Ateist və müsəlman arasında dialoq 2-Cənnət və Cəhənnəm varmı?
Müsəlman: Sadə bir sual verəcəm; oğurluq doğru bir şeydirmi?
Ateist: Yalnış bir şeydir.
Müsəlman: Yaxşı, fərz et ki, mən mafiya başçısıyam. Ən böyük oğruyam. Mənə məntiqlə və elmi cəhətdən isbat et ki, oğurluq mənim üçün pis əməldir, mən də bu əməli tərk edim.
Ateist: Sən bilməlisən ki, bu əməl başqalarına zərər verir, insanlara əziyyət verir. İnsan başqalarına zərər verməməlidir.
Müsəlman: Mən mafiya başçısıyam və başqalarından mənə nə? Mən kinoya gedir, hoteldə dincəlir və xarici ölkələrdə kef edirəm, əsas öz rahatlığımdır. Bu gün cinayətkarların əksəriyyəti başqalarını düşünmədikləri üçün bu cinayətləri edirlər. Mən səndən xahiş etdim ki, oğurluğun nə üçün məhz “mənə” zərərli olduğunu açıqlayasan, yəni cinayətkar onsuzda başqalarını düşünmür ancaq öz şəxsi rahatlığını düşünürsə, ona necə başa sala bilərsən ki, cinayət həmin şəxsin özünə zərərdir?
Ateist: Sən o insanlarla üzləşə bilərsən. Mənəvi iztirab yaşaya bilərsən.
Müsəlman: Cinayətkarlar bir çox halda öz yaxınları və tanıdıqlarına qarşı bu cinayəti törədir və tez-tez onlarla üzləşirlər, amma bu üzləşmə onlara təsir etmir, vicdan sızıntısı vermir və əməllərinə davam edirlər. Bəs onda necə?
Ateist: O zaman İnsanlar sənə hörmət etməyəcəklər. Həyatda hər şey pulla ölçülmür.
Müsəlman: Heç etməsinlər. Mən bahalı restoranlarda yeyib, xarici ölkələrdə dincəlirəmsə, kimin nə düşündüyü nə vecimə? Və ya oğurladığım pullarda başqa bir ölkədə sıfırdan biznes qurub yaşayaram heç həmin insanları görmərəm də. Bəs onda necə? Əsas öz rahatlığımdı, 3 günlük dünyadısa niyə da bu dünyanı daha rahat yaşamayım? Allah yoxdursa və məni cəzalandıran yoxdursa, niyə başqalarının pulu hesabına kef çəkməyim? Necə sübut edə bilərsən ki bu əməl mənə zərər verir, əksinə kef edirəm. Fərz et ki, hamı sənə hörmət edir lakin yeməyə çörəyin yoxdur, bu hörmətin sənə nə faydası?
Ateist: Polis səni tuta bilər. Ömürlük həbsə məruz qala bilərsən. Bu zaman həyatın ləzzətini istədiyin kimi yaşaya bilməyəcəksən.
Müsəlman: Lakin mən mafiya başçısıyamsa polis də, vəzifəli bir çox şəxs də mənə işləyir. Bu gün dünyanın əksər ölkəsində böyük oğrular vardır ki, heç kim onları həbs etmir, əksinə onların pulundan və gücündən yararlanırlar. Sən mənə, yəni mafiya başçısına hansı məntiqi və elmi üsulla bu əməlin ona zərər verəcəyini əsaslandıra bilərsən ki, bu əməli tərk edim?
Ateist: Sənin özün də bir gün oğurluğa məruz qala bilərsən. Eyni acını yaşayarsan.
Müsəlman: Lakin bu sadəcə ehtimaldır. Həm də əgər mən mafiya başçısıyamsa mənim yüzlərlə cangüdənim var, bu ehtimal çox azdır.
Ateist: Sənə həbs vəya cəza verilmirsə, bu əməldən sənə bir zərər gəldiyini isbat etmək olmaz. Əksinə oğurluq etdikcə bəzən insanlar daha da ad, şöhrət qazanır.
