Salehlərin Ramazanı 7- İmam Nəvəvinin Ramazan eşqi
Bu iyirmi birinci gün biz, elm və sünnət aşiqi olan, həyatı ilə bizə çox şey söyləyən böyük alim – İmam Nəvəvinin dərgahına qonaq olacağıq. Allah o böyük alimi rəhməti ilə əhatə etsin və onun sevgisindən, eşqindən bizə də pay nəsib etsin.
Sevmək tanımaqdır
Həqiqətən, bir insan sevdiyini iddia edirsə, onu yaxşı tanımalıdır. İmam Nəvəvi Allah Rəsulunu (s.ə.s.) necə sevirdi? Həm də necə! Sevdiyinin yolunda olmağa çalışırdı, fədakarlıq edirdi, onun mirasını qoruyurdu. Bəli, İmam Nəvəvi sevgisini yalnız sözlərdə saxlamır, həyatı ilə sübut edirdi.
Hicri 631-ci (miladi 1234-cü) ildə doğulan İmam Nəvəvi, hicri 676-cı (miladi 1277-ci) ildə vəfat etmişdir. Cəmi 45 (miladi 43) illik ömrü var idi. Lakin bu qısa ömrdə elə bərəkət var idi ki, insan heyran qalır. Əgər onun yazdığı əsərləri ömrünə bölsək, gündə fasiləsiz 16 səhifə yazması lazım gələrdi. Bu isə, əslində, qeyri-adi bir fədakarlıq və elm sevgisinin təzahürüdür.
İmam Nəvəvinin Elmə Bağlılığı
O, çox az yeyər, az yatardı, az gəzərdi və dünya malına aldanmazdı. Buna görə də Allah onun elminə bərəkət verdi. Bəzi alimlər deyirlər ki, "İmam Nəvəvi elmlə evlənmişdi və onun dünyasında başqa heç nə yox idi". O, həmişə kitablarla iç-içə idi.
Onun haqqında danışan alimlərdən biri, onun uşaqlığını belə təsvir edir: "İmam Nəvəvi 10 yaşında ikən, uşaqlar onu oyun oynamağa çağırırdılar, amma o, oyundan qaçıb bir küncdə ağlayırdı. O gündən sonra ona xüsusi maraq göstərdim. Çünki o, oyunlardan deyil, elmdən həzz alırdı."
İmam Nəvəvinin Məşhur Əsərləri
Onun əsərləri arasında xüsusilə "Əl-Ərbəun Nəvəviyyə" (Qırx Hədis), "Riyazus-Salihin", "Əzkar" və "Kitabül-İlm" çox məşhurdur. Riyazus-Salihin adlı əsəri altı il ərzində yazmışdır və bu kitab günümüzə qədər müsəlmanların stolüstü kitablarından biri olaraq qalmaqdadır.
İmam Nəvəvinin Sözləri və Nəsihətləri
İmam Nəvəvinin bizə böyük dərs verən bəzi sözlərini sizə təqdim edirik:
1. "Allahın quluna yardımı onun niyyəti qədərdir. Kim saf niyyətə sahibdirsə, Allahın yardımı da ona tam olar."
2. "Emlə məşğul olmaq, Allah rizasını qazanmaq üçün tutulan ən gözəl yoldur."
3. "Nafilə oruc və namazdan daha üstün olan şey elmdir."
4. "Kim təkəbbürlüdürsə, elm ona gəlməz."
5. "Fasiq bir insanın əlində olan fiqh elmi, quldurun əlində olan qılınc kimidir."
Ramazan və İmam Nəvəvi
Ramazan ayı onun üçün daha fərqli idi. Onun bəzi əsərlərini Ramazan ayında tamamladığını görürük. Məsələn, "Şərh əl-Minhac" adlı əsərini hicri 669-cu ilin 19 Ramazanında tamamlamışdır. "Riyazus-Salihin" isə hicri 670-ci ilin 14 Ramazanında bitirmişdir.
Taləbələri onun Ramazan ayında daha az yediyini, daha çox ibadət və elm ilə məşğul olduğunu söyləyirlər.
İmam Nəvəvi "Orucun sirləri və Batini şərtləri" kitabında deyir:
Oruc üç dərəcədir: a) Avamın (Adi insanların) orucu b) Həvasın orucu c) Əhəsəs-ül-Havasın orucu. Avamın otucu: Bu oruc mədə və cinsiyyət orqanlarını şəhvətdən uzaqlaşdırmaq üçündür. Yəni yeməkdən, içməkdən, cinsi yaxınlıqdan çəkinmək deməkdir. Həvasın orucu: Qulaq, göz, dil, əl, ayaq və digər orqanları günahlardan uzaq tutmaqdan ibarətdir. Əhəsül-Həvasın orucu: Qəlbi dünya düşüncələrindən tamamilə təmizləmək və Allahdan başqa hər şeyi qəlbdən uzaqlaşdırmaqdır. Bu sonuncu dərəcə, peyğəmbərlərin, siddiqlərin (doğru danışanların) və onlara yaxın olanların dərəcəsidir.
Sonda İmam Nəvəvinin öz kitablarında yer verdiyi gözəl dualarından birini paylaşırıq:
"Hər cür kərəm və ehsan sahibi olan Allahdan istəyirəm ki, məni hifz etsin, mənə yardım etsin, məni doğru yola yönəltsin, məni şərdən və pisliklərdən qorusun. Xeyirli işləri mənə asan etsin, gözəl əməlləri davam etdirməyə imkan versin və məni cənnətdə sevdiklərimlə bir araya gətirsin. Allah mənə yetər, O, nə gözəl vəkildir. Güc və qüvvət yalnız Allahdandır."
Allah bu duanı bizlər üçün də qəbul etsin.
Allah bizləri İmam Nəvəvi və digər böyük alimlərin izindən getməkdən ayırmasın!
Məqalə Məhəmməd Əmin Yıldırımın “İmam Nəvəvinin Ramazan eşqi” adlı videosu əsasında tərtib edilmişdir.