Peyğəmbərlər xəta edərmi?

Peyğəmbərlər əslində günah işləməzlər. Onlar “İsmət” sifətinə sahibdirlər. Ancaq, istəmədən bəzi qüsurlar işləmələri də mümkündür. Ancaq səhv işləyən peyğəmbər səhvində, xətasında davam etməz. (Qeyd: səhv günah deyildir, çünki günah bilərəkdən, qəsdən edilən xətalara deyilir. Səhvən görülən işlərdə qəsd yoxdur.) Allah onu dərhal xəbərdar edərək səhvini düzəldər və ondan onu uzaqlaşdırar

Zəllə, ən yaxşı, ən gözəl olan yerdə onu tərk edib, yaxşı, gözəl olanı işləməkdir. Peyğəmbərlərə yaraşan daim ən üstün olanı əldə etmək olduğu üçün, zəllə işləyən peyğəmbərə xəbərdarlıq edilər.Peyğəmbərlər iki şeydən birini seçmək məcburiyyətində qalanda “ən yaxşı” varkən “yaxşı” olanı tərcih edərlərsə, bu onlar üçün zəllə sayılır. Lakin bu yanılma və ya xəta bizim ölçülərimiz çərçivəsində bir yanılma və ya xəta deyil,çünki “yaxşı”nı seçmişlər. Peyğəmbər qulluqda mükəmməlliyi təmsil elədiyinə görə həmişə ən mükəmməli ortaya qoymalıdır. Buna görə də bizim üçün yaxşı sayılan şey peyğəmbərlər üçün xəta qəbul edilə bilər. Ancaq heç kim onları niyə ən yaxşı varkən yaxşını seçiblər deyə qınaya bilməz. Nəticədə onlar da bizim kimi bəşərdir.

Məsələni misalla daha da aydınlaşdıraq: fərz edək ki, bir adam Qurani-Kərimi xətm etmək istəyir. Ancaq Quranı neçə gündə xətm etməlidir? Qarşısına iki alternativ çıxır: birincisi, Quranı düşünə-düşünə, təfəkkür edə-edə on gündə oxumaq daha yaxşı olacaq, bu şəkildə mənaya diqqət yetirmək və Quranın dərinliklərinə enmək mümkündür. İkincisi, Quranı yeddi gündə xətm etməkdir, çünki belə etmək Allahın kəlamına qarşı daha istəkli olmağın ifadəsidir. Sonra da Quranı on gündə oxumağa qərar verir və başlayır…

Fərz edək ki, Allahın razılığı onun Quranı yeddi gündə oxumasında idi. Lakin bu insan öz ictihadıyla on gündə oxumağa qərar verdi. Allahın razılığı “ən yaxşı”dır. Bu adam isə heç olmasa, “yaxşı”nı edir. Beləliklə də, ortada günah yoxdur ki, ona “xəta etdin, günah işlədin” deyə bilək. Əlbəttə ki, insan həmişə mükəmməli əldə eləməyə  çalışmalıdır. Verilən misala nəzər saldıqda o şəxs “ən yaxşı” dura-dura “yaxşı” ilə məşğul olmuşdur.Onun günah işlədiyini iddia etmək qətiyyən doğru deyildir.

