Skip to main content


Allah Sonsuzdur! Riyaziyyat və Ənənəvi İslam Terminologiyasının Önəmi



İslam şüurunda biz, ümumiyyətlə, “gözəl adlar”ı Allah ilə əlaqələndiririk, O (Allah) Quranda və hədislərdə qeyd edildiyi kimi ucadır, şan-şöhrətlidir. Bu mənbələrdən bəziləri aşağıdakılardır:
Allahın ən gözəl adlarları vardır. Ona bu adlarla dua edin və Onun adları barəsində haqdan azanları (Allahın adlarını və ya bu adların mənalarını təhrif edənləri) tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar. (Əraf, 180)
Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilmişdir ki, rəsulullah (sallallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən Allahın doxsan doqquz adı var. Kim onları əzbərləyərsə, Cənnətə girər.” (Səhih əl-Buxari, 2736)
“Gözəl adlar” ifadəsi (Əsmə əl-Husnə) müsəlmanların zehnində həm təzim və hörmət, həm də Allah ilə yaxın ünsiyyət hissi yaradır, çünki birini adı ilə çağırmaq həmin şəxsi tanımaq deməkdir. Bir çoxunuz artıq bilir ki, Allahın adları yalnız "doxsan doqquz"la məhdudlaşmır.
Mufti Zamiilur Rahman tərəfindən verilmiş qısa izahat aşağıdakı kimidir:
O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid, 3)
Bu, Gözəl Adlar və Sifətlər bizə Allah haqqında dəqiq və ədəbli danışmağa imkan verən bir ünsiyyət vasitəsi bəxş edir. Bu, ilahi sifətlərin bilgisini mənimsəmək, Allahın dünya və özümüzlə olan əlaqəsini dərinləşdirir və anlayışımızı artırır.
Bu mövzunun əhəmiyyəti və faydası nəzərə alsaq, Əbu Mansur əl-Bağdadi, əl-Beyhaqi, əl-Quşeyri, əl-Qazali, Əbu Bəkr ibn əl-Ərabi və əl-Sanusi kimi möhtərəm alimlər Allahın adlarının dərinliklərini araşdırmağa həsr olunmuş əsərlər yazmışlar.

Beləliklə, bu adlar, təbii olaraq, mənəvi inkişaf və təfəkkür üçün mənbə olur. Bu səbəbdəndir ki, tarix boyu möhtərəm müsəlman alimlərimizin bir çoxu bu mövzuya həsr olunmuş saysız-hesabsız səhifələr və hətta bütöv risalələr yazmışlar ki, bu da dini təhsili və inkişafı stimullaşdırmaq naminə onun böyük əhəmiyyətini vurğulayır. Amma, təbii ki, biz sekulyarlaşmış bir dövrdə yaşayırıq. Sekulyarizm ruhun üzərində maddənin metodik qələbəsi kimi görünsə də, müəyyən materialist söz birləşmələri, ifadələri ("elm" pərdəsi altında gizlənmiş halda) dini sferamıza və hətta terminologiyamıza sirayət etməsi təəccüblü deyil. Bu barədə bir neçə ay əvvəl nəşr etdiyimiz "Ruh, Nəfs və Bədən: Sekulyarlaşdırılmış Terminologiya və İqbalın Fikirləri" adlı məqalədə toxunmuşduq.
Sekulyarizm mühitindən İslama keçmiş fikirlərdən biri “Allah sonsuzdur” iddiasıdır. Bunu eşidəndə, ümumiyyətlə, ilk təəssürat çoxlarının bununla bağlı heç bir təzadın olmadığını düşünməsidir. Axı, “sonsuz” ifadəsi mübaliğə hissini ən yaxşı şəkildə ifadə edir. Lakin bu fikirlə bağlı çoxsaylı fəlsəfi məsələlər vardır.
Əvvəlcə, çoxları həqiqi sonsuzluq (nəzəri sonsuzluqdan fərqli olaraq) ideyasının qanuniliyini inkar etmişdir. Bu, eramızdan əvvəl 500-cü illərdə məşhur paradoksları ilə Elea Zenondan başlayaraq, ötən əsrin ən nüfuzlu riyaziyyatçılarından biri olan David Hilbertə qədər davam etmişdir. O, 1925-ci ildə bir mühazirəsində bəzi skeptisizmlə bağlı fikirlər ifadə etmişdir:
"Biz artıq gördük ki, sonsuzluq anlayışı heç bir yerdə reallıqla uzlaşmır, heç bir təcrübə, müşahidə və biliklərə əsaslanmır. Bir şeylər haqqında düşüncələr bir-birindən nə qədər fərqli ola bilər ki? Proseslər haqqındakı mücərrəd fikirlər faktiki proseslərin özündən nə qədər fərqli ola bilər? Qısacası, düşüncə reallıqdan bu qədər uzaq ola bilərmi? Daha doğrusu, biz reallıqda sonsuzluq ilə qarşılaşdığımızı düşündüyümüz zaman, sadəcə olaraq, reallıqda çox böyük və çox kiçik ölçülərlə tez-tez qarşılaşdığımız üçün bu cür düşüncəyə (yəni sonsuzluq fikrinə) aldandığımız aydın deyilmi? (???)