Müsəlman: Bəli. O zaman sən bütün elm və texnologiyanı bir araya gətirsən də heç bir məntiqlə oğurluğun mənim özümə zərər verdiyini və yalnış əməl olduğunu isbat edə bilmərsən. Deməli, qanunların işə yaramadığı bir yerdə bu əməlin yalnış olduğunu sənə hökm olaraq bildirəcək və səni bu əməldən çəkindirəcək bir güc olmalıdır. Quranda da Allah buyurur ki, “Bilmirsinizzsə bilənlərdən soruşun”. Məhz, xəstəsənsə həkim sənə deyir ki, hansı qida sənə xeyirdir, hansı zərər. O zaman sənə sual verim: Səncə qanunlar da işləmirsə, adamın mənəviyyatı da kifayət etmirsə, o adamı cəzalandıracaq bir ədalət olmalıdır elə deyilmi? Mafiya başçısı bir ömür kef çəkib öləcəksə, zülmə məruz qalanların haqqını kim alacaq? Ədaləti harda axtaraq?
Ateist: Ədaləti yalnız ədalətli və hər kəsə şamil olunacaq qanunlarla təmin etmək olar, çünki başqa yolu yoxdur.
Müsəlman: Lakin özün də bilirsən ki, qanunlar bu gün pulu olan güc sahiblərinə qarşı işləmir və ya bu gün dünyada minlərlə cinayətkar gizlənir, tapılmır və cəzalandırılmır, bu reallıqdır. Əli İmran surəsinin 185-ci ayəsində Allah təala buyurur: “Hər bir kəs ölümü dadacaqdır”. Son məhkəmə və ədalət öldükdən sonra tətbiq ediləcək. Əgər öldükdən sonra ədalət – Cənnət və Cəhənnəm yoxdursa o zaman bu ədalətsiz dünyadır. Cinayətkar kef çəkərək ölür, zərər dəymiş isə ömrünün axırına qədər ədaləti görmədən ölür.
Deməli ölümdən sonrakı ədalət, sorğu-sual olmadığı təqdirdə sən mafiya başçısına bu əməllərin onun üçün zərərli olacağını heç nəylə əsaslandırıb onu bu əməldən çəkindirə bilməzsən. Heç bir Tereza ana sənə kar etməz. O yalnız etdiyi cinayətlərin dəhşətli bir cəzasının olacağına inandığı halda bu əməllərdən çəkinə bilər.
Müsəlman: Sənə başqa bir sual verim. Hitler nə qədər insanın ölümünə səbəb oldu?
Ateist: Onun qəddarlığı nəticəsində milyonlarla insan ölmüşdür.
Müsəlman: Fərz et ki, Hitleri həbs etmisən. Ona necə bir cəza verə bilərsən ki, milyonlarla insanın ölümünün cəzasına bərabər olsun.
Ateist: Ən çox ömürlük cəza vermək olar.
Müsəlman: Səncə milyonlara qarşı ömürlük cəza bəs edərmi?
Ateist: Təbii ki, yox. Lakin, yandıraraq öldürmək olar ki, ən azından acı çəkərək ölsün.
Müsəlman: Lakin belə olan halda da o bir dəfə öləcək, yəni milyonlarla ölümə qarşı bir dəfə ölüm. Deməli bu kimi cinayətlərə qarşı bu dünyada layiqincə cəza vermək mümkün deyil. Lakin ədalət tələb edir ki. Böyük cinayətlər öz ölçüsünə uyğun cəzalandırılsın. Allah təala isə buyurur: “Onların dəriləri bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik” (Nisə 56). Yəni dəfələrlə həmin şəxs əzabı dadacaq. Deməli böyük cinayətlərə yalnız Allah`ın məhkəməsində ədalətli cəza verilə bilər. O zaman Cənnət və Cəhənnəm olmasa, məzlumlar haqqına, zalımlar isə cəzasına layiqincə çatmaz. Bu da məntiq etibarilə Cənnət və Cəhənnəmin varlığını qaçılmaz edir.
Öncəki dialoqa keçid üçün tıklayın: Ateist və müsəlman arasında dialoq 1 – Təəccüblənəcəksiniz!!
Qeyd: Bu məqalə dünyaca məşhur islam dəvətçisi Dr. Zakir Naik ilə bir ateist arasında keçən gerçək söhbətlər əsasında tərtib edilmişdir.