Namazda fikrin yayınmaması üçün nə edək?


Bu gün əksər namaz qılan insan namaz əsnasında beyninin tez-tez fərqli mövzularla məşğul olmasından, nəticədə fikrinin dağılmasından şikayət edir. Əslində bu problem tarix boyu hər zaman olmuşdur. Problemin  əsas qaynağı namaz əsnası üçün vəzifələndirlmiş xüsusi şeytanların olmasıdır. Hansı ki, bu şeytanlar qəsdən keçmişdə olmuş fərqli hadisələri və ya gələcək planları insanın yadına salır. Bu haqda Pey­ğəmbərimiz (salləllahu aleyhi va səlləm) demişdir: "Namaz üçün azan ve­ri­ləndə şeytan bərkdən yel buraxaraq qaçır ki, bu çağırışı eşitməsin, azan qur­tar­dıqda isə geri qayıdır. İqamə veriləndə yenə dönüb qaçır, iqamə bit­dikdə isə ge­ri qayıdır və nəhayət, insanla onun qəlbi arasında dayanıb ona:"Filan şeyi və filan şeyi yadına sal" - deyərək (namazı qurtarana qədər) onun yadına düş­mə­diyi şeyləri ona təlqin edir. Axırda o adam neçə (rükət) qıldığını (yadına sa­la) bilmir". (əl-Buxari, 608).
Digər tərəfdən isə bəzən insan gün ərzində həddindən çox məşğul olur ki, namaz vaxtı belə bu məşğuliyyət onun beynində canlanmağa davam edir. Bütün bunlar insan bədən olaraq namazda olsa da, zehninin Allahın hüzurunda olmamasına səbəb olur və namazın kamilliyinə xələl gətirir. Bəs namazda fikrimizin Allahın hüzurunda olması üçün nə etməliyik?  Bunun üçün bir neçə çıxış yolu vardır:
1.Namaz qılarkən Şeytan vəsvəsə verərsə ediləcək şey... 
Osman ibn Əbu əl-Asdan (r.A) rəvayət olunur ki, o, Peyğəmbərin (s.a.s) yanına gələrək belə dedi: "Ey Allahın Rəsulu! Şeytan qiraətimi və namazımı xuşu (Mütilik, Allahdan qorxaraq qəlbin Ona yönəlməsinə "xuşu" deyilir) ilə oxuyub qılmağıma mane olaraq məni çaşdırdı və şəkkə saldı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) isə ona belə cavab verdi: "O, Xinzəb adlı Şeytandır. Əgər onu hiss edərsənsə, "əuzu billəhi minəş-şeytanir-racim" deyərək ondan Uca Allaha sığın və üç dəfə sol tərəfinə yüngülcə tüpür (nəfəs ver!)". Səhabə deyir: "Belə etdim və Uca Allah da onu məndən uzaqlaşdırdı". (əl-Buxari, 3282; Muslim, 2610).
2.Namaza hazırlaşmaq və namaz üçün xüsusi vaxt ayırmaq. Buraya daxildir:
Namaz vaxtı girdikdə dünya işlərini kənara qoymaq, tələsmədən namaz qılıb, namazdan sonrakı zikrləri edəcəyi düşüncəsində olmaq.
Azan eşidərkən sözlərini təkrarlamaq. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Azanı eşidərkən müəzzinin dediklərini siz də deyin".
Tələsmədən dəstəmaz almaq və dəstəmazdan sonrakı zikrləri etməkdə da fayda vardır.
3.Namazda tələsməmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Oğurluğun ən pisi namazdan edilən oğurluqdur" deyildi ki: "Ya Rəsulullah, bir insan namazdan necə oğurluq edir?" - "Rükusunu və səcdəsini tam olaraq yerinə yetirməyərək" deyə cavab verdi (İmam Əhməd: "əl-Musnəd" əsəri).
4.Allaha cavab verdiyini düşünmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir ki, Uca Allah buyurur: "Mən namazı Özümlə qulum arasında iki qismə böldüm. Yarısı Mənim, yarısı da qulum üçündür. Qulum da dilədiyini alacaqdır". Qul: "əl-Həmdu lilləəhi Rabbi-l-A'ələmiin!" - (Həmd olsun aləmlərin Rəbbi Allaha!) - dedikdə, Allah: "Qulum Məni həmd-səna ilə təqdis etdi" - deyir. O: "ər-Rah'məəni-r-Rahiim" - (Mərhəmətli və Rəhmliyə) - dedikdə, Allah: "Qulum Məni təriflədi" - deyir. O: "Məəliki Youvmi-d-Diin" - (Haqq-hesab gününün Hökmdarına!) - dedikdə, Allah: "Qulum Məni mədh etdi" və