Dində Şari (Allah) tərəfindən hökmü bəyan edilməyən mövzularda ictihad edilir. Bizim kimi sıradan insanlar ictihad edərkən isabət edərsə iki, xəta edərsə bir savab qazanar. Peyğəmbərlər də haqqında hökm olmayan məsələlərdə ictihad edərlər. Peyğəmbərlərfətanət (buna peyğəmbər məntiqi də deyilir) sifətinə sahibdirlər. Onlar AllahTəalanın hökmünübildirmədiyi məsələlərdə – bu istər əhkama, istər onların şəxsi həyatına, istərsə ictimai həyata aid olsun – ictihad edər və çox vaxt düzgün qərar verərlər. Ancaq onların ictihadlarının bəzisi Allahın iradəsi ilə tam üst-üstə düşə bildiyi kimi, bəzisi də o səviyyədə olmaya bilər. Ancaq onların bütün ictihadları Allahın diləyi çərçivəsində cərəyan etməlidir. İndi əgər onların ictihadı Allahın diləyinə tam uyğun gəlməyibsə, bu, onlar üçün bir xəta sayılır. Buna səbəb onların bizim kimi bir bəşər olmaları yanında peyğəmbər olmaları, vəhy almalarıdır.Peyğəmbərlərin vəzifəsi ilahi muradla tam üst-üstə düşəni tapmaqdır. Lakin onların ictihadda yanılması əsla günah deyil, bu xəta onların ismətinə xələl gətirməz, bizim kimi insanlar tərəfindən də qınağa səbəb ola bilməz.

Zəllə heç vaxt gizli qalmaz. Zəllə olduğu açıqlanar. Açıqlama iki cür baş verir.

 Bu zəlləni işləyən peyğəmbər tərəfindən olur. Buna misal olaraq Hz. Musanın (ə.s) qibtini yumruqla vuraraq öldürməsini sonra da “Musa onu (əli, yaxud əsası ilə) vurub öldürdü və dedi: “Bu, Şeytan əməlindəndir. Həqiqətən, o, açıq-aşkar bir düşməndir, (insanı haqq yoldan) azdırandır!””[2] – deməsini göstərmək olar.

Bəzən zəllə Allah tərəfindən açıqlanır. Buna da misal olaraq Hz. Adəm (ə.s) haqqında “Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu.”[3] ayəsində buyurulduğu kimi onun bu zəlləsi peyğəmbərlikdən əvvəl olmuşdur. Çünki Uca Allah “Sonra Rəbbi (tövbə etdirməklə) onu seçdi (Özünə yaxınlaşdırdı), tövbəsini qəbul buyurdu və doğru yola müvəffəq etdi.”[4] − buyurmuşdur.[5]

“Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu. Sonra Rəbbi onu seçib tövbəsini qəbul buyurdu və ona doğru yolu göstərdi”.[6] Həzrət Adəm (ə.s.) bir balaca büdrəyən kimi onu yıxılmaqdan qoruyan Rəbbinə üz tutub belə deyir:

“(Adəm və Həvva) “Ey Rəbbimiz! Biz ikimiz də özümüzə zülm etdik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz, şübhəsiz ki, ziyana uğrayanlardan olarıq!” – dedilər”.[7]

Bu, bir zəllədir. Lakin Allah (c.c.) bu zəllədən sonra onu dərhal doğru yola çıxarmış və hidayətə çatdırmışdır. Bundan da anlayırıq ki, Həzrət Adəmin (ə.) zəlləsi peyğəmbər olmadan öncədir. Digərlərini də bununla müqayisə etmək olar.

Həm də Həzrət Adəmin xətası (ə.s) unutmadan qaynaqlanırdı. Allah-Təala and içərək və təkidlə bizə Həzrət Adəmin (ə.s.) bu vəziyyətini xəbər verir:

“Doğrusu, bundan əvvəl Adəmdən əhd almışdıq. Lakin o unutdu və Biz onda (günah işləməkdə) əzm (israr) görmədik”.[8].

Bir başqa yerdə Allah (c.c.): “Biz ona: “Hər şeydən bol-bol yeyin-için, lakin bu ağaca toxunmayın, sonra zalımlardan, həddi aşanlardan, nemətlərdən məhrum qalanlardan olarsınız”, – demişdik”.[9] Lakin o, bunu unutdu. Onsuz da, unutmaq bəşərə xasdır. İnsan fitrətini çox yaxşı bilən Peyğəmbərimiz bu məsələdən danışarkən: “Adəm (ə.) unutdu, övladları da unutdu”[10], – buyurur. İnsan unutqandır. Adəm (ə.) insandır, elə isə o da unudar və unutdu da. Demək ki, unutma, unutqanlıq bizə atamızdan keçmişdir.  Allah (c.c.) bunu Adəmin (ə.) mahiyyətinə və xromosomlarına yerləşdirmişdir, biz bunu mahiyyətimizdən çıxarıb ata bilmərik. Allah: فَنَسِيَ “unutdu” deməklə Həzrət Adəm haqqında sui-zənn edilməsinə imkan vermir və ardınca da: “Biz onda (günah işləməkdə) əzm (israr) görmədik”[11], – deyir. Necə oldusa, yol onu çəkib oraya apardı, amma o, bunu unudaraq etdi, qəsdən və bilərəkdən etmədi.

Bu yasaq meyvə nə idi? Bu haqda o qədər çox və fərqli fikir var ki, hamısını sıralasaq uzayıb gedər. Arpa, buğda, düyü, xurma, üzüm və s. Hansı olur-olsun, nəticə dəyişmir. Əsas məsələ bu yasaq meyvəni yeməyin nəticələridir.

Yasaq meyvə, Həzrət Adəmin (ə.s.) hakim ola bilmədiyi şey bəşəri duyğulardır. Bu duyğu sayəsində insan oğlu çoxalacaq və nəslini davam etdirəcəkdi. Eyni duyğu Həzrət Həvva anamıza da aiddir. Allah bilir, bəlkə də,”şəcərə”yə toxunmaq nəslin davamını təmin edən hərəkəti eləmək deməkdir.

Peyğəmbərlər ilahi hüzurla şərəfləndirilmiş seçilmiş insanlardır. Vəhy mələyi hər an onlarla görüşür və onların qəlbi daima vəhyin qəbuluna hazır olur. Hal belə olunca, əlbəttə, onların məruz qaldığı zəllələr belə, günah görünüşündə olur və günah adı ilə tərif edilir. Çünki onların mövqeyi bu müamiləni tələb edir. Ancaq yenə təkrar etmək məcburiyyətindəyik ki, bu günah və cəza bizim və vəlilərin günah və cəza anlayışı ilə dəyərləndirilməməlidir. Bu, tamamilə peyğəmbərlərin xüsusi hallarına aid günah görünüşlü bir zəllədir. Elə isə ona günah demək doğru deyil.

Həzrət Adəm (ə.) haqqında ərz etməyə çalışdığımız ölçü, meyar digər peyğəmbərlərin vəziyyətini başa düşməyə də kömək edəcək. Bəli, anlayacağıq ki, peyğəmbərlərə ismət vəsfi verilmişdir, onlara isnad edilən zəllə və xətalar da bizim anladığımız mənada günah deyil.

Bir misal da Rəsulullahdan verək. Bədir qəzvəsində əsir götürülən məkkəli müşriklərə nə ediləcəyi haqqında verilən hökmdür. Allah Rəsulu öz xarakteri və Qurandan öyrəndiyi əxlaq etibarı ilə Bədir əsirlərinin bağışlanmasının tərəfdarı idi.O, ruhən və mənən daim əfvin tərəfdarıdır. Bununla yanaşı, məsələni müşavirə edir. Əvvəl Həzrət Əbu Bəkrin (r.a.) fikrini soruşur. Onun cavabı belə olur: “Ya Rəsulallah, bunlar sənin qövmün, qəbilən və sənin millətindir. Əslində, sənə və Müsəlmanlara etmədikləri pislik qalmadı. Lakin Sən əfv yolunu tutsan, bunları boyunlarını vurmayıb bağışlasan və azad etsən, onların könlünü fəth edər və bunların hidayətə çatmasına səbəb olarsan. Mən bunların bağışlanılmasının tərəfdarıyam”.

