Şübhə 3: Evlilikdə ikili standart və ayrıseçkilik

1. Əvvəla onu deyək ki, müsəlman kişi istənilən qeyri-müsəlman qadınla yox, yalnız xristian və yəhudi (kitab əhli) qadınla evlənə bilər. Bu ona görədir ki, xristian və yəhudilər öz ilahi kitablarını əhəmiyyətli dərəcədə təhrif etsələr də, həmin kitablarda vəhylə nazil olan söz və hökmlər hələ də qalıb. Nəticədə həmin mətnlərdə hələ də mövcudluğunu davam etdirən ilahi vəhyin hörmətinə kitab əhli qadınlarla evlənməyə icazə verilir. Lakin Quranda həmin qadınların namuslu və iffətli olmaları əsas şərt olaraq irəli sürülür. Odur ki, yalnız namuslu həyat tərzi yaşayan bakirə, boşanmış və ya dul qadınla evlənilə bilər. Bu da o deməkdir ki, Şərqdən Avropa və Amerikaya, həmçinin Rusiya və Ukraynaya ayaq basmış acgöz və görməmiş müsəlman gənclərin evlənmək üçün diskotekalarda özlərinə mavi gözlü, sarı saçlı qadın axtarmaları tamamilə haramdır. Qərbdə, lap elə Rusiya və Ukraynada namuslu qadın tapmaq samanlıqda iynə tapmaqdan çətindir. Müasir Qərb sivilizasiyasında 16-17 yaşdan sonra bakirəlik üstünlük yox, nöqsan hesab edilir.

2. Kişiyə icazə verilib qadına icazə verilməməkdə məqsəd qadının dinini qorumaqdır. Kişi ailə başçısı olduğu üçün xristian yoldaşından evə spirtli içki və ya donuz əti gətirməməyi, açıq-saçıq geyinməməyi və ya kişi dostları ilə əl sıxaraq və öpüşərək görüşməməyi tələb etsə, qadın öz dini inanclarını arqument kimi təqdim edərək mübahisə edə bilməz. Lakin xritstian ər öz müsəlman arvadından spirtli içki almağı və ya ona donuz ətindən yemək bişirməyi, açıq-saçıq geyinməyi və dostlarının yanında “geridəqalmış” kimi görünməmək üçün dostları ilə əl sıxaraq və öpüşərək görüşməyi (bilirik ki, Qərbdə bu normal qarşılanır) tələb etsə, qadının itaət etməkdən başqa çarəsi qalmır. Müsəlman qadın da bu cür davranışlara boyun əysə, gec ya tez, bu onun imanının pozulmasına gətirib çıxardacaq. Həmçinin bu cür şəraitdə uşaqların müsəlman kimi tərbiyə edilməsindən isə söhbət belə gedə bilməz.

3. Müsəlmanların zəif olduğu və ya azlıq təşkil etdiyi bölgələrdə uşaqların dininin qorunması yönündən müsəlman kişinin xristian və ya yəhudi qadınla evlənməsi xoş olmayan bir haldır. Bunu etməklə onsuz da imani yöndən təhlükə ilə əhatə olunmuş müsəlman kişi bu təhlükənin çərçivəsini özünə doğru biraz da daraltmış olur. Həmçinin, müsəlman kişi Qərbdə qeyri-müsəlman qadınla evlənsə və evlilikləri boşanma ilə yekunlaşsa, yaxud kişi vəfat etsə, məhkəmə təbii olaraq uşaqları qeyri-müsəlman analarının himayəsinə verəcək ki, bu da onların öz dinlərinə yad şəkildə böyümələrinə səbəb olacaq. Halbuki, onlar (müsəlman kişi və qeyri-müsəlman qadın) müsəlmanların ölkəsində evlənsələr, şəriət uşaqları qeyri-müsəlman ananın himayəsinə verməz. İslam tərbiyəsi ilə yetişmələri üçün uşaqlar ya müsəlman atalarına, ya da atalarının qohumlarına verilər. Odur ki, Qərbdə yaşayan müsəlman kişilərin qeyri-müsəlman qadınlarla evlənmələri tövsiyə olunmur.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar