Qədr gecəsi ( fəziləti, vaxtı və əlamətləri)

Bismilləh , əlhəmdulilləh, vassalətu vas sələmu alə rasulilləh, əmmə bəad.
Allah təala İslam ümmətini bütün yönləri ilə digər ümmətlərdən üstün qılmışdır. Rəbb`imiz buyrurur:
Siz insanlar üçün çıxarılmış ən xeyrli ümmətsiniz. (Əli İmran 110)


Rəbb`imizin digər ümmətlər içərisində bizə verdiyi üstünlüklərdən biri də Ramazan ayı və xüsusəndə həmin ayda olan qədr gecəsinin olmasıdır. Çünki, həmin gecədə edilən ibadət min ay; yəni səksən üç ildən artıq bir zamanda edilən ibadət kimidir.

Qədr gecəsi min aydan daha xeyrlidir. (Qədr 3)

Baxmayaraq ki, bizdən öncəki ümmətlərin ömürləri bizdən uzun olmuşdur ancaq Allah təala bizə bu ayı verməklə onlardan daha çox savab əldə etmə şansını bəxş etmişdir. İmam Malikin rəvayət etdiyi bir hədisdə belə deyilir:

“Peyğəmbər salləllahu əleyhi va səlləmə ümmətinin ömrü göstərildi. Allah Rəsulu salləllahu əleyhi va səlləm (ümmətinin ömrünün) öncəki ümmətlərin ömründən qısa olduğunu görüncə ümmətinin onlardan daha az xeyr işləyəcəyindən dolayı bu ömrü az olaraq görmüşdür. Bundan dolayı Allah min aydan daha xeyrli olan Qədr gecəsini bəxş etmişdir.” (Muvatta)

islam Alimləri qədr gecəsinin bu adla adlandırılmasının səbəblərini aşağıdakı şəkildə açıqlamışdır:

“Birinci: Qədr gecəsi “qədir” sözündən götürülmüşdür. Onun da mənası şərəf deməkdir. Necə ki, deyilir filankəsin qədri üstündür yəni şərəf sahibidir.

İkinci: Həmin gecə o ilin qədəri təqdir edilir. Yəni həmin ildə baş verəcək olan hadisələr yazılır. Bu isə Allah təalanın hikmətinin və yaratmağında kamil məharətinin göstəricisidir.

Üçüncü: Bu adla adlandırılmanın növbəti səbəbi isə deyilənə görə həmin gecə ibadətin böyük qədirə malik olmasından dolayıdır. Allah Rəsulu salləllahu əleyhi va səlləm demişdir:

“Kim Qədr gecəsini imanla və savabını Allah`dan umaraq  keçirərsə onun keçmiş günahları bağışlanar.”(Buxari, Muslim)”  

Qədr gecəsinin vaxtı tam dəqiq bilinməsə də Allah Rəsulu salləllahu əleyhi va səlləm bizə ona qovuşmağımız üçün müəyyən istiqamətlər  vermişdir. İlk öncə vaxtını ümumi olaraq son on günün tək günlərində axtarmağı tövsiyyə etmişdir.

Peyğəmbər salləllahu əleyhi va səlləm buyurmuşdur: “Qədr gecəsini Ramazan ayının son on gecəsində axtarın”.(Buxari, Muslim)

Digər bir hədisdə isə deyilir: “Qədr gecəsini Ramazan ayının son on gününün tək gecələrində axtarın” (Muslim).

İbn Ömər radiyallahu anhunun rəvayət etdiyi hədisdə isə Qədr gecəsinin son yeddi gündə olması ehtimalı oduğu bildirilir. O demişdir: “Peyğəmbər salləllahu əleyhi va səlləmin sahəbələrindən bir neçəsi yuxuda qədr gecəsinin Ramazanın son yeddi gecəsində olacağını  gördülər, Peyğəmbər salləllahu əleyhi va səlləmə buyurdu: “Görürəm, son yeddi gecədə olacağına dair gördüyünüz yuxular bir birinə uyğun gəlir, sizdən kim o gecəni axtararsa, onda onu son yeddi  gecədə axtarsın”.