Hilbert tərəfindən bəyənilmiş başqa bir alman riyaziyyatçısı, onun müasiri Georg Cantor, müxtəlif sonsuzluqların fərqli ölçülərindən bəhs etmişdir. Məsələn, bütün həqiqi ədədlərin cəmi bütün rasional ədədlərin cəmindən daha böyükdür, bu isə öz növbəsində bütün natural ədədlərin cəmindən daha böyükdür.
Riyaziyyatda “davamlılıq nəzəriyyəsi” Hilbert və Cantor ilə yanaşı Kurt Gödel (onun natamamlıq nəzəriyyələrinin dini əhəmiyyəti də var) kimi müasir riyaziyyatın bəzi ən yaxşı beyinlərini cəlb etmişdir. Lakin bütün bu müzakirələr əhəmiyyətsiz görünə bilər, amma ən azı bizə vacib bir dərs öyrədir ki, “sonsuzluq konsepsiyası" başlanğıcda göründüyü qədər də sadə deyil.

Fizika və ateist dairələrində müzakirələr
Əslində, Allahı “sonsuz” kimi təsvir edən ilk şəxs 16-cı əsr fransız filosofu və müasir rasional fəlsəfənin banisi sayılan Rene Dekart idi. Lakin bəzilərinin qeyd etdiyi kimi, bu fikir Allahı maddi və ya fenomenal dünyaya yerləşdirərək məhdudlaşdıra bilərdi, çünki “sonsuzluq” anlayışı bizim ölçülərimizə, yəni fizikamıza məxsus bir anlayışdır.
Başqa bir fransız Rene, bu dəfə çox problemli “Ənənəvi Məktəb”in banisi olan çox da məşhur olmayan Rene Guenon, həyatının son dövrlərində nəşr edilən çox az tanınan əsərlərindən birini məhz bu suala həsr etmişdir: "Les Principes du calcul infinitesimal" - Sonsuz Hesablamanın Metafizik Prinsipləri”), əsər 1946-cı ildə nəşr olunmuşdur.
Özünün bu kitabında Guenon, əsasən Leibniz olmaqla, sonsuzluq haqqında yazan bütün filosof və riyaziyyatçıları qeyd edir və onların sonsuzluq haqqındakı anlayışlarının maddi dünya ilə məhdud olduğunu göstərdi. Əlbəttə, biz müsəlmanlar olaraq bilirik ki, Allahdan başqa hər şey yaradılmışdır və Allah yaratdıqlarının içində mövcud deyil və ya yerləşmir. O, üstündür (qalibdir) və məhdud deyil.
Başqa sözlə, çox güclü şəkildə iddia etmək olar ki, müsəlmanlar Uca və Ulu olan Allah haqqında danışarkən "sonsuz" sözünü belə işlətməməlidirlər. Çünki, bu, Onun varlığını “maddə”yə aid olan müvəqqəti (və ya məhdud) reallığa sığışdırır. "Sonsuz" sözünün adi mənasını qəbul etsəniz belə, həmin kontekstdə, o, başqa cür anlaşılır.
Məhz buna görə də mən şəxsən inanıram ki, bizim üçün Allahın gözəl ad və sifətlərinə aid Quranda və Sünnədə nəql edilənlərə sadəcə bağlı qalmaq, bir çox cəhətdən daha hikmətli və faydalı olar. Xatırlamaq vacibdir ki, Allahın ad və sifətləri "təvqifi" xarakterlidir, yəni onlar yalnız vəhy (Qurani-Kərim və Sünnə) vasitəsilə bilinir və ağıl və ya məntiq vasitəsilə müəyyən edilə bilməz. Həqiqətən də Allahın adları ən gözəl adlardır. Onlar bizə niyə Allaha təslim olmalı, Ona itaət etməli, Onu uca tutmalı, sevməli, Ondan qorxmalı olduğumuz barədə bilgi və anlayış verir; niyə biz Onun hidayətini, bağışlamasını, sevgisini, mərhəmətini və mükafatını arzulayır və ümid edirik. Onlar bizə bu müvəqqəti dünyadan kənardakı həyat üçün yol göstərir və anlam verir, orada "sonsuz" sözünün heç bir əhəmiyyəti yoxdur.

Muslim Skeptic saytından tərcümə edilmişdir.