Allah Rəsulu bir də Həzrət Ömərdən (r.a.) soruşur. O isə bu cavabı verir: “Ya Rəsulallah! Hal-hazırda əlimizdəki əsirlər Məkkənin nüfuzlu adamlarıdır. Bunlar öldürülsə, küfr bir daha belini dikəldib qabağımıza çıxa bilməz. Başqa sözlə, bunları öldürmək lazımdır. Hətta hər müsəlmana öz yaxınını ver, qoy onu özü öldürsün. Ver Aqili Əli (r.a.) öldürsün, Əbdürrəhmanı ver, atası Əbu Bəkir (r.a.) öldürsün. Filan qohummu da mənə təslim et, onu da mən öldürüm”.[12]

Onların fikri açıq-aydın ortada idi. Hz Əbu Bəkir əsirlərin buraxılmasına, Hz Ömər isə öldürülməsinə tərəfdar idi. Və Allah Rəsulu əvvəl Həzrət Əbu Bəkrə (r.a.), sonra da Həzrət Ömərə (r.a.) üzünü tutub belə buyurdu:

“Ya Əba Bəkir! Sən babam Həzrət İbrahimə (ə.s) bənzəyirsən. (Belə ki, qövmü ona hər cür pisliyi etmiş, hətta oda atmışdı. Halbuki o əllərini qaldırıb Rəbbinə) belə dua etmişdi:

“Ey Rəbbim! Kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, şübhəsiz ki, Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!”[13]

Sən həm də İsaya (ə.) bənzəyirsən. (Qövmü ona hər cür əza və cəfanı rəva gördü. Halbuki o da belə dua etmişdi): “Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən”[14][15].

Həzrət Əbu Bəkir Allah Rəsulunun ilk tələbəsidir. Düşüncəsi, xasiyyəti Allah Rəsuluna çox bənzəyir. Bu oxşarlıq onların qərarlarında da özünü göstərir.

Allah Rəsulu (s.a.s.) üzünü Həzrət Ömərə (r.a.) tutur, Onu da iki ulül-əzm nəbiyə bənzədir: “Ya Ömər! Sən də Nuh (ə.) kimisən. O, belə demişdi: “Ey Rəbbim! Yer üzündə bircə kafir də qoyma!”[16] Və sən həm də Musaya (ə.) bənzəyirsən. O da belə demişdi “Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sıx ki, üzücü əzabı görməyincə iman gətirməzlər”[17][18].

Nəhayət, Allah Rəsulu belə  qərar verdi. Bu qərar  Hz. Əbu Bəkrin (r.a.) fikri ilə üst-üstə düşürdü. “Bunları öldürməyək. İslamla tanış olsunlar və həqiqi həyata qovuşsunlar”, – deyə qərar verilmişdi.

İndi hadisənin ardını Həzrət Ömərdən (r.a.) dinləyək:

 “Qərar verildi. Mən bir iş dalınca getmişdim. Səhər gələndə bir də nə görsəm, yaxşıdır, Rəsulullah və Əbu Bəkir hıçqıra-hıçqıra ağlayır. Soruşdum: “Nə üçün ağlayırsınız?” Cavab verməyə halları yox idi. Dayanmadan ağlayırdılar. Təkid etdim: “Söyləyin, mən də ağlayım”, – dedim. Və mənə “Ənfal “surəsinin altmış yeddi, altmış səkkiz və  altmış doqquzuncu ayələrini oxudu. Məhz zahirən xəbərdarlığı xatırladan həmin ayələr bununla əlaqədar nazil olmuşdu”[19].

 “Heç bir peyğəmbərə yer üzündə döyüşərkən düşməni tam məğlub etmədən əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaraşmaz. Siz fani dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! Əgər əvvəlcədən (bu barədə) Allahdan bir hökm olmasaydı, aldığınızdan ötrü sizə şiddətli bir əzab üz verərdi. Əldə etdiyiniz qənimətləri halal və təmiz olaraq yeyin. Allahdan qorxun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir![20]

Allah (c.c.) Ona ictihad etmə qabiliyyət və səlahiyyəti vermişdi. O da ictihad etmiş və “gözəl” olanı seçmişdi. Amma Allah (c.c.) o ən gözəl bəndəsinə “gözəl”i yaraşdırmır və sanki: “Sənə yaraşan “ən gözəl”i tapmaq idi”, – deyirdi. Və “ən gözəl”ə deyil, “gözəl”ə meyil etdiyi üçün Onu xəbərdar edirdi. Ortada günah və ya xəta yox idi.

