədəqə verilə biləcəyini göstərir. Ancaq bir şərtlə ki, həmin sədəqə qəbirin üstündə verilməsin. Sədəqəni cənazə dəfn olunarkən qəbirstanlıqda paylamaq da məkruhdur.
Mərhumun adından namaz, oruc və həcc kimi ibadətləri etmək olarmı?
Oruc: Müsəlman Ramazan orucunun qəzasını müəyyən səbəblərdən yerinə yetirə bilmədən vəfat edərsə, buna görə günahkar və borclu hesab olunmur. Müsəlman oruclarının qəzasını tutmaq imkanı ola-ola tutmadan vəfat edərsə, varisi onun əvəzinə oruc tuta bilməz. Yəni fiqh alimlərinin çoxunun fikrincə, ölünün qəza orucunu tutmaq vacib deyil. Çünki oruc namaz kimi bədənə aid ibadətdir. Bədənə aid ibadətlərdə isə vəkalət caiz deyil. Allah Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur: “Heç kim başqasının yerinə oruc tuta bilməz. Heç kim başqasının əvəzinə namaz qıla bilməz”.[9] Başqa bir hədisdə isə deyilir: “Kim üzərində bir ay oruc borcu olaraq ölərsə, (ailəsi və ya yaxınları) onun adından hər gün bir nəfərə yemək yedirsin”.[10]
Bu səbəbdən vəfat etmiş şəxsin əvəzinə oruc tutmaq yox, onun tuta bilmədiyi oruclarının fidyəsini verməyə çalışmaq lazımdır.
Unutmamaq lazımdır ki, mərhumun öz əməlləri başqasının onun üçün elədikləri qədər fayda verməz. Əgər belə olsa bütün varlılar öz ibadətlərini başqalarına elətdirər məsuliyyətdən azad olardılar. Bu isə, əsla caiz deyil.
Həcc: Sağ və ya mərhum müsəlmanın adından həccə getmək – bu ibadətin maddi yönü də olduğuna görə – əksər alimlər tərəfindən caiz hesab edilmişdir. Ancaq İslam hüquq məktəblərinin bu mövzuda irəli sürdüyü şərtlər bir-birindən xeyli fərqlənir. Bir qadın sağ ikən həccə getməyən anasının adına həcc edib-etməyəcəyini soruşmuş, Allah Rəsulu: “Bəli, onun yerinə həcc et” – buyurmuşdur.[11] Əksər fiziki ibadətlərin vəkalətlə başqası tərəfindən yerinə yetirilməsi qəbul olunmasa da, acizlik səbəbilə (şəxsin vəfat etməsi və ya sağalma ümidinin olmaması) fərz olan həccin edilməsi caiz hesab olunmuşdur. Bəzi alimlər nafilə həccin də vəkalətlə yerinə yetirilməsini caiz görmüşlər. Ümid edilir ki, Allah bu savablara görə ibadət borcu ilə hüzuruna gələnləri bağışlayar.
Qəbir ziyarəti və qəbirstanlıqda Quran oxumaq
Qəbir ziyarəti ibrət almaq və Allahı xatırlamaq üçün edilir. Allah Rəsulu salləllahu əleyhi və səlləm əvvəllər batil əqidə və adətlərin qarşısını almaq üçün qəbir ziyarətlərini qadağan etmişdir. Bir hədisdə: “Sizə qəbir ziyarətinə qadağa qoymuşdum, artıq qəbirləri ziyarət edin, çünki onlar sizə axirəti xatırladır”[12] – buyurulur.
Əbu Hüreyrə radiyallahu anhu nəql edir ki, bir gün Allah Rəsulu salləllahu əleyhi və səlləm anasının qəbrini ziyarət edərək ağladı. Yanındakılar da ağladılar. Sonra buyurdu: “Anama bağışlanma diləmək üçün Rəbbimdən icazə istədim. İcazə verilmədi. Qəbrini ziyarət etmək üçün icazə istədim. Buna icazə verildi. Siz də qəbirləri ziyarət edə bilərsiniz. Çünki qəbir ziyarəti insana ölümü xatırladır.”[13]
Mərhum üçün edilən bidət və xurafatları belə sıralaya bilərik:
Ölünün adına qurban kəsmək. İslamda qurban ancaq Allah rızası üçün kəsilir. Ancaq bir çox insan ölüləri məmnun etmək və diləklərinə çatmaq üçün qəbirlərin üstündə qurban kəsirlər ki, bu da bidətdir. Çünki qurban bir ibadətdir və sırf Allah üçün edilməlidir. Buna görə də bir qəbir üçün kəsilən qurban savab deyil, əksinə şirkə qədər uzanan günahdır, cahiliyyə adətidir.[14]
Məzar üstündə savabını ölüyə bağışlamaq üçün və ya başqa məqsədlə namaz qılmaq. İslamda qəbul olar düşüncəsilə ölüdən mədət ummaq, məzar üstündə namaz qılmaq qadağan edilmişdir. Peyğəmbərimiz salləllahu əleyhi və səlləm ömrünün sonuna yaxın xəstələnəndə “Allahın lənəti yəhudi və xristianların üzərinə olsun. Onlar peyğəmbərlərinin məzarlarını ibadətxanaya çevirdilər”[15] buyuraraq ümmətini bundan çəkindirmişdir. Məzarları məscidə çevirmək və ya məzarın üzərində məscid tikmək qadağan edilmişdir. Məzarın başında təzim məqsədilə səcdə etmək və məzara yönələrək namaz qılmaq da olmaz. Bunlar haramdır.
Peyğəmbər salləllahu əleyhi və səlləmin qəbri belə olsa məzar daşını öpmək və ya oradan nə isə asmaq da xurafatdır. Allah Rəsulu salləllahu əleyhi və səlləm lüzumsuz yerə pul xərcləndiyi üçün və ya məzara təzim olduğu üçün orada şam yandırmağı qadağan etmişdir.[35] Bunlar bidət və xurafatdır. Ölü adından yaxşılıq etmək üçün qırxıncı və əlli ikinci gün kimi xüsusi zamanlar təyin eləmək və bu günlərə məxsus ayinlər keçirmək, ildönümü təşkil etmək də İslamda olmayan bidətdir. Həmçinin məzarla bağlı aşağıdakı əməllər də bidətdir və islamda əsli yoxdur:
1. Məzarın üstündə səsli zikir oxumaq, pul qarşılığında Quran oxumaq və oxutmaq,
2. Kəbəni tavaf edərmiş kimi qəbirlərin ətrafında dövrə vurmaq, təbərrük niyyətilə məzar üstündə paltar asmaq və s.
3. Namaz, oruc, qurban, nəzir, kəffarə kimi ibadət borclarını yerinə yetirmədən vəfat edən şəxsi həmin borclardan qurtarmağa çalışmaq. Bunun sünnəyə uyğun şəkli yuxarıda yazılıb.
4. Xüsusi gün və gecələrdə mərhumun ruhu üçün mövlud oxutmaq.
5. Allah dostlarının qəbirlərindən gətirilən torpağı şəfa niyyətilə paylamaq və bunun şəfa olduğuna inanmaq.
6. Mərhuma gileylənmək, şikayət etmək və bunu yazılı olaraq məzarın üstünə qoymaq.
Bu və bənzəri bidət və xurafatlardan uzaq durmaq lazımdır.
bir qism melumatın hazırlanmasında meneviyyat.az saytından istifadə edilmişdir
[1]Tirmizi/Qiyamət: 26, Zühd: 4, Nəsai/Cənaiz: 3, İbn Məcə/Zühd: 31, Əhməd ibn Hənbəl/“Müsnəd”: II/292.
[2] Müslim/Vəsiyyət: 14, Əbu Davud/Vəsayə: 14.
[3]İbn Məcə/Müqəddimə: 20.
[4]Əbu Davud/Ədəb: 12, İbn Məcə/Ədəb: 2.
[5] Əbu Davud/Cənaiz: 67-69, 73.
[6] Əhməd ibn Hənbəl/“Müsnəd”: II/372.
[7] Əhməd ibn Hənbəl/“Müsnəd”: II/371.
[8] Buxari/Vəsaya:15, 20.
[9] Malik/Muvatta: 18, Sıyam: 43 (II, 303).
[10] Tirmizi: 6 Sovm: 23, (III, 96); İbn Məcə: 7, Siyam: 50 (I, 558).
[11] Müslim/Siyam: 27.
[12] Müslim/Cənaiz: 105, Əbu Davud/Cənaiz: 75.
[13] Müslim/Cənaiz: 106, Əbu Davud/Cənaiz: 77, Nəsai/Cənaiz: 101, İbn Məcə/Cənaiz: 48, Əhməd ibn Hənbəl/ Müsnəd II, 44.
[14] Şövkani/“Neylu`l-Əvtar”: IV, 97.
[15] Buxari/Salət: 55; Əbu Davud/Cənaiz: 70-72, 3227