ya "Mənə arxayın oldu" - deyir. O: "İyyəəkə Nə'budu Va İyyəəkə Nəstəi'in" - (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) - dedikdə, Uca Allah buyurur: "Bu, Mənimlə qulumun arasında iki hissəyə bölünəcək və o, dilədiyini alacaq". O: "İhdinə-s-Siraata-l-Mustəqiim, Siraata-l-Ləziinə Ən A'mtə Aleyhim, Ğayri-l-Məğdubi Aleyhim Valə-d-Daaaalliin!" - (Bizi doğru yola, nemət bəxş etdiyin şəxslərin yoluna yönəlt, qəzəbə uğramışların və azmışların yoluna yox) - dedikdə, Uca Allah buyurur: "Bu, quluma məxsusdur və o, dilədiyini alacaqdır!" (Muslim; Əhməd; İbn Hibbən; ət-Tirmizi; Əbu Dəvud).
5.Ölümü xatırlamaq. Əbu Əyyub əl-Ənsari (r.a) Peyğəmbərdən (s.a.s) rəvayət edir ki, o demişdir: "Namazı son dəfə namaz qılan kimi qıl".
6.Quran ayələrinin və namazdakı digər sözlərin mənasını düşünmək. Uca Allah buyurur: "Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar!" (Sad, 29). Məs, İnsan Əlhəmdulilləhi Rabbəl Aləmin dedikdə qarşısında Aləmlərin Rəbbi olduğunu düşünsə, Ərrahmənir Rahim dedikdə Allahın necə rəhmət sahibi olduğunu və belə bir rəhmət sahibi ilahın hüzurunda dayandığını düşünsə o zaman fikri yayınmaz inşəAllah və qəlbi Allaha daha da yaxınlaşar. 
7.Quranı ağır-ağır və gözəl avazla oxumaq. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Həqiqətən Allah Təala Quranı nazil etdiyi kimi oxunmasını sevər". (əl-Buxari və Muslim).
Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərin qiraəti (oxumağı) barədə soruşulduqda belə demişdir: "Onun qiraəti hərf-hərf idi". (Yəni, hərf-hərf sayıla biləcək qədər aydın idi)". (Muslim).
8.Yeni surələr və ayələr əzbərləyərək namazlarda oxumaq. Quranda hər dəfə eyni ayələri təkrar-təkrar oxumaq insan üçün adiləşə bilər. Yeni ayələr əzbərləmək isə həm savab baxımından, həm də namazda diqqətin artması baxımından çox vacibdir. Həmçinin Quran oxumaq ən fəzilətli əməllərdəndir: "Quranı əzbər bilib oxuyan kimsənin misalı, vəhy daşıyan şərəfli və itaətkar mələklərin misalı kimidir. Çətinlik çəkərək Quran oxumağa davam edən kimsə üçün iki savab vardır". (Səhih əl-Buxari və Səhih Muslim). 
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Quran oxuyan insana deyiləcəkdir: Dünyada etdiyin kimi aramla oxu və yüksəl. Həqiqətən sənin məqamın oxuduğun son ayə məqamında olacaqdır". (ət-Tirmizi). 
9.Qiyamda və rukuda daima səcdə yerinə, təşəhüddə isə şəhadət barmağına baxmaq. "Rəsulullah (s.a.s) (təşəhhüddə) sol əlini sol dizi üzərinə qoyardı, sağ əlinin barmaqlarini büküb, işarə barmağını qiblə istiqamətində yönəldib həmin barmağa baxardı. (Səhih Muslim). 
Başqa bir səhih rəvayətə görə isə Peyğəmbər (s.a.s) işarə barmağını qaldırandan sonra onu hərəkət etdirib dua edərdi. O deyərdi: "Bu, həqiqətən də şeytana qarşı dəmirdən də ağırdır, bununla O, işarə barmağını nəzərdə tutardı". (İmam Əhməd).
Bu hədisdə Allah Rəsulu (s.a.s) bunun şeytanın vəsvəsəsinə qarşı güclü vasitə olduğunu bildirmişdir.
10.Camaat namazlarında iştirak etmək. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Camaatla qılınan namaz tək qılınan namazdan iyirmi yeddi dərəcə daha fəzilət­li­dir". (Səhih Muslim, 1509). Camaat halında olmaq xüsusi bərəkətə səbəb olur və insan başqalarının necə həvəslə ixlasla namaza durduğunu gördükdə özü də həvəslənir.

Hər kəsə faydalı olması ümidiylə...

zikr.az saytından götürülmüşdür.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.