Bəli, məsələni əvvəlcə belə anlamalı, sonra da ayənin ifadə tərzinə diqqət yetirməliyik ki, bu ifadələrdə Allah Rəsulu ilə necə gülərüz, təbəssümlü və yumşaq davranıldığını görə bilək…

 Nəticə etibarı ilə deyə bilərik ki, peyğəmbərlər məsumdurlar. Allah Təala onları hər cür xətadan, yanılmadan, günahdan qorumuşdur. Haqqında hökm olmayan məsələlərdə bəzən ən mükəmməli əldə etməyə bilərlər. Bu onlar üçün zəllə, büdrəmə sayılır. Büdrəmək yerə yıxılıb qalmaq deyil. Daim səcdədə olan insanlar yerə yıxılmazlar. Büdrəmədə yüngülcə səndələmə olsa belə, yerə yıxılmaqdan söhbət gedə bilməz ki, bir günah hesab olunsun. Yıxılma, günahın içərisinə düşmə o müstəsna insanlardan fərsəx-fərsəx uzaqdır. Ayrıca Onlar xətada israr etməz, anlayınca, fərqinə varınca və ya İlahidən bir xəbərdarlıq gəlincə həmən ondan uzaqlaşarlar.

Bundan əlavə yaddan çıxarmamalıyıq ki, şeytan cənnətdən qovulanda günahının bağışlanması üçün tövbə etmədi. Lakin Adəm (ə.s) zəllə işlədiyini anlayanda dərhal Rəbbinə yönələrək bağışlanma dilədi. Burada xəta və ya səhvə iki cür baxış qarşımıza çıxır ki, bunun biri işlənilən xətanı biləndən sonra həmin səhvi təkrar işləmək və nəticədə İlahi rəhmətdən məhrum olmaqdır. Digəri isə, unudaraq xəta işləyəndə dərhal tövbə edib bağışlanma diləməkdir. Hədisdə belə buyurulur: Hər insan xəta edər. Fəqət xəta edənlərin ən xeyirlisi tövbə edənlərdir.”21

[1] DİA, Zəllə maddəsi

[2]Qəsas, 28/15.

[3]Taha, 20/121.

[4]Taha, 20/122.

[5] Aliyyul Qari, Fiqhi Əkbər Şərhi, 163-164, İstanbul, t.y, Hisar yay.

[6]Taha surəsi, 20/121-122.

[7]Əraf surəsi, 7/23.

[8]Taha surəsi, 20/115.

[9]Bəqərə surəsi, 2/35; Əraf surəsi, 7/19.

[10]Tirmizi, Təfsir (7) 3.

[11]Taha surəsi, 20/115.

[12]Müslim, Cihad 58; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/32-33.

[13]İbrahim surəsi, 14/36.

[14]Maidə surəsi, 5/118.

[15]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/383; İbn Əbi Şeybə, Musənnəf, 7/359; Beyhaqi, əs-Sünənül-kübra,6/321.

[16]Nuh surəsi, 71/26.

[17]Yunus surəsi, 10/88.

[18]Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/383; İbn Əbi Şeybə, Musannəf, 7/359; Beyhaqi, əs-Sünənül-kübra, 6/321.

[19]Müslim, Cihad, 58; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/31-33.

[20]Ənfal surəsi, 8/67-69.

21Tirmizi, Qiyamət, 49/2499; İbni Macə, Zöhd, 30

                     Qeyd- Bu məqalə meneviyyat.az saytından götürülmüşdür.

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar