Yeni nəsil – bizim qayəmizdir.
Qayəmiz elmə istəkli, qəlbi imanlı, əməli saleh, niyyəti təmiz olan bir nəsil yetişdirməkdir. Bizim yetişdirəcəyimiz yeni nəsil Allahın izni ilə artıq qiyamətə qədər nümunə olacaq bir örnək üzrə yetişəcəkdir.
Onun həyatına peyğəmbərin işığı nur saçacaq, sahabələr ibrət əsərləri olacaqlar. Bu nəsil insanları yaxşıya çağıran, pisdən çəkindirən mərhəmət və təvazükarlıq örnəyi, ədalət və rifah təminatçısı olacaqdır. Belə bir qayə uğruna biz yola çıxdıq.
Yol uzun və çətin olsa da varacağımız mənzil o dərəcədə ülvidir. İstəyimiz isə Allahın razılığıdır. Arzularımızın əkdiyi gözəl ağacın meyvəsi məhz ölkəmizə və insanlığa yeni nəsil verməkdir. Artıq yola düşdük, mənzilə çatmaq qətiyyəti ilə....
Suffa nədir???
Peyğəmbər salləllahu əleyhi və səlləmin məscidinin bir tərəfində üstü bağlı bir məkana “Suffa” və burada yaşayanlara isə “Əshabu`s-Suffa” (Suffa əhli) deyilirdi.Burada, qalmağa evi olmayan yoxsul və kimsəsizlər yaşayırdı. Bu insanlar iş tapdıqları zaman işləyər və ruzilərini qazanardılar. İş tapmadıqları zaman isə Peyğəmbərimiz və səhabələrin zənginləri tərəfindən onların gündəlik ehtiyacları ödənərdi. Bu qrupdan evlənənlər ayrı bir yerdə onlar üçün tikilən evə köçüb orada yeni bir yuva qururdular.
Burada qalanlar, hər zaman Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə olar, onun elmindən faydalanardılar. Bu insanlar günlərini ibadət etmək və elm öyrənməklə keçirərdilər. İslamda ilk təlim və tədris mərkəzi, Suffa məktəbi və bu məktəbin ilk müəllimi də peyğəmbərimiz Muhamməd salləllahu əleyhi və səlləm olmuşdur. Peyğəmbərimizdən ən çox hədis rəvayət edən Əbu Hüreyrə də bu məktəbin yetirmələrindəndən idi.
Bu məktəbdə yetişənlərin içində, islam dinini, Quranı və hədisləri çox gözəl bir şəkildə anlayan və açıqlayan alimlər var idi. Başqa yerlərdə islamiyyəti insanlara çatdırmaq üçün vəzifələndirilən şəxslər bu məktəbdən seçilirdi.
Bu səbəblə Suffa adını daşıyan bu yer islam tarixində ilk qurulan məktəbdir. Bu məktəbdən yetişənlər islamın yayılmasında və dinin öyrədilməsində çox mühüm vəzifələr yerinə yetirmişdilər.
Allah`dan təmənnimiz qurduğumuz bu saytın da “Ashabu`s-Suffa” kimi insanlara xeyirlərə vasitə və vəsilə olmasıdır. İnanırıq ki, Peyğəmbərimiz salləllahu əleyhi və səlləm dönəmində və sonrasında yeni nəslin yetişməsində Suffa məktəbinin rolunu bu gün bizim bu xidmətlərimiz yerinə yetirəcəkdir. Müvəffəqiyyət Allah`dandır....
Bizimlə Əlaqəni kəsməyin. Biz sizə dinimiz İslamı öyrətməyə hazırıq.
info@suffa.net