Başqa bir hədisə isə Allah Rəsulu salləllahu əleyhi va səlləm buyurmuşdur: “Qədr gecəsini son on gecədə axtarın, əgər sizdən biriniz zəifləsə ya da gücü çatmasa onda nə badə özünü qalan yeddi gündən məhrum etsin”. (Muslim)

Yuxarıda qeyd olunan hədislərdən gələcəyimiz nəticə odur ki, Alah Rəsulu salləllahu əleyhi va səlləmə ümmətini bu xeyrin ardınca getməyə sövq etmiş və bu işdə tənbəllik etməməyə çağırmışdır. Həmin gecənin gizli qalmasında və onu son on gündə axtarmağımızda olan hikmətdə elə buna dəlalət edir. Nəticə ondan ibarətdir ki, ilk hədisdə də deyildiyi kimi son on gecəni ibadətlə, zikrlə keçirməyimiz ən üstün olanıdır. Onu bacara bilməyən isə son on günün tək gecələrini, onu da bacara bilməyən son yeddi günün tək gecələrini keçirməməlidir. Allah`ın bizə verdiyi bu şansı haqqı ilə dəyərləndirməli səksən üç ildən artıq olan bir ibadət savabından özünü mərhum etməməlidir.

Qədr gecəsinin ümumi olaraq fəziləti aşağıdakı kimidir:

1. Həmin gecədə Allah`ın kitabı olan Quran nazil olmuşdur. Allah təala buyurur: Biz onu (Quranı) qədr gecəsində nazil etdik. (Qədr 1)

2. Həmin gecə mübarək gecədir. Biz onu (Quranı) mübarək bir gecədə nazil etdik. (Duxan 2)

3. Həmin gecə növbəti ilin ruzisi, xoşbəxtliyi və sair baxımdan qədəri təyin olunur. Allah təala buyurur: Hər bir hikmətli iş o (gecədə) ayırd edilir (Duxan 4)

Təbəri ayənin təfsirində  bir qrup tabiindən rəvayət etmişdir ki, həmin gecə Qədr gecəsidir və o zaman növbəti ilin qədəri təyin olunur.

4. Həmin gecə edilən ibadət digər gecələrdən daha üstündür. Qədr gecəsi min aydan daha xeyrlidir. (Qədr 3)

5. Həmin gecə mələklər yer üzərinə nazil olur və rəhmət, məğfirət, yer üzünü əhatə edirO gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. (Qədr 4)

6. Həmin gecə şərdən uzaqdır və o gecə sabaha qədər salamatçılıqdır. Allah təala buyurur:O gecə sübh açılanadək əmin-amanlıq olur.

7. Həmin gecə istəyənlər üçün günahların bağışlanması gecəsidir. Allah Rəsulu salləllahu əleyhi va səlləm buyurmuşdur: “Kim Qədr gecəsini imanla və savabını Allah`dan umaraq  keçirərsə onun keçmiş günahları bağışlanar.” (Buxari, Muslim) “

Qədr gecəsini bildirən əlamətlər  baradə İslam alimləri onların aşağıdakılar olduğunu demişdir:

1.İşıqlı gecə (və ya bu gecədəki nur). Günümüzdə yaşayış ərazilərindəki işıqlandırma sistemləri səbəbi ilə bu əlamət yalnız insanların az yaşadığı səhra və düzənlik ərazilərdə daha aydın müşahidə oluna bilər.

2.Sükunət – (Mənəvi rahatlıq). Bu o deməkdir ki, möminlərin qəlbində digər gecələrdə olmayan, izahı çətin olan bir sakitlik, sevinc hökm sürəcəkdir.

3.Bəzi alimlər bu gecə hava şəraitinin xəfif, mülayim olduğunu söyləyirlər.

4.Səhabələrə göstərdiyi kimi Allah təala dilədiyi insanlara yuxuda məhz həmin gecənin Qədr gecəsi olduğunu göstərəcəkdir.

5.İnsanlar həmin gecədəki ibadətlərindən digər gecələrdən daha çox ləzzət alacaq, onları yerinə yetirməkdə özlərini daha aktiv hiss edəcəklər.

6.Gecə sona yetdikdə günəş çox parlaq olmadan, şəfəqsiz doğulacaqdır.

Həmin gecə itlərin hürməyəcəyinə ya da az hürəcəyinə gəldikdə isə bu barədə səhih heç bir şey varid olmamışdır.

Rəbb`im bizə bu gecənin fəzilətini haqqı ilə dərk edənlərdən və onu əldə edənlərdən etsin. Amin!

Qeyd: Saytdakı paylaşımlardan istifadə edərkən mənbə olaraq Suffa.net göstərməyi unutmayın.

 

Bu mövzuda fikirlərinizi bizimlə bölüşün




Sosial Şəbəkə Səhifələrimiz


Hər gün bir yeni video paylaşdığımız Youtube kanalımıza abunə olmağı unutmayın..

Bundan əlavə bizi İnstagram, Facebook, Whatsapp və digər şəbəkələrdən də izləyə bilərsiz.

Rastgələ Paylaşımlar